Mitinqlər ərəfəsi həbslər: "siyasi motiv axtarmaq lazım deyil"

mitinq Fotonun müəllifi Revan Seyfulla

Azərbaycanda bir sıra fəallar həftəsonu referenduma etiraz mitinqləri ərəfəsində sutkalıq saxlanıldıqlarını bildirirlər.

BBC Azərbaycancaya danışan fəallardan bəziləri deyiblər ki, onlara yaşadıqları polis şöbəsindən zəng edilərək idarəyə dəvət olunublar.

Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya söhbət edilmiş və ya saxlanılmış şəxslərlə bağlı bildirib ki, belə hallar "siyasi motiv" daşımır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının idarə heyətinin üzvü Gözəl Bayramlı bildirib ki, mitinq ərəfəsi rayonlardan və paytaxtdan olmaqla partiyanın 80-dən çox üzvü və təşkilatçısı saxlanılıb və ya bəziləri ilə söhbət edildikdən sonra sərbəst buraxılıb.

Sentyabrın 17-də Milli Şura Konstitusiya dəyişikliklərilə bağlı referenduma etiraz olaraq sayca ikinci mitinq keçirib.

"Mitinqə getmək lazım deyil"

N!DA Vətəndaş Hərəkatının koordinatoru Məsud Əsgər BBC Azərbaycancaya danışıb ki, 15 sentyabrda sahə müvəkkilli onu yaşadığı Nərimanov rayon ərazisindəki polis şöbəsinə dəvət edib.

"Hətta onlara dedim ki, toya gedəcəyəm. O şərtlə saat 9-da buraxdılar ki, səhər yenidən şöbəyə gəlim."

"6-7 nəfər məni dindirirdi, deyirdilər ki, zarafat edirlər, sonra deyirdilər ki, mitinqə getmək lazım deyil, təşkilatçıları təhqir edirdilər, deyirdilər onlar ölkəni dağıdırlar."

Fəalın sözlərinə görə, o, mitinqin razılaşdırılmış olduğunu da xatırladıb.

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məcid Mərcanlı cümə axşamı günü, toyundan bir gün əvvəl həbs təhlükəsi ilə üzləşib:

"Dostlarla oturmuşduq, evdən zəng etdilər ki, polislər hərbi xidmət adıyla səni axtarırlar. Artıq həmin ərəfədə dostlarımızın saxlandığı barədə məlumatlar alanda, nə üçün axtarıldığımı anladım", Meydan TV-ə danışan fəal deyib.

"Sonra sahə müvəkkili zəng etdi ki, gəl, səni çox saxlamayacağıq, cavab verdim ki, sabah toyumdur, vaxtım yoxdur. Toydan sonra ünvanımı və telefonumun nömrəsini bilirsiniz, nə vaxt istəsəniz, gələ bilərəm. Ardınca Yasamal Rayon Polis İdarəsindən bir nəfər zəng edib dedi ki, tez gəl, elə etmə ki, səni sabah toydan aparaq. Dedim ki, əgər istəyirsiniz, sabah gəlin aparın, amma bu gün gəlməyəcəm".

"Bundan sonra üçüncü zəng gəldi, bu dəfə bir az mülayim danışdı, gəlməyimi istədi, rəisin görüşmək istədiyini, yuxarıdan tapşırıq olduğunu və 1-2 saatlıq söhbət olacağını dedi. Mən özümü riskə atmadım, çünki buraxıb-buraxmayacaqlarını bilmirdim, ona görə getmədim".

"Profilaktik söhbətlər"

Məcid Mərcanlı Meydan TV-ə söyləyib ki, şadlıq evinin ətrafında və yaşadıqları binanın qarşısında da polis olduğu üçün toyunu tez tərk etməli olub.

DİN sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya bildirib ki, "bütün dünyada ümumi qəbul edilmiş qaydadır ki, polis gündə ictimai təhlükə yaradan, ictimai asayişə öz hərəkətləri ilə xələl gətirən onlarla şəxslə müəyyən profilaktik söhbətlər edir, lazım gələrsə inzibati sutka verir."

Bu baxımdan cənab Zahidov bu kimi saxlanılmalarda şəxslərin hansı partiya üzvü olmasının "heç bir fərqi olmadığını" deyir.

"Heç bir siyasi motiv axtarmaq lazım deyil", cənab Zahidov əlavə edir.

Azərbaycanda 26 sentyabrda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək.

Həmçini oxu:

Bu barədə daha geniş