Britaniya mətbuatı: “Rusiya 48 saat ərzində Avropaya qoşun çıxara bilər”

British press

"The Times" yazır ki, NATO-nun keçmiş rəhbəri avropalılara vahimə doğuran xəbərdarlıq edib.

General Richard Barrons qəzetə müsahibəsində deyib ki, Avropa müdaxilədən qorunmaq üçün məxsusi plana malik olmasa, Rusiyanın tamamilə real hücumuna məruz qala bilər.

General bildirib ki, Rusiya istəsə, özünün döyüş təyyarələrini, gəmilərini və qoşunlarını 48 saat ərzində Avropa torpağına çıxara bilər.

Onun sözlərinə görə hazırkı vəziyyəti ilə NATO bunun qarşısında hər hansı əks-həmləyə yalnız bir neçə aydan sonra qabil ola bilər.

Birləşmiş Qüvvələr Komandanlığının keçmiş rəisi xəbərdarlıq edib ki, Fransa, Almaniya və İtaliya kimi ölkələrin Rusiya təcavüzünə barmaqarası baxması quru, dəniz və hava məkanının itirilməsi ilə nəticələnə bilər.

General bunu da əlavə edib ki, Avropanın mərkəzində və cənubunda yerləşən ölkələr Vladimir Putinin ölkəsi ilə bilavasitə qonşu olan ölkələrin narahatlıqlarını lazımınca qiymətləndirmirlər.

"Hazırda Avropa İttifaqı ölkələrinin başı terror təhlükəsinə və miqrant axının qarşısını almağa qarışıb" - deyib general.

"The Times" yazır ki, məhz belə bir vaxtda Moskva NATO ilə rəqabətə qabil təkmil hərbi texnikanın yaradılmasına investisiyalar yatırır.

"Əgər bütünlükdə NATO-nun döyüş qabiliyyətinə baxılarsa, bu qüvvə Rusiyadan güclüdür. Lakin bu qüvvə əsas etibarilə yarıyuxulu vəziyyətdədir" - deyib general Richard Barrons.

Onun fikrincə bundan istifadə edən Rusiya Qərbə hücum etmək qərarı qəbul etsə, NATO böyük təzyiqlə üzləşəcək, çünki Rusiyanı dəf etmək üçün konkret döyüş planları yoxdur.

Lord Barrons "The Times" qəzetinə deyib ki, Avropanın şimalı, cənubu və mərkəzi arasında belə bir müdafiəyə dair konsensus mövcud deyil.

Məqalədə deyilir ki, Rusiyanlın Krımı ilhaq etməsi və Ukraynada hərbi təcavüzü beynəlxalq miqyasda güclü tənqid olunsa da, NATO Rusiyanın Avropaya mümkün müdaxiləsi üçün hərəkət planı hazırlamayıb.

General deyib ki, Baltik ölkələrinin hər birində 1000 nəfərlik əsgəri güc yerləşdirilsə də, onların Moskvanın mümkün zərbəsinə reaksiyası üzərində düşünülməyib.

Fotonun müəllifi Getty Images
Image caption Baltik ölkələrdə NATO ölkələrinin hərbçiləri yerləşdirilib.

Lord Barrons mövcud planların yalnız vitrin olduğunu və real qüvvəni əks etdirmədiyini deyib.

Bank hesablarınızı fırıldaqdan qoruyun

"The Guardian" yazır ki, Britaniyanın bank ödənişləri sənayesində fırıldaqların sayı bir il ərzində 53 faiz artıb.

Bu isə o deməkdir ki, indi daha çox sayda insan dələduzların getdikcə təkmilləşən texnikasının toruna düşərək şəxsi bank rekvizitlərini könüllü şəkildə açır və oğurluq qurbanına çevrilir.

Son məlumatlara görə Britaniyada bu il yanvarın 1-dən iyunun 30-dək internet, telefon bank xidməti, kredit və debit kartlarla bağlı 1 milyondan çox maliyyə dələduzluğu hadisəsi qeydə alınıb.

2015-ci ilin müvafiq dövründə bu rəqəm 660 min idi.

Bu isə o deməkdir ki, indi hər 15 dəqiqə ərzində kimsə dələduzların toruna düşür.

İş o yerə çatıb ki, Britaniyanın maliyyə təsisatları və böyük bankları özlərini və müştərilərini fırıldaqdan qorumaq məqsədilə Take Five adlı kampaniyaya başlayıblar.

Bu kampaniyanın əsas məqsədi müştəriləri, özlərini bank işçiləri və ya başqa məsul şəxlər kimi qələmə verənlərin elektron məktublarından qorumaqdır.

Fırıldaqçıların yazdıqları elektron məktublar bank müştərilərini aldadaraq onların öz bank məlumatlarını açmağa sövq edir.

Dələduzlar bir çox hallarda vergi oqranlarının adından göndərdikləri e-maillərdə müştərilərdən onların bank məlumatlarını istəyirlər.

Bu məqsədlə fırıldaqçılar müştərilərin elektron poçtlarına haker müdaxiləsi edirlər.

"The Guardian" yazır ki, bu yaxınlarda ər-arvad Sarah və David Fisher onlara evlərini təmir edən şirkətin adından göndərilmiş e-mail-ə uyğun olaraq fırıldaqçılara öz əlləri ilə 25 min funt sterlinq keçiriblər.

Məqalədə deyilir ki, fırıldaqçılar hətta müəyəyn bankların adından Twitter hesabları açmaqdan da çəkinmirlər.

Bu hesablardan göndərilən postlarda bank müştərilərindən hesab məlumatlarının verilməsi rica edilir.

Fotonun müəllifi PA
Image caption Dələduzlar bir çox hallarda vergi oqranlarının adından göndərdikləri e-maillərdə müştərilərdən onların bank məlumatlarını istəyirlər.

"The Guardian" yazır ki, Britaniyada banklar müştərilərini belə fırıldaqlardan qorumaq üçün ən mükəmməl vasitələri tətbiq edirlər.

Təkcə ötən il banklar müştərilərdən oğurlanan hər 10 funt sterlinqin 7 funtunu qoruya biliblər.

Bununla belə, bankların təhlükəsizliyi təkmilləşdikcə fırıldaqçıların nəzərləri zəif həlqəyə - yəni müştərilərə yönəlir.

Britaniya və bir çox Avropa bankları müştərilərin hesablarından onların xəbəri olmadan oğurlanmış pulları ödələsələr də, müştərilərin aldanaraq öz əlləri ilə fırıldaqçılara köçürdükləri vəsaitləri ödəməkdən imtina edirlər.

Yeni kampaniya müştərilərə tövsiyə edir ki, aldıqları email və ya telefon zənglərinə uyğun olaraq pullarını köçürməzdən əvvəl "dayansınlar və düşünsünlər".

Burası da var ki, bir çox hallarda müştərilərin hesablarındakı pullar onların xəbəri olmadan hakerçiliklə oğurlanır.

Britaniyada təkcə ötən il hər 10 bank müştərisindən 1-i belə oğurluğun qurbanı olub.

Maliyyə təsisatlarının məlumatına görə bu üsulla həyata keçirilən oğurluqların 62 faizi uğurlu olur.

Bu kimi halların ucbatından son 12 ayda Britaniyada 4, 5 milyon kredit kartı ləğv olunub.

Onlardan üst-üstə 2. 1 milyard funt sterlinq oğurlanıb.

"The Guardian" Take Five kampaniyasının əsas tövsiyələrini bir daha xatırladıb:

1. Bank məlumatlarınızı email və telefon vasitəsilə heç kimə açmayın

2. Email, text və ya telefon zənginin qondarma olmadığına dərhal inanmayın.

3. Pul köçürməyə tələsməyin

4. İnstinktlərinzə qulaq asın

5. Bank hesablarınıza müntəzəm nəzarət edin

Pişik balalarını tumarlamağın ölümcül təhlükəsi

"The Daily Mail" qəzeti yazır ki, ABŞ Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin apardığı geniş araşdırma "pişik cırmağı qızdırması" kimi tanınan xəstəliyin fəsadlarının əvvəllər düşünüldüyündən daha ciddi olduğunu göstərib.

Mərkəz insanlara pişiklərə toxunduqdan sonra əllərini diqqətlə yumağı, pişik sahiblərinə isə birələrə nəzarətə ciddi diqqət yetirməyi tövsiyə edib.

Doktor Christina Nelson deyib ki, pişik cırmaqları vasitəsi ilə qorxulu bakteriyalara yoluxma mümkündür.

Onun fikrincə xəstəliklərdən müalicə olunmaqdansa, onların qarşısının alınması daha sadə və daha salamat yoldur.

Qızdırma törədən və kəskin hallarda ölümlə nətcilənən bu xəstəliyə pişik balalarını öpüb-oxşamaq və ya onlara toxunduqdan sonra əlləri yumamaq nəticəsində yoluxmaq mümkündür.

Həkimlər xəbərdarlıq edirlər ki, xüsusilə də pişik balaları ən qorxulu xəstəlik bakteriyalarının daşıyıcısı olurlar.

Pişik balaları bu bakteriyaları ağızlarında və caynaqlarında gəzdirdiklərindən onları insanın əlini yalamaq və cırmaqlamaqla ötürürlər.

Capnocytophaga canimorsus adlanan bu nadir bakteriya pişiklərin əhvalına təsir etməsə də, insanlarda xronik infeksiyalara səbəb olur.

Mərkəzin yenicə açıqladığı hesabatda deyilir ki, hər il 12 min amerikalı "pişik cırmağı xəstəliyinə" yoluxur.

Xəstəlik qızdırma, halsızlıq, baş ağrıları və limfa düyünlərinin şişməsinə səbəb olur.

Ən kəskin formalarında xəstəlik beyin və ürək iltihabları ilə nəticələnə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş