Mətbuat icmalı: Azərbaycan yenə "qeyri-azad ölkə elan olundu"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycan yenə qeyri-azad ölkə elan olundu

"Freedom House" təşkilatı Azərbaycanın siyasi haqlar üzrə reytinqini aşağı salıb. Buna səbəb hökumətin tənqidçi və müxaliflərə qarşı repressiv fəaliyyət aparması və onların ədalətli məhkəmə hüququndan məhrum edilməsidir.

Hesabatda göstərilir ki, 2015-ci ilin parlament seçkiləri hökumətin müxalif səslərə qarşı gücləndirilmiş kampaniyası şəraitində keçib. Əsas müxalifət partiyaları seçkiləri boykot edib.

"Rəsmi nəticələrə görə parlamentdə YAP 71, hakim partiyanı dəstəkləyən müstəqil namizədlər 41 yer qazandı. Qalan 12 yer isə hökumətyönlü partiyalar arasından bölüşdürüldü. Bir neçə beynəlxalq seçki müşahidəsi qrupları monitorinq üçün nümayəndə heyəti göndərməkdən imtina etdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi öz missiyasından imtina edərək bildirdi ki, hökumət tərəfindən müşahidəçilərin sayına qoyulan məhdudiyyətlər seçki müşahidəsinin effektivliyini imkansız edir. ATƏT-in Parlament Assambleyası da bu məhdudiyyəti əsas gətirərək, öz missiyasından imtina etdi. Avropa Parlamenti də ölkədə baş tutan geniş miqyaslı insan haqları pozuntularını əsas götürərək, ölkəyə monitorinq qrupu göndərmədi..." Azərbaycanda siyasi mühit rəqabətli və pluralistik deyil.

Hökumət müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti aktivistlərinin sərbəst hərəkət azadlığını, xüsusilə də xaricə səyahət imkanını, məhdudlaşdırıb. Fotojurnalist və bloqqer Mehman Hüseynov ona qarşı siyasi motivli cinayət işi açıldığı üçün səyahət qadağası ilə üzləşib. 2015-ci ilin iyul ayında Meydan TV-nin 4 əməkdaşının ölkədən çıxışına məhdudiyyət qoyulub və məlumat verilib ki, onlar hökumətin qara siyahısındadırlar. Həmçinin iyul ayında Avropa İnsan Haqları Məhkəməsinin qərarında qeyd edilib ki, Azərbaycan hökumətinin AXCP sədri Əli Kərimliyə pasport verilməsindən imtina etməsi onun hərəkət azadlığının əlindən alınmasıdır," hesabatda deyilir.

"Xalq qəzeti": Azərbaycan Qoşulmama Hərəkatının 18-ci Sammitinə ev sahibliyi edəcək

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sentyabrın 13-18-də Venesuelanın Marqarita adasında keçirilmiş 17-ci Sammitinin yekun sənədi qəbul olunub.

"Yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının bu il aprelin 26-27-də Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir," xəbərdə deyilir.

2019-2022-ci illərdə ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək.

"Yeni Müsavat": BMT nümayəndəsi siyasi məhbuslarla görüşüb

"Azərbaycanda səfərdə olan BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Mişel Forst cəzaçəkmə müəssisələrində siyasi məhbuslarla görüşməkdədir", - "Yeni Müsavat" qəzeti yazır.

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, Mişel Forst siyasi məhbuslarla görüşlərinin səbəbləri barədə mətbuata açıqlama verəcək.

BMT nümayəndəsinin görüşdüyü siyasi məhbuslardan biri - 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL sədri İlqar Məmmədovdur. Görüşdən sonra İ. Məmmədov ailəsi ilə əlaqə saxlayıb.

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova bildirib ki, BMT nümayəndəsi həbsxanada İ.Məmmədovu ziyarət edərkən əsas müzakirə mövzusu insan haqları olub: "İlqar görüşdən razı qaldığını və yüksək səviyyədə müzakirələr apardıqlarını, ətraflı söhbət etdiklərini bildirdi. İlqarın hələ də Ali Məhkəməsindən xəbər yoxdur. Qanunsuz olaraq məhkəmə müddəti uzadılır. Çox güman ki, İlqar bununla bağlı da BMT nümayəndəsi ilə söhbət edib. Özünün vəziyyəti hər zamankı kimi yaxşıdır".

Mişel Forst Müsavat başqanının müavini Fərəc Kərimli və AXCP sədrinin müavini, jurnalist Seymur Həzi ilə də görüşüb.

Fins.az: SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir ki, bu gün Gürcüstanın qaz təchizatının və neft məhsulları bazarının da böyük qismini SOCAR təmin edir.

Şirkət prezidenti daha sonra qeyd edir ki, "SOCAR Energy Georgia" MMC Gürcüstanın ən böyük vergi ödəyicisidir və hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-inə nəzarət edir:

Image caption Rövnəq Abdullayev qeyd edir ki, "SOCAR Energy Georgia" MMC Gürcüstanın ən böyük vergi ödəyicisidir

"2009-2015-ci illər ərzində SOCAR-ın Gürcüstan bazarında qaz satışının həcmi təqribən 7 dəfə artıb, törəmə şirkətimiz tərəfindən ölkədə 5360 kilometr uzunluğunda qaz xətləri çəkilib, 209136 abonent qazlaşdırılıb. Qonşu ölkədə SOCAR brendi altında 116 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu isə Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının təxminən 25%-i deməkdir".

"Yeni Müsavat": Bu gündən SOCAR istiqrazları satışa çıxarılır

"APA-Economics" xəbər verir ki, bu gündən etibarən ABŞ dolları ilə illik 5% gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılır.

Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır.

"Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri sırasında ilk layihə olaraq istiqrazların buraxılışı tək mərhələdə və 100 mln. ABŞ dolları həcmində olacaq. İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək," məlumatda deyilir. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, başqa sözlə, investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nəğd pula çevirə biləcəklər. Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkün olacaq.

"Azadlıq": "The Financial Times": Azərbaycanı kim itirdi

"The Financial Times"ın Azərbaycan haqda məqaləsinin başlığı belədir.

Müəlliflər Anna Dedhar və Nick Butlerin fikrincə, Azərbaycanın əsas problemi korrupsiya və avtoritar rejimdir. Məqalədə ölkəni başına almış korrupsiyanın iqtisadi nəticələri darmadağın etdiyi, digər tərəfdən, fəalların həbslərinin adi hala çevrildiyi, söz azadlığının məhdudlaşdırılması, üstəlik, konstitusiyaya gözlənən dəyişikliklərin "Azərbaycanı onsuz da ailə mülkü kimi idarə edən" prezident İlham Əliyevin səlahiyyətlərini daha da artıracağı vurğulanır.

Müəlliflər vəziyyətin bu hala qədər gəlməsində Amerika laqeydliyini günahlandırırlar. Məqalədə deyilir ki, "90-cı illərdə Xəzər dəhlizi ideyasını irəli sürən Birləşmiş Ştatların məqsədi regionu Rusiyadan qorumaq, yeni ticarət zonaları yaratmaq idi. Ancaq İraq və Əfqanıstandakı müharibələrdən yorulan və Avropa Birliyindən dayağın olmaması bu ambisiyaların üstündən xətt çəkdi. Nəticədə avtoritar idarəetmədən başqa təcrübəsi olmayan Azərbaycan kimi ölkələr diqqətdən kənar qaldılar."

Məqalədə daha sonra deyilir: "Cənab Əliyevi tərpətməyin yeganə yolu Birləşmiş Ştatların göstərə biləcəyi təzyiqdir. Vaşinqton jurnalistlərin həbsi, insan haqlarının tapdanması, saxta məhkəmələr barədə tənqidləri çoxaltmaqdadır. Amma bu tənqidlər hələ ki, gözardı olunur.

...Ən effektli müdaxilə Vaşinqton, ya da Brüsselin, yaxud hər ikisinin Orta Asiyanın strateji əhəmiyyətli zona olduğunu vurğulayan bəyanatlar ola bilər. Bu bəyanatlarla bir arada korrupsiya və insan haqları pozuntularına qarşı bir-bir, hərtərəfli mübarizə aparmaq lazımdır. Hüququn aliliyi bərpa olunmalıdır".

Əlaqəli mövzular