Müxalifətin 24 sentyabr mitinqi niyə olmadı?

Milli Şuranın 17 sentyabr mitinqi Fotonun müəllifi Revan Seyfulla
Image caption Milli Şura 24 sentyabr tarixində mitiqin keçirilməsi ilə bağlı siyasi qərar verməyib, AXCP sədri Əli Kərimli deyir

Milli Şura sentyabr ayının 4, 11, 17 və 24 tarixlərində mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, lakin Milli Şurada siyasi qərar verilmədiyindən onlardan yalnız ikisi keçirilib, AXCP sədri Əli Kərimli BBC Azərbaycancaya müsahibəsində deyib.

"Biz onları avqust ayından göndərmişik ki, sonradan qərar verək hansı gündə edək, hansında etməyək. Biz o tarixlərə görə müraciət etməklə heç nə itirmirik ki", deyə partiya sədri qurumun onları müraciəti gec göndərməkdə ittiham etməmələri üçün məktubu əvvəlcədən göndərdiklərini deyir.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, sosial şəbəkədə 24 sentyabr tarixində Milli Şuranın mitinq keçirməsi haqqında İcra hakimiyyəti tərəfindən müraciətin təsdiq olunmuş forması çap olunduğundan partiya "həmin günə mitinq təyin etməyib".

Sentyabrın 18-də Müsavat Partiyası keçirdiyi mitinqdə başqan Arif Hacılı partiya yoldaşlarına birgə mitinq çağırışı edərək Milli Şuranın 24 sentyabr mitinqində iştiraka çağırmışdı.

Senytabrın 11-i keçirilən mitinqdən əlavə Milli Şura referendumla bağlı təşviqatın bitməsinə qədər daha 2 mitinq keçirəcək, AXCP sədr müavini Gözəl Bayramlı sentyabrın 9-u BBC Azərbaycancaya verdiyi müsahibəsində deyib.

"Kim deyib mitinq olacaq?"

Cənab Kərimli deyir ki, əgər 24 sentyabr mitinq "qərarımız olsaydı bunu 17 sentyabrda keçirdiyimiz çoxminlik mitinqdə elan edərdik".

"Biz təzyiqlərə görə mitinq ləğv edən olsaydıq, 17 sentyabr mitinqini ləğv edərdik. 17 sentyabr mitinqi ərəfəsi 86 nəfər cəbhəçi həbsdə idi. İndi yalnız 18 nəfər inzibati qaydada həbs olunub, onun da 4 nəfəri AXCP üzvü olmayan müstəqil vətəndaşlardır", Əli Kərimli deyir.

Bazar ertəsi günü DİN sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya bildirib ki, "bütün dünyada ümumi qəbul edilmiş qaydadır ki, polis gündə ictimai təhlükə yaradan, ictimai asayişə öz hərəkətləri ilə xələl gətirən onlarla şəxslə müəyyən profilaktik söhbətlər edir, lazım gələrsə inzibati sutka verir."

"Mən və ya Milli Şuradan məsul şəxslərdən kimsə deyib ki, mitinq olacaq? Niyə bunu başqası üzərinə vəzifə götürür bizim əvəzimizdən elan etməyi ki, 24-də bizim mitinqimiz var?"

Müsavat partiyasının başqanı Arif Hacılı referenduma iki gün qalmış ümumi mitinqin keçirilməsi "imkanının itirilməsinə təəssüf edir.

"Ümumi mitinqin keçirilməsi aksiyalar seriyasının yaxşı bir yekunu olardı. Ancaq bunu faciə hesab etmirəm. Azəbaycanda azadlıq və demokratiya uğrunda mübarizə referendumla yekunlaşmır, bu proses bundan sonra davam edəcək", cənab Hacılı deyir.

"İndi partiya referenduma qədər hər hansı kütləvi tədbir planlaşdırmır".

Planlar

AXCP sədri Əli Kərimli deyir ki, 17 sentyabr mitinqi "əyani sübut" etdi ki, hökumətlə hər hansı "rəqabət, müzakirə və debat aparmaq imkanı, hətta sərbəst toplaşma azadlığı da yoxdur".

Prezident İlham Əliyev və hakim partiya nümayəndələri dəfələrlə Azərbaycanda "bütün azadlıqların" qorunduğunu vurğulayıb.

Fotonun müəllifi Revan Seyfulla
Image caption 24 sentyabr mitinq qərarımız olsaydı bunu 17 sentyabrda keçirdiyimiz "çoxminlik mitinqdə" elan edərdik, Əli Kərimli deyir

"Referendum öncəsi İlham Əliyev tərəfdarları kütləvi aksiya keçirib, nə qədər absurd olsa da, tələb etmədilər ki, bütün səlahiyyətlərimiz hakim ailəyə verilsin. Belə bir xalq tələbi olmadı ortalıqda. Amma "Monarxiyaya yox!" tələbini böyük bir izdiham səsləndirdi", cənab Kərimli qeyd edir.

Referendumla bağlı gələcək planlara gəlincə, razılaşdırılmış mitinqdən əvvəl "86 nəfər partiya funksionerinin həbs olunması" və "100-lərlə adamın saxlanmasını" xatırladan partiya sədri "Azərbaycan cəmiyyətinin təəssüf ki, bu gün gücü bu qədərinə çatır" deyir.

Müsavat partiyasının başqanı Arif Hacılı hakimiyyətin "ilk dəfə olaraq partiya müşahidəçilərinin qeydə alınması məsələsində ciddi əngəllər" yaratmasına diqqət çəkir və partiya fəallarının təqdim etdiyi 250-dək müşahidə sənədlərinin heç birinin Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul olunmadığını deyir.

"İndi biz müşahidəçilərimizi dairə və məntəqə seçki komissiyalarında qeydiyyata almağa çalışırıq. Müşahidəni qismən də olsa təşkil etməyə çalışırıq ki, referendumun mahiyyəti və həmin gün yol verilən qanun pozuntusu və saxtakarlıq haqqında məlumat toplayaq", cənab Hacılı növbəti gün referenduma qiymət verən ilkin rəyi ictimailəşdirmək niyyətində olduqlarını açıqlayır.

Konstitusiyaya ediləcək dəyişiliklərlə bağlı keçiriləcək referenduma etiraz olaraq Müsavat partiyası bir, Milli Şura isə iki dəfə mitinq keçirib.

Milli Şuranın sentyabrın 17-də keçirdiyi sonuncu mitinq bitəndən sonra polislə iştirakçılar arasında qarşıdurma yaranıb və "10-dan çox adam saxlanılıb".

Bu barədə daha geniş