Aİ nümayəndəsi İlham Əliyevin sözlərindən "təəccüblənməyib"

Fotonun müəllifi Getty Images

Çərşənbə günü Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətilə görüşdə bu qurumun istifadə etdiyi bəzi məlumatları "yalan" adlandırıb.

Azərbaycan prezidenti Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamənin "münasibətlərimizdə ciddi geriləmə" yaratdığını qeyd edib.

"Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik", o deyib.

"Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim".

Prezident əlavə edib: "Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar".

Avropa İttifaqı nümayəndələri nə deyir?

Görüşdə iştirak edən britaniyalı millət vəkili Sajjad Karim BBC Azərbaycancaya bildirib ki, cənab Əliyev Avropa İttifaqı nümayəndə heyətilə "açıq və konstruktiv dialoq" aparıb. O, prezidentin məsələyə bu cür yanaşmasından təəccüblənmədiyini bildirib.

Fotonun müəllifi AzerTag

"Təəccübləndimmi? Xeyr. Onun narazılığı hamıya aydın idi. Amma bizim konstruktiv lakin aydın yanaşmamıza görə o, [bizə] cavab verib və buna görə də irəliləyişlər əldə olunub.

"Hər iki tərəf səmərəli şəkildə onları narahat edən məsələləri qaldırıb və müzakirə edib. Mən şadam ki, bu gün yekun mətn qəbul olunub hansı ki, yenidən birlikdə işləmək üçün yolu açacaq".

Emin Milli məsələsi

"Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir".

Emin Milli bununla bağlı BBC Azərbaycancaya danışarkən hökunəti yalan danışmaqda günahlandırıb.

"Azərbaycan hökuməti o qədər yalan danışıb ki, ona görə də indi nə Azərbaycanda, nə də dünyada onların dediklərinə heç kim inanmır. Bu kontekstdə prezidentin mənə qarşı hədələrlə bağlı dedikləri əlbəttə ki, yalandır.

O, Aİ nümayəndələrinin cənab Əliyevi dinləməsinə təəssüfləndiyini deyib: "Məni təəccübləndirən Aİ nümayəndələrinin Əliyevin şərhlərini bu şəkildə dinləməsi idi. Onların nə cavab verdiklərini görmədim, amma təəssüf ki, Aİ nümayəndələri oturub bu yalanlara bu şəkildə qulaq asmalı olurlar.

"İlham Əliyev həm məni yalan danışmaqda, həm də aparıcı dünya media qurumlarını bu yalanı tirajlamaqda günahlandırır. Ona görə də bu iddialar gülməlidir.

"Mən hesab edirəm ki, həm mənim həyatım təhlükədədir, həm də Azərbaycanda istənilən azad jurnalistin azadlığı və həyatı təhülkədədir".

Mənə qarşı hədələr gələndən sonra mənim qohumlarım həbs olundu. Bizim redaktorlardan biri olan Günel Mövludun iki qardaşı həbs olundu. İndi onlar azad olunublar, buna görə sevinirəm.

Emin Milli deyir ki, Azərbaycan hökuməti və prezidentindən "müasir və sivil siyasətçilər kimi" davranış gözləyir.

Emin Hüseynov məsələsi

"Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib". Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır.

Emin Hüseynovdan məsələ ilə bağlı reaksiya almaq hələ ki, mümkün olmayıb.

Aleksis Şahtaxtinski məsələsi

"Mənimlə foto çəkdirmək cinayətdirsə..." - İlham Əliyev.

Prezident Əliyev həmçinin ATƏT-in Azərbaycandakı ofisinin bağlanılmasını şərh edərkən deyib ki, bunun arxasında duran səbəb də izah olunmalıdır.

Fotonun müəllifi OSCE
Image caption Aleksis Şahtaxtinskinin ATƏT-də müqaviləsi uzadılmayıb

İlham Əliyevin sözlərinə görə, ofisin bağlanması Azərbaycan əsilli fransız diplomat Aleksis Şahtaxtinskinin ATƏT-dəki vəzifədən çıxarılmasına görə baş verib. "Səbəb isə onun mənimlə foto çəkməsi olub".

"Şahtaxtinski vəzifəyə qaytarın, ədaləti bərpa edin, onun karyerasını bərpa edin, onda Bakıdakı ofisi yenidən açarıq", deyib Prezident Əliyev.

Buna cavab olaraq ATƏT mətbuat xidməti BBC Azərbaycanca deyib ki, dövlət başçılarının bəyanatlarını şərh edə bilməsələr də qurum "ATƏT-lə Azərbaycan arasında əməkdaşlığı gücləndirməyin yollarını axtarmağa" davam edəcək.

Buna baxmayaraq yerli ofis açmaq barədə qərar və "bununla bağlı bütün addımlar, o cümlədən missiyanın büdcəsi, [ofisin yerləşdiyi] ölkədən başqa bütün üzv Dövlətlər tərəfindən də dəstəklənməlidir".

ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin vəzifədən getməsi "onun müqaviləsinin uzadılmamasına görədir", ATƏT sözçüsü bundan əvvəl BBC Azərbaycancaya deyib.

Ötən il ATƏT cənab Şaxtaxtinskinin İlham Əliyevlə şəkil çəkdirməsinin "müqavilə müddətinin uzadılmaması qərarına təsir etməsini" təkzib etməsə də, bu məlumatı şərh edə bilməyəcəyini deyib.

Əlaqəli mövzular