Mətbuat icmalı: Prezident Emin Milli və Emin Hüseynovdan danışıb

Azərbaycan qəzetləri Fotonun müəllifi Getty Images

"Azadlıq": İlham Əliyev Emin Milli və Emin Hüseynovdan danışıb

Dünən, sentyabrın 20-sində İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.

O, Rasim Əliyevin ölümünə, ATƏT-in Bakı ofisinin bağlanmasına da münasibət bildirib.

"Təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu.

"Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik.

"Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. ...Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar," cənab Əliyev bildirib.

Daha sonra qəzet İlham Əliyevin Meydan TV direktoru Emin Milli və hüquq müdafiəçisi Emin Hüseynov barədə şərhini dərc edib.

"Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar.

"Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib.

"Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir," qəzet prezidentə istinadən yazır.

"Azərbaycan": Milli Məclisdə -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Sentyabrın 20-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib.

Nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Mühafizəkarlar və İslahatçılar Qrupunun təmsilçisi Sayyad Kərim Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətindən danışıb.

O əlavə edib ki, bu əməkdaşlıq və faydalı dialoq xalqlarımızın ümumi maraqlarına xidmət edəcək.

"Qonaq deyib ki, parlamentlərimiz arasında olan ortaq dəyərlər, uzunmüddətli münasibətlər hər birimizin inandığımız məsələlərdir.

"Azərbaycan Avropa İttifaqı üçün mühüm bir ölkədir və biz münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik.

"Sayyad Kərim ölkəmizlə Avropa xalqlarının yaxınlığını təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.

"Komitənin 13-cü iclasının gündəliyinə 12-ci iclasın stenoqramının təsdiqi, Aİ-Azərbaycan ikitərəfli münasibətləri, əhəmiyyətli islahatlar və inkişaf, Parlament Əməkdaşlıq Komitəsinin gələcək fəaliyyətinin istiqaməti məsələləri daxil idi," deyə məlumatda göstərilir.

"Yeni Müsavat": "Belə davam edərsə əmək haqlarının, pensiyaların ödənilməsi çətinləşəcək"

Qəzet Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlunun geniş müsahibəsini dərc edib. Qubad İbadoğlu ağır böhran şəraitində cəmiyyətin aktiv etiraz etməməsinin səbəblərindən danışarkən belə deyib:

"Başlıca səbəblərdən biri odur ki, iqtisadi vəziyyətin pisləşməsinin neqativ təsirləri lazım olan səviyyəyə çatmayıb.

"Uzun illər neft gəlirlərinin paylanmasından yığılan vəsaitlər hazırkı keçid dövründə sabitləşdirici funksiya daşımaqdadır. Digər sabitləşdirici funksiyanı mövsümi amillər oynayırdı.

"Əhalinin böyük hissəsi kəndlərdə yaşayır, öz təsərrüfatlarından qidalanırdı, bu da onların ailə büdcəsinin xərclərini azaldırdı.

"Hazırda isə mövsüm məhsulları tükənir, əsas ərzaq məhsullarının qiymətləri artır, manat dəyərini itirir.

"Bunun nəticəsində əhalinin güzəranı günü-gündən pisləşir, insanlar əvvəlki dövrlə müqayisədə pis dolanırlar.

"Amma sosial problemlər bizim təsvir etdiyimiz səviyyədə geniş və əhatəli deyil. İşləyənlərin çox hissəsi əmək haqlarını, pensiyaçılar təqaüdlərinin vaxtında ala bilirlər," cənab İbadoğlu deyir.

İqtisadçı problemlərin ötən illərlə müqayisədə artdığını deyib. Bildirib ki, "bu gedişlə onların əhatəsi genişlənəcək, neqativ təsirləri artacaq."

"Çünki belə davam edərsə, bir neçə aydan sonra əmək haqlarının, pensiyaların vaxtında ödənilməsi ilə bağlı maliyyə çətinlikləri yarana bilər. Onda iqtisadi problemlərin təsir dairəsi daha geniş və ünvanlı olacaq," müsahibədə deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş