Venesiya Komissiyası 26 sentyabr referendumunu tənqid edir

Bakı, Azərbaycan Fotonun müəllifi Gary Hershorn/ Getty
Image caption Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum sentyabrın 26-da keçiriləcək

Avropa Şurası Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumu tənqid edib.

Komissiya hesab edir ki, dəyişikliklərə görə prezidentə "misilsiz" hakimiyyətin verilməsi qüvvələr balansını pozacaq.

"Misal üçün, prezidentin 2009-cu ildən limitsiz seçilə bilməsi ilə onsuz da güclü olduğunu nəzərə alsaq, onun səlahiyyətlərinin beş ildən yeddi ilədək uzadılmasına haqq qazandırmaq mümkün deyil," bəyanatda deyilir.

Komissiyaya görə, prezidentə parlamenti buraxmaq hüququnun verilməsi ilə bağlı nəzərdə tutulmuş dəyişiklik də qanunverci hakimiyyətin müstəqilliyinə mənfi təsir göstərəcək.

Eyni zamanda ekspertlər insan haqları barədə təklif olunan dəyişiklikləri müsbət qiymətləndirib. "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi" maddəsinə təklif olunan dəyişikliklərdə "insan ləyaqəti" konseptinin və "hüquqlardan sui-istifadəyə yol verilmir" cümləsinin əlavə olunması qeyd olunur.

Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Venesiya Komissiyasının referendumla bağlı rəy hazırlayarkən prosedur qaydalarını "kobud şəkildə" pozduğunu deyib.

"Adətən prosedura əsasən, bizimlə bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanaraq elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilirdi. Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilirdi. Bundan sonra həmin rəy dərc edilirdi. Lakin naməlum səbəblərdən referendumla bağlı rəy hazırlanarkən bütün bu prosedur qaydaları kobud şəkildə pozulub".

Həmçinin oxu:

Venesiya Komissiyasının ekspertlərini "daha çox narahat edən" isə seçilməyən vitse-prezident postudur.

"[Vitse-prezident] hansısa bir mərhələdə ölkəni idarə edə bilər və ona münasib olan vaxt erkən prezident seçkilərini elan edə bilər," ekspertlər bildirir.

Venessiya Komissiyası həmçinin referendumun parlamentdə yetərincə müzakirə olunmadığını və ciddi ictimai müzakirə aparılmadan, qısa zamanda təyin edildiyini bildirib.

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum bir çox yerli fəalların və xarici təşkilatların tənqidi ilə qarşılanıb.

Bu barədə daha geniş