ANS-in lisenziyasının ləğv olunması ilə bağlı kassasiya şikayəti təmin olunmayıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Mirşahin: "Ümid sonuncu ölür deyirlər"

Ali Məhkəmə ANS-in lisenziyasının ləğv olunması ilə bağlı verdiyi kassasiya şikayətini təmin etməyib və Apellyasiya Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb, müxbirimiz Elnarə Məmmədova xəbər verir.

Bu gün Ali Məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv olunması ilə bağlı kassasiya şikayətini dinləyib.

Televiziyanın hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev Apellyasiya Məhkəməsinin qərarını "qanunsuz" adlandırıb məhkəmə prosesi zamanı "sübutların araşdırılmadığını" deyib.

Kanalın rəhbəri Vahid Mustafyev və baş direktor Mirşahin Ağayev vəkilin dediklərini təsdiqləyərək məhkəmə kollegiyasından "qərarın ləğv olunmasını" xahiş ediblər.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Məmmədov isə "deyilənlərin əsası yoxdur" deyərək qərarın ləğvinə qarşı çıxıb.

Vəkil

Vəkil Fuad Ağayev müdafiə çıxışında deyib ki, Apellyasiya Məhkəməsində "MTRŞ-nın izahatından başqa heç nə araşdırılmayıb" və əlavə edib ki, qurumun dəlil kimi təqdim etdiyi videoya məhkəmə zalında baxılması ilə bağlı ANS televiziyasının vəsatətini də qəbul etməyib.

"Video 13 saat 25 dəqiqə 27 saniyədir. Məhkəmə saat 11-də başlayıb, 11:40-da bitib. Saat 12:15 də isə qərar elan edilib. Bu qədər vaxtda videoya necə baxıblar", vəkil "şirkətin hüquqularının pozulması bu qərarın ləğvini qeyri-şərtsiz edir" deyib.

Cənab Ağayev əlavə edib ki, terrorçuluğu dəstəkləmək üçün efirdə açıq çağırışlar getməlidir, "ANS-in efirində isə belə çağırışlar olmayıb".

O, sözlərinə əlavə edib ki, hətta bununla bağlı çağırış olsaydı da, bu, şuranın hansısa "şirkəti məsuliyyətə cəlb etməsinə, onun lisenziyasının ləğvinə əsas vermir".

"Çünki bu çağırışlar efirə getməliydi və teleradio rəhbərliyi bu çağırışları müdafiə etməli idi. Amma bu məsələdə bunun heç biri yoxdur. Hansı ki, bu qərarın çıxması üçün bu amillərdən biri olmalı idi. Bunlar heç biri yoxdursa o qərar hansı əsasla qəbul olunub?" - vəkil sual edib.

Vəkil çıxışının davamında Türkiyə hökumətinə yaxın olan mətbu orqanında ANS-in "FETÖ ilə əlaqəsinin olmaması haqqında" dərc olunan yazını xatırladaraq, "Türkiyə xüsusi xidmət orqanında daha dəqiq məlumat olmalıdır, nəinki Şurada" deyib.

Image caption Vahid Mustafyev və Mirşahin Ağayev məhkəmə kollegiyasından "qərarın ləğv olunmasını" xahiş ediblər

MTRŞ-nın televiziyaya "bir neçə dəfə xəbərdarlıq göndərməsi" məsləsinə də toxunaraq deyib ki, belə bir xəbərdarlıq olmayıb. "Etməyiblər, çünki buna əsas olmayıb."

Vahid Mustafayev

Cavabdeh tərəf kimi çıxış edən televiziyanın rəhbəri Vahid Mustafayev qeyd edib ki, Fethullah Gülenin keçirdiyi mətbuat konfransında ANS-lə yanaşı İHA, CNN və Azadlıq Radiosunun Türkiyə bürosunun əməkdaşları da iştirak edib və bununla bağlı məhkəmə kollegiyasına fotolar təqdim edib.

Cənab Mustafayev əlavə edib ki, müxbirin mətbuat konfransından hazırladığı reportaj onlara səhər 10:55-də çatıb.

"Biz xəbər kanalıyıq və bizim xəbəri isti-isti efirə vermək, birinci olmaq kimi müxbir təbiətimiz var. Belə olduğumuz halda necə olur ki, biz onu 18:30-a qədər efirə verməmişik, anons etməmişik ki, tamaşaçılarımız bilsin", deyə cənab Mustafayev bunu müsahibəyə baxdıqdan sonra redaksiya şurasının "reportajın efirə getməməsi iə bağlı birmənalı qərar verməsi" səbəb olduğunu deyir.

Reportajla bağlı anonsun digər yerli və xarici media qurumlarında getməsi ilə bağlı Vahid Mustafayev qeyd edib ki, bunun səbəbi həmin media qurumlarının özlərindən soruşulmalıdır.

Televiziyada "qəddarlıq kadrlarının göstərilməsi" ilə bağlı MTRŞ-ın irəli sürdüyü ittihamı şərh edən Vahid Mustafayev deyib ki, onlar "CNN və digər Türkiyə kanalları verdiyini verib".

"Biz ANS olaraq dəfələrlə Xocalı, 20 Yanvar hadisələrindən kadrlar, insan üzərinə gedən tanklar göstərmişik. Digər ölkələrdə baş verən terror hadisələrinin nəticələrini göstərmişik. Onda da Şura var idi, amma onda bizə heç nə demirdilər", ANS Televiziyasının rəhbəri qeyd edir.

Çıxışının sonunda Vahid Mustafayev deyib: "Biz Birinci Qarabağ Müharibəsində şəhid olsaydıq daha şərəfli olardı. Anam rəhmətə gedib, amma atam eşitdi ki, onun uşaqları terrora dəstək olur və bu, çox pisdir. Xahiş edirəm, bir ana kimi də bizi başa düşün."

"Konteksdən çıxarılıb"

ANS televiziyasının baş direktoru Mirşahin Ağayev isə çıxışında deyib ki, Şuranın efirdə səsləndirilən fikir və rəylərdən ayrı-ayrı cümlələr çıxardığından onlar "həqiqi mənasını itirib və onlar konteksdən kənara çıxarılıb".

MTRŞ-ın məhkəmədəki nümayəndəsi Toğrul Məmmədov müdafiə çıxışında deyib ki, "deyilənlərin əsası yoxdur".

"Terrorçuluğu təbliğ edənlərin çıxışına şərait yaradılması, onların fəaliyyətlərinin müdafiə olunması da terroçuluğa çağırış deməkdir", cənab Məmmədov əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş