Mətbuat icmalı: Referendumu izləyəcək AŞPA missiyasının "tərkibi məlum olub"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Venesiya Komissiyası Konstitusiya dəyişikliklərinə mənfi rəy verib

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyini açıqlayan Avropa Şurası Venesiya Komissiyası (VK) referendum aktını tənqid edib.

"VK ekspertləri hesab edirlər ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının "heç bir bəraəti yoxdur".

..."Prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi "parlamentdə siyasi özgəfikirliliyə" mənfi təsir göstərir. Bu, həm də məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir, çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədəcək.

VK ekspertləri hansısa müddətdə ölkəni idarə edə biləcək vitse-prezidentlərin təyin edilməsindən və vaxtından əvvəl prezident seçkilərini elan etmək üçün dövlət başçısına səlahiyyət verilməsindən "çox narahatdır".

VK referendum prosedurunu, əsasən parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib.

...Ekspertlər "ictimai asayiş" və "mənəviyyat"ın qorunması mülahizələri altında açıq toplaşmaların məhdudlaşdırılmasını nəzərdə tutan düzəlişlərlə razı deyil. Çünki bu müddəalar olduqca geniş təfsirə yol verir.

Vətəndaşlıqdan məhrumetməyə dair düzəliş də narahatlıq doğurub.

İlkin rəy təsdiqlənmək üçün VK-nın oktyabrın 14-15-də keçiriləcək plenar sessiyasına təqdim ediləcək," deyə yazıda göstərilir.

axar.az: Ali Məhkəmə ANS-lə bağlı qərar verdi: ANS-in lisenziyası bərpa olunmayacaq

Image caption ANS kanalının baş direktoru Mirşahin Ağayev (ortada) məhkəmədən sonra jurnalistlərin suallarını cavablandıraraq ümidini itirmədiyini deyib.

Sentyabrın 21-i ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.

Məhkəmə şikayəti təmin etməyib.

"Azərbaycan": Avropa İttifaqı - Azərbaycan münasibətlərində yeni mərhələ

Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzvlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə Avropa İttifaqı-Azərbaycan, Avropa Parlamenti-Milli Məclis münasibətləri barədə açıq, səmimi, konstruktiv fikir mübadiləsi aparılıb.

"Avropalı deputatlar Milli Məclis nümayəndələrinin bundan sonra Avropa Parlamentinin bütün qurumlarında iştirak etmələri üçün lazımi şərait yaradacaqlarını vəd ediblər.

...Milli Məclisin Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etmək üçün tərəflər avropalı parlamentarilərin göstərdiyi son cəhdləri təqdirəlayiq hesab edib, bu məqsədin reallaşması üçün təşkilatın gərəkli addımlar atmasının vacibliyini vurğulayıblar," məlumatda göstərilir.

Qəzet Səfərin nəticəsi kimi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Səməd Seyidov tərəfindən imzalanmış birgə bəyanatın mətnini dərc edib. Bəyanatda deyilir:

"Avropa Parlamentinin nümayəndə heyəti artıq bir ildir Avropa Parlamenti ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi duyduğunu ifadə edir. Hər iki tərəf normal dialoqun bərpa edilməsi üçün addımların ən sürətli şəkildə atılacağına ümid edir.

Həmsədrlər, həmçinin Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərin qırılmasına gətirib çıxaracaq şəraitin gələcəkdə heç bir halda yaranmaması üçün gərəkli tədbirləri görməklə bağlı razılığa sadiq olduqlarını ifadə edir.

...Həmsədrlər Avronest Parlament Assambleyasının Milli Məclisi təşkilata qaytarmaqla bağlı son cəhdlərini və öhdəliyini yüksək qiymətləndirir. Avronest Parlament Assambleyasını Milli Məclisin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında təşkilata qayıtması üçün özünün prosedur qaydalarını gözdən keçirməyə və gərəkli islahatları reallaşdırmağa çağırır. Həmsədrlər nəticəyə nail olmaq üçün bütün lazımlı köməkliyi göstərməyə hazırdır."

"Azərbaycan": Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

"Maykl Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib. O, cari ilin martında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. M.Karpenter, həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb," deyə məlumatda bildirilir.

Nazir Elmar Məmmədyarov Pentaqon rəsmisinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatları barəsində məlumat verib.

"Xalq qəzeti": Referendumu izləyəcək AŞPA missiyasının rəhbəri və tərkibi məlum olub

AŞPA Azərbaycan hökumətinin dəvəti ilə Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək. "Missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin italiyalı Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoilov, ispaniyalı Antonio Gutyerres, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) daxildir.

Missiya səfər müddətində Azərbaycan Prezidenti İlham Əliyev, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbəri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcək.

AŞPA nümayəndələri səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar.

Səsvermə ilə bağlı ilkin nəticələrə dair mətbuat konfransı referendumun səhəri günü keçiriləcək," xəbərdə deyilir.

"Yeni Müsavat": Şahin Əliyev "Venesiya Komissiyasının rəyini siyasi sifariş kimi qiymətləndirirəm"

Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, "Mən tam rəsmi, tam məsuliyyətlə deyirəm ki, referendum aktı layihəsi ilə bağlı Azərbaycan Prezident Administrasiyası ilə nə Avropa Şurası, nə də Venesiya Komissiyasından kimsə əlaqə saxlamayıb".

Venesiya Komissiyasına referendumla bağlı nə səbəbə müraciət olunmaması barədə sualın cavabında Ş.Əliyev "biz hesab etmədik ki, bu dəyişikliklər bu cür mühüm xarakter daşıyır", deyə bildirib. "Xaricilər heç cür başa düşmür ki, söhbət prezidentə əlavə səlahiyyətlər verilməsindən getmir. Burada əsas məqsəd icraedici orqanın işini təkmilləşdirməkdən ibarətdir.

"Belə rəy yaranır ki, bu, siyasi sifarişdir. Ona görə ki, iki həftə ərzində bu rəyin tələm-tələsik hazırlanması mümkün deyil. AŞPA sədrinin Komissiyaya məktubu nə iyul, nə avqust, nə sentyabrda yox, referenduma cəmi 7 gün qalmış Venesiya Komissiyasına göndərilib. Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm," Şahin Əliyev deyib.

Əlaqəli mövzular