BMT eksperti Michel Forst: Azərbaycan müstəqillikdən bəri "ən pis vəziyyətlə" qarşılaşıb

Bakıda etiraz aksiyası (foto arxivdəndir) Fotonun müəllifi TOFIK BABAYEV/GETTY

Birləşmiş Millətlər Təşkilatının müstəqil eksperti Michel Forst cümə axşamı günü Azərbaycan hökumətini insan haqları müdafiəçilərinin "dinc və qanuni fəaliyyətlərini kriminallaşdırmağı dayandırmağa, bütün həbsdə olan müdafiəçiləri azad etməyə, onlara və ailə üzvlərinə qarşı cinayət və inzibatı sanksiyaları ləğv etməyə" çağırıb.

Cənab Forst-un təbirincə son 3 il ərzində Azərbaycan, müstəqilliyindən bəri "ən pis vəziyyətlə" qarşılaşıb.

Cənab Forst səfər zamanı 26 sentyabr tarixində keçiriləcək referenduma həsr olunmuş, 17 sentyabr tarixində keçirilən "dinc toplaşmadan qabaq xəbərdarlıq edilmiş, həbs edilmiş və saxlanılmış ayrı-ayrı şəxslər və müdafiəçilərlə bağlı ən azı 45 işi" qeydə alıb.

Hökumətin dəvəti ilə doqquz günlük səfəri zamanı cənab Forst hökumət rəsmiləri, məhkəmə üzvləri, ombudsman, eləcə də insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri, media və diplomatlarla görüşüb, BMT-nin məlumatında deyilir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya müsahibəsində "təəssüf"lə qeyd edib ki, cənab Forstun məruzəsində "balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı faktlar araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır".

Azərbaycana ilk dəfədir ki, səfər edən Michel Forst 2014-cü ildə İnsan Haqları Şurası tərəfindən insan haqları müdafiəçilərinin vəziyyətilə bağlı BMT-nin Xüsusi Məruzəçisi təyin olunub.

O, hökuməti "vətəndaş cəmiyyəti təşkilatları ilə körpü yaratmağa və geniş və inklüziv iştirakı təmin etməklə insan hüquqları müdafiəçiləri ilə müntəzəm və konstruktiv dialoq aparmağa" çağırıb.

"İnanıram ki, bu cür dialoq ... tamamilə Azərbaycan dövlətinin maraqları dairəsindədir", deyə hüquq müdafiəsi üzrə ekspert bildirib.

Əli Həsənov öz növbəsində deyib ki, Michel Forst "hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol vermişdir. Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşmüşdür".

Michel Forst gəldiyi nəticələr və tövsiyələr barədə yekun hesabatını BMT İnsan Haqları Şurasına 2017-ci ilin mart ayında təqdim edəcək.

Bu barədə daha geniş