Əsas dolanışığımız fındıqçılıq və meyvəçilikdir - qəbələli sahibkar

Fındıqçılıq Fotonun müəllifi Gülər Abbasova
Image caption "Fındıq bağları olmasa rayon camaatı dolana bilməz. Əsas dolanışığımız fındıqçılıq, bir də meyvəçilikdir," Nurəddin Kərimov

Qəbələ rayonu, İmamlı kənd sakini, sahibkar Nurəddin Kərimov son illərdə fındıq sahələrində məhsuldarlığın zəiflədiyini bildirir, Gülər Abbasovanın fotoreportajı.

Dediyinə görə 1 hektar sahədən bəzən 200-500 kq məhsul yığıla bilir. Halbuki, bu göstərici azdır. Su təchizatının qənaətbəxş olmaması kənddə başlıca problemlərdən biridir.

"Çay suları da getdikcə quruyur, suvarma üçün mənbə tapmırıq. Kəndlərə əlavə su xətti çəkilməlidir ki, bağlarımızı suvaraq."

Kərimov deyir, bir tərəfdən meşələrdə ağacların kəsilməsi də torpaqda nəmişliyin yox olmasına gətirib çıxarır. Belə halda quraqlıq yaranır, ağacların inkişafına təsir edir.

Fotonun müəllifi Gülər Abbasova

Sahibkar gübrə ilə bağlı problem yaşandığını da vurğulayır.

"İmkanlı sahibkarlar gübrələri tez ala bilir. Rayon mərkəzindən digər sahibkarlara vaxtlı-vaxtında gübrə verilmir. Veriləndə də gec olur. Ona görə həşəratlar, ziyanvericilər ağacları məhv edir," sahibkar deyir.

Fotonun müəllifi Gülər Abbasova

Məhsuldarlığa təsir edən başlıca səbəblərdən biri də hava şəraitinin qeyri sabit, yağıntıların çox olmasıdır. Hava şəraitinə görə ağaclarda tozlanma da lazımınca getmir.

Bütün sadalanan problemlər isə ildən-ilə davam etdikcə ümumi məhsuldarlığa mənfi təsir edir.

Fotonun müəllifi Gülər Abbasova

Fındıq yığımı adətən avqustun son həftəsindən sentyabrın ilk yarısı, hava şəraitindən asılı olaraq bəzən sonlarına kimi davam edir. Yığımdan sonra fındıqlar xüsusi maşınlarla üst qabığından ayrılır.

Kisələrə yığılmış məhsul özəl şirkətlər tərəfindən alınır və Qəbələ, Zaqatala, Balakənə - fındıq istehsalı zavodlarına son emal üçün verilir. Buradan isə xarici bazara çıxarılır.

Fotonun müəllifi Gülər Abbasova

Sahibkar Kərimovun hazırda fındıq bağlarından məhsul yığımını yekunlaşdırmaq üzrədir. Dediyinə görə bu il məhsulun satış qiyməti ötən illə müqayisədə artıb.

"Ötən il fındığın kilosunu 1.50-1.70 manata satırdıqsa, bu il qiyməti 5 manata qalxıb. Məhsuldarlıq az olsa da qiymətlərin qalxması bizim üçün sərfəlidir," o deyir.

Fotonun müəllifi Gülər Abbasova

Qəbələ Rayon İcra Hakimiyyətinin informasiya təminatı şöbəsinin rəhbəri Zahir Kərimov bildirir ki, 2016-cı ildə ümumilikdə rayon üzrə 8 min tona yaxın fındıq məhsulu yığımı gözlənilir.

"Ötən illə müqayisədə məhsuldarlıq bu il 1500 -1800 ton artıqdır. Bunun əsas səbəbi sahələrə üzvü və mineral gübrələrin verilməsi, aqrotexniki tədbirlərin görülməsidir".

Fotonun müəllifi Gülər Abbasova

Digər kəndlərdə sahibkarların su və gübrə çatışmazlığı ilə bağlı problemlərinə gəlincə isə cənab Kərimov bildirir ki, bu məsələlər diqqət mərkəzində saxlanılır.

"Rayonun müxtəlif ərazilərində fermerlərin fasiləsiz suvarma suyu ilə təmin olunması üçün su ehtiyatı məqsədi ilə göllərin yaradılması nəzərdə tutulub və hazırda bu istiqamətdə müəyyən işlər gedir.

"Gübrələrin verilmə mövsümü ərzində məsələ öz həllini tapacaqdır. Bu sahədə ciddi çətinliklər gözlənilmir," o deyib.

Fotonun müəllifi Gülər Abbasova

Dünyada fındıq istehsalı və ixracatına görə Türkiyə, İtaliya və Amerika aparıcı yerləri tutur.

Keçmiş Sovet ölkələrindən olan Azərbaycan və Gürcüstan fındıq istehsalı və ixracına görə növbəti pillələrdə qərarlaşır.

Bu sahə qeyri-neft sektoru kimi Azərbaycana qazanc gətirən ən böyük sahələrdən biridir.

Fotonun müəllifi Gülər Abbasova

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında prezident İlham Əliyev aidiyyatı qurumlara (Kənd Təsərrüfatı Nazirliyi, İqatisadiyyat Nazirliyi, Prezident Adminstrasiyası və s.) fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət dəstəyi haqda göstəriş verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş