Aydın Mirzəzadə: Venesiya Komissiyasının rəyi "tələsik" və "qeyri-peşəkar"dır

Aydın Mirzəzadə Fotonun müəllifi MeydanTV

Azərbaycanda hakim partiyanın rəsmisi Venesiya Kommissiyasının Azərbaycan referendumunda təklif edilən Konstitusiya dəyişikliklərinə aid rəyini "tələsik" və "qeyri peşəkar" adlandırıb.

YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Venesiya Komissiyası (VK) Konstitusiya dəyişikliklərinə aid rəyini hazırladığı müddətdə "Azərbaycan tərəfi ilə hər hansı bir əlaqə saxlamaq istəməyib".

Sentyabrın 22-də Venesiya Kommissiyası Azərbaycan Konstitusiyasına prezident tərəfindən təklif edilən dəyişikliklərlə bağlı rəyini dərc edib.

Rəy sənədində parlamentin referenduma dəyişikliklərin müzakirəsinə cəlb edilməməsi, ifadə azadlığı, birləşmə azadlığı və sərbəst toplaşma azadlığına təklif edilən yeni məhdudiyyətlər və digər məsələlər tənqid edilib.

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

VK rəydə "insan hüquqları ilə bağlı edilən dəyişikliklərin heç birinə rəy bildirilmir" Aydın Mirzəzadə BBC Azərbaycancaya bildirib.

Cənab Mirzəzadə əlavə edib ki, Azərbaycanın konstitusiyanı dəyişmə praktikası "Avropa ölkələrinin konstitusiya dəyişmə praktikasından daha demokratik"dir.

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan dəyişiklikləri hazırlayarkən VK-nin əvvəlki rəy və təlimatlarını nəzərə alıb.

Venesiya Kommissiyasının Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər barədə rəy sənədində V fəsil tamamilə insan haqları barədə 14 Konstitusiya maddəsinə aiddir.

Azərbaycan hökümətinin təklif etdiyi Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsinə gəldikdə, Komissiya parlamentin müzakirəyə cəlb edilməməsinə təəssüfləndiyini bildirib. VK bunu qanuni saysa da, "demokratiyanın müasir anlamında, konstitusiya dəyişiklikləri üçün parlament ən müvafiq arenadır" deyib.

Bundan əlavə, təklif edilən dəyişikliklərin mürəkkəbliyini vurğulayaraq, Komissiya təkliflə referendum arasındakı müddətin parlament, vətəndaş cəmiyyəti və ekspertlərin təklifləri müzakirə etmələrinə kifayət vaxt vermədiyini bildirib.

Aydın Mirzəzadə bu rəylə razı olmadığını bildirib və VK "bu fikri irəli sürərkən parlamentli respublikaların təcrübəsini əsas götürdüyünü" deyib.

Həmçinin o, layihənin irəli sürülməsiylə referendum arasındakı üç ayı dəyişiklərlə bağlı cəmiyyətdə geniş müzakirələr üçün "kifayət" olduğunu deyib.

"Bu üç ay ərzində, cəmiyyətin bütün təbəqələri, kimin üçün ki, maraqlıdır, bu məsələ barəsində öz fikirini bildirdi və böyük əksəriyyəti dəyişiklərin, əlavələrin lehine çıxdı."

Cənab Mirzəzadə onu da əlavə edib ki, dəyişikliklərin "əleyhinə çıxanlar da olub".

"Kütləvi aksiyalar keçirdilər. Tərəfdarlarına referenduma gedərək onun əleyhinə səs verməyə çağırdılar. Və hakimiyyət onların fərqli fikir bildirmə hüququnu qoruyur və bundan sonra da qoruyacaq," YAP rəsmisi söyləyib.

Bu barədə daha geniş