Mətbuat icmalı: İntiqam Azəri: Nitqimin arif insanlar üçün olduğunu bildirmişəm

Fotonun müəllifi Getty Images

"Azadlıq": İntiqam Azəri: Nitqimin arif insanlar üçün olduğunu bildirmişəm

Yeni Azərbaycan Partiyasının (YAP) Biləsuvar rayonunda keçirdiyi toplantıdakı çıxışı ilə gündəmə gəlmiş İntiqam Azəri Meydan TV-yə müsahibə verib.

Çıxışı sosial şəbəkələrdə paylaşma rekordu qıran gənc həmin çıxışın arif adamlar üçün olduğunu bildirib.

Meydan TV əməkdaşının "siz YAP üzvüsünüz?" sualına o belə cavab verib: "Bəli, 2008-ci ildən məni YAP-a üzv ediblər".

"- Necə yəni üzv ediblər?

- Məcbur ediblər."

"Hələlik həmin çıxışımla bağlı mənə irad bildirən olmayıb. Əksinə, ətrafdan "sözünü dedin, halaldır sənə" - deyib, dəstək veriblər. Rəsmilərdən də mənə hər hansı müdaxilə olmayıb. Düzdür, hal-hazırda məzuniyyətdəyəm. Sabahdan işə çıxacam. İşdə necə reaksiya verəcəklərini isə bilmirəm," deyə o bildirib.

O, çıxışını əvvəlcədən planlaşdırmadığını deyir: "Həmin gün işdən qayıdanda camaatın meydanda toplandığını gördüm. Nə baş verdiyini soruşdum. YAP-ın mitinqi olduğunu dedilər. Getdim ki, çıxış etmək istəyirəm. ... Əminəm ki, 90 faiz insan mənim kimi düşünür. Sadəcə dilə gətirə bilmirlər. Mən həmin çıxışla insanlara açıq şəkildə olmasa da, dolayı yolla fikirləri ifadə etmənin mümkünlüyünü göstərdim."

İntiqam Azərinin YAP-ın mitinqindəki çıxışını anlamayanlar da olub. Onun özü bu barədə belə deyir:

"Bilirəm, həmin çıxışı yanlış anlayanlar da olub. Onlar həmin videonu təhqir dolu şərhlərlə paylaşırdılar. Düşünürəm ki, bütün bunlar məni qorumaq üçündür. Bu təhqir və tənqidlər isə mənim şəxsimə deyil, üzvü olduğum partiyaya aiddir."

"Azərbaycan": Avropa Xalq Partiyasının nümayəndə heyəti MSK-da referendumla bağlı son hazırlıqlar barədə məlumatlandırılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək referendumu müşahidə edən Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb", deyə məlumatda bildirilir.

"Yeni Müsavat": Akif Çovdarov qəzəbli məktub yazaraq hüquqlarının pozulmasından şikayət edib

Ləğv edilmiş MTN-in həbsdə olan sabiq idarə rəisi, general Akif Çovdarov səhhətinin ağır olduğunu, 1 saylı Bakı İstintaq Təcridxanasında əziyyət çəkdiyi xəstəliklə bağlı lazımi müayinə şəraitinin olmadığını bildirib.

Ancaq Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanov A.Çovdarovun səhhətinin ağır olması ilə bağlı yazılanların əsasız olduğu barədə əks açıqlama verib. O, Çovdarovun Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac olmadığını deyib.

Qəzet yazır ki, İftixar Qurbanovun bu açıqlaması həbsdə olan generalı hiddətləndirib və o, Ədliyyə Nazirliyinə qəzəbli məktub göndərib.

"...kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kardioloq tərəfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm"- deyə Çovdarov məktubunda qeyd edib.

Daha sonra Çovdarov xərçəng xəstəliyindən əziyyət çəkməsi, 2006-cı ildə aorto-koronar şuntlama əməliyyatı keçirdiyini, 2011-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkdiyini, mədə, öd kisəsi və bütün limfa [düyünlərinin] amputasiya olunaraq götürüldüyünü yazıb.

Səhhəti ilə bağlı açıqlamalar verən İftixar Qurbanovu başqalarının diqtəsi ilə danışmaqda ittiham edən Çovdarov öləcəyi təqdirdə günahkar olaraq onu görəcəklərini yazıb:

"Mən xəstəliyimin real olaraq hansı vəziyyətdə olduğunu və qanunsuz olaraq normal həkim müayinəsindən məhrum edildiyim üçün günü-gündən səhhətim pisləşdiyindən istənilən an bu xəstəliklərdən ölə biləcəyimi gözəl bilirəm. Əgər əziyyət çəkdiyim xəstəliklərdən ölərsəm, sizdən mənim sağlamlığımın normal olması barədə verdiyiniz məktub (rəy) və müsahibələrinizə görə mütləq hesab tələb olunacaq. Bu gün tələb olunmasa belə nə zamansa tələb olunacaq. Bunu özünüz də gözəl bilirsiniz".

"A.Çovdarov məktubunun sonunda İftixar Qurbanova bildirib ki, onun bu əməlləri ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova müraciət edib. Həmin qurumlar tərəfindən hər hansı bir ölçü götürülməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağını yazan Çovdarov bu məktubun bir nüsxəsini ailə üzvlərinə, bir nüsxəsini də xitab etdiyi İftixar Qurbanova göndərildiyini əlavə edib," yazıda deyilir.