Günəşli yatağında yanğın söndürülüb

Günəşli yatağı Fotonun müəllifi Azadliq radiosu

"28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən yaranan alov çərşənbə axşamı səhər saatlarında söndülürüb, bu haqda FHN SOCAR-la birgə məlumat yayıb.

"Qaz təzahürünün qarşısı alınmışdır. Hazırda SOCAR-ın mütəxəssisləri tərəfindən özüldə təmir-bərpa işləri aparılır", məlumatda deyilir.

Məlumata görə, hadisə baş verən zaman "dərhal" FHN DYMX-nin yanğınsöndürənləri və xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5" yanğınsöndürmə gəmisinə təxliyyə edib. İlkin yayılan məlumatda özüldə növbədə olan işçilərin sayının 49 olduğu deyilmişdi.

Məlumatda o da bildirlir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə keçirilən yanğının söndürülməsi prosesində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov və FHN-nin və digər aidiyyəti qurumları iştirak edib.

Hadisə bazar ertəsi günü, 71 saylı quyuda təmir işləri aparılarkən baş verib. Bu zaman qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürü ani alışıb və yanğın baş verib.

"Xəzər Dəniz Gəmiçiliyi" və Fövqəladə Hallar Nazirliyinin 9 gəmisi yanğını söndürməyə cəlb edilib.

Hadisə nəticəsində şirkətə zərərin dəyib-dəyməməsi ilə bağlı hər hansı açıqlama verilmir.

2015-ci il dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində 12 nəfər həlak olub, 18 nəfər itkin düşüb və 33 nəfər xilas edilib.

Əlaqəli mövzular