Mətbuat icmalı: "Xərclər siyasətimiz daha sərt olacaq" - maliyyə naziri

Fotonun müəllifi Getty Images

fins.az: Maliyyə naziri: "Xərclər siyasətimiz daha sərt olacaq"

"Hazırda daha səmərəli xərclərə üstünlük verilir. Xərclərin optimallaşdırılması, ixtisarı istiqamətində də mühüm tədbirlər görüləcək," deyə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.

"Xərclər siyasətimiz daha sərt olacaq. Bununla əlaqədar gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfer cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. 1,5 mlrd. manat həcmində azalmadan söhbət gedir. Həm gömrük daxilolmaları, həm də bir qədər vergi daxilolmaları artacaq," - nazir 2017-ci ilin büdcəsi ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir qeyd edib ki, gələn il sosial xərclər büdcənin böyük bir hissəsini təşkil edəcək.

"Bu istiqamətdə bir çox işlər görülüb. Cari il büdcə sektorunda çalışanların əmək haqqı artırılıb. Şübhəsiz ki, 2017-ci ildə də əmək haqlarının artımı ilə bağlı büdcədə maliyyə təminatını yaratmalıyıq. Bu işlər büdcədə öz əksini tapıb," deyə o bildirib.

Nazir eyni zamanda 2016-cı ildə bütün sosial müavinətlərin, təqaüdlərin sosial ödənişlərin artdığını da deyib.

fins.az: 2017-ci ilin büdcəsi açıqlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında deyib ki, 2017-ci ilin büdcəsində sosial xərclər azalmayacaq, investisiya xərclərinin isə azalması gözlənilir.

Onun sözlərinə görə, gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq.

"Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq", - Z.Səmədzadə deyib.

"Azərbaycan": MSK: seçici fəallığı - 69,7 %, dəyişikliklərə müsbət rəy verənlər - 91,2 %

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da referendumun ilkin nəticələri ilə bağlı "Seçkilər" İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.

O, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirib.

MSK sədri diqqətə çatdırıb ki, ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub.

Saat 2:00 üçün "...Seçki məntəqələrinin 70,2 faizindən, yəni 3950-sindən məlumatlar MSK-ya daxil olub. Ümumi fəallıq 69,7 faiz olub. Seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak edib. Səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması müşahidəçilərin, KİV nümayəndələrinin və bütün maraqlanan tərəflərin iştirakı ilə həyata keçirilib. Ümumilikdə referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməli idi. İlkin nəticələrə əsasən, seçicilərin 69,7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır. Otuz dairə tam şəkildə nəticələrini təsdiq edib," deyə məlumatda bildirilir.

"Yeni Müsavat": YAP: "Bu, prezidentə ümumxalq etimadının testi idi, test kifayət qədər uğurlu oldu"

APA-nın məlumatına görə, YAP İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov referendumla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, "Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi".

"Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu," deyə o bildirib.

Ə. Əhmədov deyib ki, bu gün referenduma çıxarılan məsələlər Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır: "Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bugünkü referendum demokratik sahədə atılan uğurlu addımdır".

Image caption MSK referendumun baş tutduğunu elan edib

"Yeni Müsavat": Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirib

APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf edir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".

"Azadlıq": "Global Risk Insights": Gec, ya tez referendumun cavab zərbəsi olacaq

"Global Risk Insights" analitik agentliyi Azərbaycanda sentyabrın 26-da keçirilən referendumla bağlı yazır ki, "Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər prezident İlham Əliyevə daha çox səlahiyyət verir və onun klanının siyasi hakimiyyətinin qanuni yolla möhkəmləndirilməsinə yönəlib".

"Agentlik konstitusiyaya dəyişiklik olarsa, prezidentin parlamenti buraxmaq, növbədənkənar seçki keçirmək səlahiyyəti qazanacağını, prezidentlik müddətinin uzadılacağını vurğulayır. Hələ 2009-cu ildə referendumla Azərbaycan Konstitusiyasına dəyişiklik edildiyi, bir şəxsin prezidentliyə bir neçə dəfə namizəd olmasına imkan verildiyi yada salınır.

Yazıda dəyişikliklərin prezident üçün müəyyən edilmiş yaş həddinin aşağı salınmasını nəzərdə tutduğu, İlham Əliyevin oğlu Heydər Əliyevin 19 yaşına çatdığı qeyd olunur. Üstəlik, yeni - vitse-prezident postunun yaradılacağı və 81 yaşına çatmış baş nazir Artur Rasizadənin deyil, vitse-prezidentin prezidentdən sonra ikinci şəxs olacağı, torpaq mülkiyyətini və sərbəst toplaşma azadlığını məhdudlaşdıran bir sıra başqa dəyişikliklər də vurğulanır," deyə yazıda qeyd olunur.

"Böyük neft və qaz yataqlarına malik olmasına baxmayaraq, Azərbaycan da, bütün keçmiş Sovet ölkələri kimi, iqtisadi problemlərdən əziyyət çəkir, korrupsiya və repressiya yüksək həddə çatıb. Ölkə gəlirlərinin ¾-ü neft və qaz sektoruna bağlıdır və məhz bu sektor böyük korrupsiya mənbəyinə çevrilib. Yanacağın qiymətinin düşməsi, manatın ucuzlaşması ölkə iqtisadiyyatına, sıravi vətəndaşların həyatına güclü təsir edib və çoxu narazılığını küçələrdə bildirməyə başlayıb. Əliyev rejimi bütün bunlara, əlbəttə, barmaqarası baxa bilməz", "Global Risk Insights" yazır.

"Dəyişikliklərdən sonra cəmiyyətdəki narazılıqların daha artıq boğulacağı şübhəsizdir, ona görə də gələcəkdə gizli müxalifət hərəkatlarının koalisiyasının şahidi ola bilərik...

Gec, ya tez bu dəyişikliklərin cavab zərbəsi olacaq… Vəziyyətin düzəlməsi üçün regionun demokratik fiqurlara ehtiyacı var," deyə "Global Risk Insights" qeyd edir.