Referendum: səsvermə zamanı qanun pozuntusu ilə üzləşənlər

Referendum

Bazar ertəsi baş tutan Konstitusiyanın bir neçə maddəsinə dəyişiklik, yaxud əlavə, həmçinin bir neçə yeni maddənin daxil edilməsi üçün nəzərdə tutulmuş referendumun ilkin nəticələri artıq açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının açıqlmalarına əsasən seçkilər uğurla başa çatıb və əhali fəallıqla səsvermədə iştirak edib.

Buna baxmayaraq, BBC Azərbaycancaya danışan bir sıra vətəndaşlar bu fikirlə razı deyil.

Həmçinin izlə:

"Karusel əməliyyatı"

Nərimanov rayonu 19 saylı seçki dairəsinin 38 saylı seçki məntəqəsində səs vermiş Anar Abdulla qanun pozuntusu ilə rastlaşdığını deyir.

Onun bildirdiyinə görə, məntəqənin çölündə topa insanlar toplaşıb. O bu halı "karusel əməliyyatı" kimi dəyərləndirdiyindən məntəqədə səsvermə prosesini izləyən müşahidəçiləri xəbərdarlıq etmək qərarına gəlib.

Ancaq müşahidəçilərdən biri ona qarşı xoşagəlməz ifadə işlədib.

"Gördüm ki, etiraz etməyim nəticəsiz qalacaq. Müşahidəçilərdən heç biri dediklərimə baxmadı", o bildirir.

Anarın sözlərinə görə, məntəqə daxilində də qanunsuzluq olub.

"Bir müşahidəçi düz bülleten qutularının yanında oturmuşdu. Digərləri isə elə yerdə oturmuşdular ki, oradan qutunu görmək mümkün deyildi", o qeyd edir.

Məntəqədən polis bölməsinə

Gənc fəal, milli şuranın üzvü Cəmil Hacıyev də şahidi olduğu qanun pozuntusuna etiraz edib. O deyir ki, etirazı polis tərəfindən saxlanılması ilə nəticələnib.

Cəmil Hacıyev Nəsimi rayon 21-ci seçki dairəsi ərazisində müşahidələr apardığını deyir. Onun sözlərinə görə, "karusel əməliyyatı"na şahid olub.

Müsahibim əlavə edir ki, bu barədə 9-cu seçki məntəqəsinin sədrinə məlumat verib, sədr isə ondan məntəqəni tərk etməsini istəyib.

O iddia edir ki, daha bir neçə məntəqədə olaraq, komissiya sədrlərinə müşahidə etdiklərini danışsa da, onlar 102 xəttinə zəng vurublar.

Müsahibimizin sözlərinə görə, o, 26 sentyabr saat 17:30-dan saat 22:30-adək polis bölməsində olub.

"Şikayət daxil olmayıb"

Çərşənbə axşamı referendumun ilkin nəticələrini açıqlayan MSK rəhbəri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, MSK-ya heç bir rəsmi müraciət, yaxud şikayət daxil olmayıb.

MSK rəhbəri sosial şəbəkələrdə məntəqələrdə qutulara topa bülletenlər atılması ilə bağlı yayılan video görüntülərlə bağlı bu halların hamısının araşdırılacağını deyib.

Çərşənbə axşamı həmçinin Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı referendumun nəticələri ilə bağlı öz nəticələrini açıqlayıb.

Onların bildirdiyinə görə, "səsvermə zamanı ən müxtəlif qanun pozuntularına və saxtakarlıqlara yol verilib və seçicilərin aktivliyi haqqında məlumatlar şişirdilib".

Partiya hesab edir ki, seçkilərdən öncə mətbuat sıxışdırılıb, müxalifətdə olan siyasi partiyaların və digər müxalifət təşkilatlarının normal fəaliyyətinə imkan verilməyib və siyasi təzyiqlər çoxalıb.

Partiyanın iddiasına görə, "2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi seçicilərin ümumi sayının 25 faiz olmadığı üçün baş tutmayıb".

Müsavat Partiyası referendumun nəticələrinin ləğv edilməsini tələb etdiyini də vurğulayıb.

Bu barədə daha geniş