ReAL Hərəkatının üzvü Azər Qasımlının ölkədən çıxışına "qadağa qoyulub"

Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub Fotonun müəllifi Courtesy Photo
Image caption Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub

ReAL Hərəkatının İdarə Heyətinin üzvü, Azər Qasımlıdan ölkədən çıxışına qoyulan qadağanın səbəbini dəqiqləşdirmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə getməsi istənilib, cənab Qasımlı BBC Azərbaycancaya verdiyi müsahibəsində deyib.

"Mən müstəntiq Orxan Babayevə zəng etdim ki, sonuncu dəfə sizin idarədə olmuşam. İndi də qadağa qoyulub. Nə məsələdir? Dedi ki, xəbərim yoxdur araşdırıb məlumat verəcəyik. Xahiş etdi ki, onların idarələrinə baş çəkim", hərəkat üzvü Bakıya çatandan sonra günorta saatlarında "birbaşa" quruma gedəcəyini bildirir.

Azər Qasımlının dediyinə görə, o, Gürcüstan tərəfinə keçmək istəyərkən Böyük Kəsik keçid məntəqəsində saxlanılıb və qadağanın hansı qurum tərəfindən qoyulması haqda ona əlavə məlumat verilməyib.

Qadağanın qoyulması ilə bağlı Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb. Daxili İşlər Nazirliyi bu haqda hər hansı məlumatlarının olmadığını deyir.

Gözlənilməz

Azər Qasımlı deyir ki, sonuncu dəfə ölkədən ay yarım əvvəl çıxıb və nə gedəndə, nə də qayıdanda hər hansı problem yaşayıb. Buna görə də qadağan haqqında məlumat onun üçün "gözlənilməz olub".

Cənab Qasımlı ehtimal edir ki, ona bu qadağanın qoyulması bir müddət əvvəl Baş Prokurorluğun Ağır Cinyatlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməsi ilə bağlıdır.

"Natiq Cəfərli həbs olunandan sonra məni də idarəyə çağıraraq dindirmişdilər. Bizim flayerlərlə bağlı da suallar vermişdilər. Amma konkret bir cinayət işi yox idi ki, onunla bağlı hər hansı qadağa qoyulsun", o əlavə edir.

"Mənim hər hansı başqa idarədə dindirməm olmayıb, hər hansı inzibati xətam və ya cəzam olmayıb ki, mənim haqqımda belə bir qərar verilsin."

Azər Qasımlı deyir ki, günorta saatlarında müstəntiqlə görüşüb məlumat aldıqdan sonra qadağa ilə bağlı DİN və digər rəsmi orqanlara sorğu ilə müraciət etməyə hazırlaşır.

BBC Azərbaycancanın məsələ ilə bağlı sualına cavab olaraq DİN sözçüsü Ehsan Zahidov deyib: "Bura mətbuat xidmətidir. Nazirlikdə bilmirəm, amma bizdə yoxdur. Özü bilmir niyə qoyulub?"

Əlaqəli mövzular

Bu barədə daha geniş