Jurnalist Eldostu Mehdiyev Naxçıvanda "təzyiqlə üzləşib"

Eldostu Mehdiyev Fotonun müəllifi Eldostu Mehdiyev
Image caption Eldostu Mehdiyev, 2007-ci ildən Naxçıvan Muxtar Respublikasında jurnalist kimi fəaliyyətə başladığını deyir

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən jurnalist referendumda "saxtakarlıqlar haqqında" sosial şəbəkədə paylaşım etdiyinə görə təzyiqə məruz qaldığını deyib.

"Nömrəsi görünməyən adamlar zəng edirdi, özlərini də təqdim etmirdilər. Gecə saat 2-3-ə qədər məni yordular. Deyirdilər ki, səni yox edərik, niyə dinc durmursan", BBC Azərbaycancaya danışan Eldostu Mehdiyev bildirir.

Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-sı ölkədə referendum keçirilib.

MSK sədri Məzahir Pənahov referendum zamanı bəzi seçki məntəqələrində pozuntu hallarının baş verdiyini istisna etməyib və bu halların "nəticələrə təsir göstərmək gücündə olmasa belə" araşdırılacağını deyib.

Məsələ ilə bağlı Naxçıvan Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

"Təhlükə"

Müstəqil jurnalist Eldostu Mehdiyev deyir ki, referendum günü apardığı müşahidə zamanı "karusel əməliyyatı üçün kənddən gələn və qapı-qapı gəzdirilən insanları görüb" və bunu çəkərək sosial şəbəkədəki hesabında paylaşıb.

Cənab Mehdiyevin sözlərinə görə, zəng edənlər ondan postları pozmağı tələb etsələr də, o bunu etməyib.

"Müstəqil jurnalist qalmayıb burda, [Naxçıvanda] hamı gedib bir mən qalmışam. Mən də fəaliyyətimi gücüm çatdığı qədər davam etdirirəm. Amma çətin olduğunu da bilirəm. Fikrimdən daşınmamışam və daşınmayacam və sona qədər mübarizəmi aparacam", jurnalist əlavə edib.

Onun bildirdiyinə görə, "təzyiq və təhdidlə" bağlı yerli hüquq mühafizə orqanlarına məlumat verməyə "lüzum görmür".

"Mən təhlükəni elə o qurumların özündən də gözləyirəm, ona görə də müraciət etməyi də planlaşdırmıram", jurnalist hazırda "ara sakitləşibdir" deyir.

Eldostu Mehdiyev, 2007-ci ildən Naxçıvan Muxtar Respublikasında jurnalist kimi fəaliyyətə başladığını və bu müddət ərzində müxtəlif media qurumları, sonuncu olaraq isə Turan İnformasiya agentliyi ilə əməkdaşlıq etdiyini bildirir.