Siyasətçilər İlham Əliyevin çıxışına münasibət bildiriblər

İlham Əliyev Fotonun müəllifi Mikhail Metzel/ Getty
Image caption İlham Əliyev Sumqayıtda çıxışı zamanı bildirib ki, Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illər "dövlətimiz üçün çox ağır, faciəvi" olub

Prezident İlham Əliyevin AXC-Müsavat hakimiyyətini "mənfur ünsürlər" adlandırmasını şərh edən siyasətçilər prezidentin ifadəsi ilə razılaşmadığını bildirirlər.

İlham Əliyev çərşənbə axşamı Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında çıxış edərək Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illəri "dövlətimiz üçün çox ağır, faciəvi" adlandırıb.

O həmin dövrdəki hakimiyyətdən danışaraq bildirib ki, "hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəni dağıdıb".

Həmçinin oxuyun:İnfoqrafika - İlham Əliyev nə ilə məşğuldur?

"Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi", deyən hazırkı dövlət başçısı həmin dövrdə xalqın "əziyyət içində" yaşadığını da əlavə edib.

"İctimai rəyə hesablanmış çıxış"

Çıxışı şərh edən 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətində təmsil olunan Vurğun Əyyub deyir ki, bu, "dövlət başçısına yaraşmayan ifadə tərzidir".

Onun sözlərinə görə, Əbülfəz Elçibəy hakimiyyətinə, o hakimiyyətdən sonra müxalifət missiyasını üzərinə götürənlərə qarşı nifrət böyükdür və bu nifrət kəskin, təhqiramiz ifadələr işlətməklə bildirilir.

Müstəqilliyin ilk illərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edən Vurğun Əyyub, o dövrdə insanların əziyyət çəkərək yaşadığı iddiasını qəbul etmir.

"O zamanın göstəriciləri bunu demir", o qeyd edir.

Vurğun Əyyub prezidentin çıxışı zamanı dediyi "heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır" ifadəsini "şişirdilmiş fikir" adlandırır.

"Ölkədəki iqtisadi vəziyyət hər kəsin gözü önündədir. Azərbaycanı ən güclü dövlətlərin sırasında qələmə vermək ancaq ictimai rəyə hesablanıb və ictimai rəyi çaşdırmaq məqsədi güdür. Bu isə mümkün deyil, çünki real həyat, iqtisadi vəziyyət bu deyilənlərin əksini göstərir", o əlavə edir.

"Yarıtmaz hakimiyyət"

Image caption Zərdüşt Əlizadə Azərbaycanın hazırda ağır iqtisadi böhran ərəfəsində olduğunu deyib

Politoloq Zərdüşt Əlizadə isə prezidentin dedikləri ilə razıdır.

"O hakimiyyət yarıtmaz idi, ondan əvvəlki hakimiyyət də elə idi, sonrakı da" deyən müsahibimiz fikrini belə davam etdirir:

"Azərbaycan xalqının qarşısında bir millət kimi həll etməli olduğu bir neçə məsələ durur.

"Birinci Qarabağ problemi, ikinci demokratik dövlət institutlarının qurulması, üçüncü iqtisadiyyatın inkişafı, dördüncü insan hüquqlarının və konstuitusiyanın təminatı. Bütün bunların heç birini hakimiyyətlərin heç biri həyata keçirməyib", o deyir.

Cənab Əlizadə Azərbaycanın hazırda ağır iqtisadi böhran ərəfəsində olduğunu bildirir və əlavə edir ki, "müstəqilliyin ilk illərində də, indi də xalq əziyyət içində yaşayıb".

Əlaqəli mövzular

Bu barədə daha geniş