ABŞ-dan rəylər: Referendum "qeyri-legitim" yoxsa "demokratik" prosesdir?

Seçici Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Helsinki Komissiyası Azərbaycan referendumu barədə bəyanatında deyib ki, referendum nəticəsi "azərbaycanlıların arzu etdiyi və layıq olduğu demokratik gələcəyi daha da gecikdirəcəkdir".

Helsinki Komissiyasının həmsədri Chris Smith referendumla bağlı rəyində bildirib ki, referendum "prezidentin qüvvəsinə qarşı məhdudiyyətləri azaltmaq üçün hazırlanıb."

"Yekun nəticədən asılı olmayaraq, bu referendum legitimliyi olmayan bir prosesin kulminasıyasıdır", o əlavə edib.

Həmsədr Azərbaycan hökümətinə ünvanlandırdığı müraciətdə, vicdan məhbuslarının azad edilməsi və onlara qarşı ittihamların və səyahət qadağalarının qaldırılmasına çağırış edib.

BBC Azərbaycancaya verdiyi müsahibədə, YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə Helsinki Komissiyasının bir parlamentar quruluş kimi, Azərbaycanın daxili işlərinə rəyini bildirməsini "hüquqi və mənəvi baxımdan" düz olmadığını deyib.

Fotonun müəllifi MEYDANTV
Image caption YAP partiyasının nümayəndəsi Aydın Mirzəzadə deyir ki, Helsinki Komissiyasının Azərbaycanın daxili işləri barədə rəy bildirməsi "hüquqi və mənəvi baxımdan" düzgün deyil.

Öz növbəsində, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner referendumla bağlı suallara cavabında Venesiya Komissiyasının rəyini təkrarlayaraq deyib ki, "proses daha geniş ictimai dialoqdan faydalana bilərdi".

Azərbaycan hökümətini səsvermə pozuntuları barədə məlumatları araşdırmağa çağıran sözçu, "demokratik prosesin nəticəsi nə olub olmamasına biz diktə edə bilmərik" deyib.

Dövlət Departamentinin diqqəti "mövcud olan" strukturlarla işləyərək demokratik qurumları gücləndirmək olduğunu deyən sözçü, uzunmüddətli dövlət başçısı tərəfindən idarə edilməkdə Azərbaycanın "unikal olmadığını" vurğulayıb.

Amma BBC Azərbaycancaya müsahibəsində ABŞ-ın Azərbaycana keçmiş səfiri Richard Kauzlarich Dövlət Departamenti sözçüsünün şərhlərini "dolaşıq" adlandırıb.

Cənab Kauzlarich referendumunun demokratik proses kimi təsviri ilə razı olmadığını bildirib.

O həmçinin ABŞ üçün indiki Azərbaycan hökümətində demokratik qurumları gücləndirmək üçün heç bir ortağın olmadığını deyib.

Bu mühitdə ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına yönəli necə işləyəcəyini təssəvür edə bilmədiyini deyən keçmiş səfir, "sakit diplomatiyanın işləmədiyini" vurğulayıb.

Bu barədə daha geniş