Mətbuat icmalı: "Su basmış evlərdən 24 nəfər köçürülüb"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Bakıda su basmış fərdi yaşayış evlərindən 24 nəfər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

...Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

"Bundan başqa, qeyd edilir ki, nazirliyin qurumları tərəfindən üç nəfər azyaşlı olmaqla 24 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub."

Modern.az: Daha 70 nəfərin ölkədən çıxışına qadağa qoyulub

Sayt Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirlik daha 70 nəfərin Azərbaycandan çıxışını məhdudlaşdırıb.

"Beləliklə vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 355 nəfər, hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı isə 539 nəfərə çatıb," deyə məlumatda qeyd edilir.

"Yeni Müsavat": Şeyx ərəb turistlərin Bakıya gəlişindən niyə narahatdır?

"Report"un verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır.

O deyib ki, gələn qonaq sakitcə məsciddə namaz qılıb gedərsə, bu, problem deyil: "Amma elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər.

"Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil".

Müşahidəçilərin bir qismi hesab edir ki, şeyxdə Azərbaycanda olan ərəb turistlərinin dini proseslərə müdaxilə edə biləcəkləri barədə xəbərlər var və QMİ rəhbəri bundan çıxış edərək, narahatlığını dilə gətirir.

"Digər bir qisim isə düşünür ki, ölkəmizə gələn turistlərin əsasən sünni məzhəbinə aid olması, bəzilərinin isə radikal dini cərəyanlara mənsub olduğu üçün şeyx əsasən şiə ölkəsi olaraq Azərbaycanda bunun ciddi fəsadlar törədə biləcəyini zənn edir," deyə yazıda qeyd olunur.

Politoloq Qabil Hüseynli "Yeni Müsavat"a açıqlamasında bildirib ki, "Biz ehtiyatlı olmalı, dövlətçiliyimizi qorumalıyıq. Dini zəmində müxtəlif qarşıdurma yaradanlara qarşı barışmaz olmalıyıq.

"Amma bunlara görə turist axınının qarşısını almaq, turizmi dayandırmaq düzgün olmazdı. Sadəcə olaraq, bu işdə məsuliyyət daşıyan dövlət orqanları ayıq-sayıq olmalıdırlar.

"İmkan verilməməlidir ki, onlar dini baxışlarını ölkəmizdə olan dini baxışlara qarşı qoysunlar. Ondan bir təbliğat vasitəsi kimi istifadə edərək, bir növ qarışıqlıq yaratsınlar.

Belə hallar hələ ki bu il baş vermədi. Gələcəkdə də baş verməməsi üçün Azərbaycanın hakimiyyət orqanlarından çox şey asılıdır..."

"Azadlıq": "Hökumət vətəndaşlarının təməl hüquqlarına sayqısızlığını göstərdi"

Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images
Image caption MSK sentyabrın 27-də Konstitusiya dəyişikliklərini seçicilərin 90 faizindən çoxunun dəstəklədiyini bildirib

"Freedom House" hüquq-müdafiə təşkilatı Azərbaycanda 26 sentyabr referendumuyla bağlı bəyanat verib.

"Azərbaycanın seçki komissiyası 26 sentyabr referendumunun nəticələrini qəbul etməklə öz tələblərini gözardı edib.

"Bu nəticələr seçki qutularına topa bülleten atılması, prosedurlara etiraz edənlərin saxlanması və digər ciddi pozuntuların sənədləşdirilməsinə rəğmən, qəbul edilib.

"Hökumət vətəndaşlarının təməl hüquqlarına sayqısızlığını sərgilədi", deyə qurumun beynəlxalq proqramlar üzrə vitse-prezidenti Robert Herman qeyd edir.

Mərkəzi Seçki Komissiyası sentyabrın 27-də Konstitusiya dəyişikliklərini seçicilərin 90 faizindən çoxunun dəstəklədiyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş