Azərbaycan Avropa Parlamenti ilə əlaqələri bərpa edir

Avropa Parlamenti Fotonun müəllifi AP

Avropa Parlamenti-Milli Məclis arasında Əməkdaşlıq Komitəsi Milli Məclisin AP ilə əlaqələri bərpa etməsinə dair qərarından məmnundur.

"Mənim rəhbərlik etdiyim AP nümayəndə heyəti belə bir inkişafın əldə edilməsindən məmnundur," Komitənin sədri Sajjad Karim BBC Azərbaycancaya söyləyib.

Milli Məclisin payız sessiyasının ilk iclasında "Avropa Parlamenti (AP) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" qərar qəbul edilib.

Təxminən bir il öncə AP qətnamə qəbul etdikdən sonra Azərbaycan qətnaməni "ədalətsiz və qeyri-obyektiv" adlandıraraq AP ilə münasibətlərini kəsib.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan "imtina etməyib, etmək fikrində olmayıb", APA yazır.

Cənab Səmədovun sözlərinə görə, AP bir il ərzində rəsmi və qeyri-rəsmi şəkildə münasibətləri bərpa etməyə çalışıb.

"Onlara bir fikir çatdırılıb ki, Azərbaycanla bağlı öz münasibətlərində çox ciddi dəyişiklik etməlidirlər. Biz dedik ki, Azərbaycanla ikitərəfli münasibətlərin bərpasını istəyirlərsə, Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat əldə etmiş nümayəndə heyəti göndərməlidirlər.

"Belə də oldu və bu il sentyabrın 19-da Azərbaycana geniş tərkibdə nümayəndə heyəti gəldi. Avropa Parlamenti belə geniş tərkibdə hələ heç bir ölkəyə nümayəndə heyəti göndərməyib."

AP-nin 15 nəfərlik nümayəndə heyəti sentyabrın 19-21-də Bakıya səfər edib, prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Səməd Seyidov parlamentarilərin Azərbaycana səfərini "dönüş nöqtəsi" adlandırıb.

"Azərbaycan prezidenti faktları ortaya qoydu və onlar anladılar ki, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya qoymalıdır."

Parlametin spikeri Oqtay Əsədov əlavə edib ki, bir çox avroparlamentarilər təklikdə görüşdə keçən ilki qərara görə üzr istəyiblər.

İclasda həmçinin bildirilib ki, Avronestlə bağlı qərar üzərində də işləyəcək qrup yaradılıb.

Ötən il sentyabrın 10-da AP Azərbaycana dair qətnamə qəbul edib. Avropa Parlamentinin qətnaməsində Azərbaycanda insanları siyasi baxışlarına görə təqib edən siyasətçilərə, rəsmilərə və hakimlərə qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə çağrılıb.

Təxminən dörd gün sonra, sentyabrın 14-də Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasına və Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmamasına qərar verib.

Həmçinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştirakı da dayandırılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş