Mətbuat icmalı: Vergidən yayınanlar məhkəməyə verilib

Fotonun müəllifi Getty Images

"Azadlıq": Bəzi ərzaq məhsullarına gömrük idxal rüsumları müəyyənləşdirilib

Nazirlər Kabineti Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bundan əvvəl də bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumunun tətbiq edildiyi bildirilir.

Fins.az: Vergidən yayınanlar məhkəməyə verilib

20 min manatdan çox məbləğdə vergi borcunu ödəməkdən yayındırdıqlarına görə 80 nəfərin barələrində açılan cinayət işi məhkəməyə göndərilib.

Vergilər Nazirliyindən fins.az -a verilən məlumata əsasən, həmin vergi ödəyicilərinin yanvar-sentyabr ayları üçün siyahısı yenilənib.

Bildirilib ki, onlardan 67 nəfəri hüquqi şəxs, 13 nəfəri isə fiziki şəxsdir.

"Azərbaycan": Roma Papası Bakıda səfərdə olub

Fotonun müəllifi STR/ Getty

Oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Francis-i hava limanında prezident İlham Əliyev qarşılayıb. Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası ilə görüşü olub.

Sonra Prezident İlham Əliyevin ailə üzvləri Papa ilə görüşüblər.

Papası Francis prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim edib.

"Roma Papası bildirib ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir," məlumatda deyilir.

Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edib.

Roma Papası Bakıdakı Katolik Kilsəsində messa - dini mərasim keçirib.

Əlaqəli mövzular