Mətbuat icmalı: Azərbaycan ATƏT-in tədbirində "tənqid olunub"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Hakimiyyət ATƏT-in tədbirində sərt tənqid olunub

Ötən həftə ATƏT-in Varşavada keçirilmiş plenar iclasında üzv ölkələrin təşkilat qarşısındakı öhdəliklərinə baxılıb və qiymət verilib.

"İclasın hər günü bir mövzuya həsr olunub və hər bir məsələ üzrə ABŞ nümayəndəsi Maykl Kozak bəyanat verib, onların hər birində Azərbaycanın da adı çəkilib.

...Fikir, vicdan və dini etiqad azadlığı mövzusunda o qeyd edib ki, Azərbaycanda qeyri-ənənəvi dini qruplar, xüsusən Bakı hüdudlarından kənarda olan qruplar hüquqi qeydiyyatla bağlı maneələr yaşayır. Bu qrupların üzvləri azad şəkildə, polis reydlərindən, cərimələrdən, saxlanılmaqdan, həbs və ya təqibdən qorxmadan öz dinlərinə etiqad edə bilmirlər. Bir çox dindarlar həbsə atılır.

Toplaşmaq azadlığı ilə bağlı iclasda Kozak deyib ki, ...Azərbaycanda hökumət bu yaxınlarda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı mitinqlərə icazə verib, amma mitinqlərdən əvvəl də, sonra da fəallara və jurnalistlərə qarşı qarayaxma və onların saxlanılması faktları olub," məlumatda deyilir.

"...Biz hökuməti dinc toplaşmaq azadlığını həyata keçirərkən və ya həyata keçirməyə cəhd edərkən saxlanılanları dərhal azad etməyə çağırırıq və Venesiya Komissiyasının Konstitusiyaya dəyişikliklər üzrə təkliflərin hakimiyyəti prezidentin əlində cəmləşdirdiyi və icra hakimiyyətinin hesabatlılığını daha da azaltdığı barədə rəyini narahatlıqla qeyd edirik", deyə Kozak bildirib.

Media azadlığına həsr olunmuş sessiyada isə Kozak belə deyib: "Azərbaycanda əvvəlki kimi müstəqil kütləvi informasiya məkanları üçün məkanın daraldılmasından narahatdırlar. Müstəqil "Azadlıq" qəzetinin maliyyə direktorunun həbs edildiyi andan etibarən qəzetin nəşr edilməsi üçün imkan olmayıb..."

Fotonun müəllifi TREND.AZ
Image caption Cahangir Hacıyev ötən ilin dekabr ayında həbs olunub.

fins.az: Vəkil: "Cahangir Hacıyevin həyat yoldaşı üçün Britaniyaya istintaq qrupu göndərilib"

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı"nın keçmiş sədri Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

C.Hacıyevin vəkili müdafiə çıxışı edib və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Günün ikinci yarısında keçirilən prosesdə C.Hacıyevin digər vəkili Aqil Layicov da müdafiə çıxışı edib. O qeyd edib ki, C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın arxasınca Böyük Britaniyaya istintaq qrupu göndərilib, ancaq onu gətirə bilməyiblər. "Necə oldu Zamirə Hacıyevanın arxasınca qrup yaradıb xaricə gedirsiniz, amma Xəqani Bəşirovu gedib dindirə bilmirsiniz? Niyə gətirmədiniz Zamirə Hacıyevanı?" - deyə vəkil sual edib.

"Azərbaycan": ABŞ Dövlət Departamenti Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə aydınlıq gətirib

Keçən həftə ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Atlantik və Aspen İnstitutunda dünyanın müxtəlif yerlərində münaqişələri müzakirə edərkən deyib ki, hazırda Dağlıq Qarabağ ətrafında Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll edilməsi üçün şərait yetişməyib, çünki "liderlər buna hazır deyil".

Həmçinin oxu:John Kerry-nin bəyanatına reaksiyalar

Oktyabrın 3-də ABŞ Dövlət Departamentinin press-brifinqində Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo AZƏRTAC-ın xüsusi müxbirinin xahişi ilə dövlət katibinin Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verib.

"E. Trudo öz cavabında qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir.

E. Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələrinin vacibliyini bir daha vurğulayıb," deyə məlumatda qeyd olunur.

"Xalq qəzeti": İran DİN Azərbaycan FHN-i ilə sıx əməkdaşlıqda maraqlıdır

Oktyabrın 3-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

"O, əlavə edib ki, ikitərəfli əlaqələrin geniş potensialı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır," məlumatda deyilir.