Ermənistan Hələbə humanitar yardım göndərib

Yerevan
Image caption Məlumata görə, Hələbə göndərilən yardım, əsasən, un, şəkər və konservlərdən ibarətdir.

Ermənistan son günlər raket atəşinə və havadan zərbələrə məruz qalan Suriyanın Hələb şəhərinə humanitar yardım göndərib. 20 ton ərzaq yüklənmiş ilk təyyarə bu gün Hmeymim hava limanında eniş edib.

"Ermənistan Xarici İşlər Nazirliyi humanitar yardımın Suriyaya çatdırılması üçün Rusiya XİN və Müdafiə Nazirliyinə təşəkkürünü bildirir", - Ermənistan XİN-in Twitter hesabında deyilir.

Məlumata görə, Hələbə göndərilən yardım, əsasən, un, şəkər və konservlərdən ibarətdir.

XİN-in yaydığı məlumatına görə, Ermənistan prezidentinin sərəncamı ilə Suriyada zərərçəkənlər üçün 2 təyyarə humanitar yardım göndəriləcək.

Ermənistan informasiya agentlikləri bildirir ki, Hələbin "şiddətli raket atəşinə tutulması" nəticəsində avqust-sentyabr aylarında yerli erməni icmasının 8 üzvü həlak olub, 11 nəfər yaralanıb.

Eyni zamanda, rəsmi Yerevan suriyalı erməniləri Ermənistana evakuasiya etməyi planlaşdırmır.

"Ermənistan hökuməti Suriya ermənilərinin evakuasiya məsələsini nəzərdən keçirmir", - Ermənistan XİN mətbuat katibi Tiqran Balayan jurnalistlərə deyib.

Bəzi siyasi və ictimai xadimlər rəsmi Yerevanı "atəş altında qalan soydaşları" evakuasiya etməyə çağırırlar. Sosial şəbəkələrdə Ermənistan hökumətinin "fəaliyyətsizliyi" tənqid edilir, humanitar yardımı "gecikmiş tədbir" hesab edirlər.

Müharibədən əvvəl mətbuat Hələbdə 60 minlik erməni icmasının yaşadığı bildirirdi. Son məlumatlara görə, hazırda Hələbdə 10 minə yaxın erməninin qaldığı təxmin edilir.

Bu barədə daha geniş