Britaniya mətbuatı: Kardashian-ın qarət olunması "suallar doğurub"

"The Daily Mail" yazır ki, Paris müstəntiqləri teleşou ulduzu Kim Kardashian-ın qarət edilməsi və onun 10 milyon dollarlıq zinət əşyalarının oğurlanmasını araşdırdığı bir vaxtda, hadisənin necə baş verməsinə dair şübhəli suallar ortaya çıxıb.

"The Mail Online" Michael Jackson-un keçmiş cangüdəni, əlbəyaxa döyüş növləri üsrə ustad Matt Fiddes-lə söhbətdən sonra bu qərət haqqında şübhələri ifadə edən 10 sual qoyub:

Birincisi, Kim Kardashian və onun stilist dostu Simon Harouche mühafizəsi olmayan mənzildə 10 milyon dollarlıq cəvahiratla niyə qalıblar? Niyə onun ailəsi və başqa personalı ulduzdan 2 kilometr aralıda olan Four Seasons George V Hotel mehmanxanasında qalırmışlar?

Cənab Fiddes "The Mail" qəzetinə deyib ki, o, özünün iş təcrübəsində bir dəfə də olsun Jackson-u tamamilə tək qoymayıb.

"Kardashian heç bir vəchlə təhlükəsizlik xidməti olmayan yerdə qalmamalı idi" - deyib Fiddes.

İkincisi, mənzillərinin həftəlik kirayə haqqı 10 min dollar olan binada təhlükəsizlik kameraları niyə olmayıb?

Cənab Fiddes deyib ki, Kardashian ölçüsündə ulduzun qaldığı yerdə nəinki bayır, həm də içəri kameraları olmalı idi.

Təhlükəsizlik eksperti bu qənaətdədir ki, Kimin hətta yataq otağında da kamera qurulmalı və o yuxuda ikən kimsə bu kameranın monitoruna bütün gecəni nəzarət etməli idi.

"Bu standart tədbirdir. Burada nə isə qaranlıq bir məqam var" - deyib Fiddes.

Üçüncüsü, nə üçün vaxtilə Madonna və Leonardo di Caprio-nun yaşadığı bu binada gecə yalnız bir gözətçi olmalıydı? Axı bu binada çalışan onlarca aşpaz, sürücü və başqa xidmət heyəti var.

Cənab Fiddesin fikrincə, ən böyük sualı Kardashian-ın cangüdənlərinin onunla qalmaması doğurur.

Onun fikrincə, Kardashian-ın binanın ətrafında inanılmış 7-8, içəridə isə 2-3 adamı olmalıydı.

"Amerikada biz Michael Jackson-la qalarkən polis məntəqəsi ilə birbaşa əlaqəmiz olurdu" - deyib Fiddes.

Dördüncüsü, qarətçilər içəridən boltlanmış zirehli dəmir qapıdan necə girə biliblər? Hadisə yerinin müayinəsi qapının zorla açıldığını göstərmir. Qarətçilər hətta polis geyimində gəliblərsə də, onları yalnız polis məntəqəsinə zəng edəndən sonra içəri buraxmaq olardı.

Beşincisi, binanın gözətçisi Kim Kardashian-ın hərəkətləri və proqramı barədə nə dərəcədə bilgili olub? Bu öyrənilməliydi.

Altıncısı, necə olub ki, Kim Kardashian-ın cangüdəni Pascal Duvier gecə klubuna onunla getməyib. Onun Kardashian-ı müşayiət etmədiyini qarətçiləri necə biliblər?

Fiddes deyir kİ, cangüdən hər an canını gülləyə verən adam olmalıdır, amma, deyəsən Kimin cangüdəni mühafizəçidən daha çox onun dostuna çevrilib.

Fotonun müəllifi Getty Images
Image caption The Daily Mail" yazır ki, Kim Kardashian-ın qarət edilməsinə dair şübhəli suallar ortaya çıxıb.

Belə olmasaydı, cangüdənin özünün sosial şəbəkə hesabları olmazdı. Bu ciddi cangüdənlər üçün mühüm şərtdir.

Yeddincisi, hadisədən dərhal sonra Kardashian-ın Fransanı tərk etməsinə niyə imkan verilib? Ciddi cinayətin qurbanları bir neçə gün hadisə yerinə yaxında olmalıdırlar.

Səkkizincisi, Kardashianlar ailəsi fövqəladə vəziyyət şəraitində olan Fransaya niyə cəmi üç cangüdənlə gəlib. Fiddesin fikrincə cangüdənləri Kardashian-ın, ümumiyyətlə Parisə səfərini məsləhət görməməli idilər.

Doqquzunçusu, necə olub ki, beş qarətçini xanım Kardashian və kimliyi müəyyən edilməmiş gözətçidən başqa heç kim görməyib?

Onuncusu, Kardashian-ın yaşadığı məhəllədə son vaxtlar bir neçə ev oğurluğu olub. Onun təhlükəsizlik qrupu bu faktı necə nəzərə almayıb?

Filippin prezidenti yenə də qəzəblənib

"The İndependent" yazır ki, Filippin prezidenti Rodrigo Duterte bu dəfə də Obamanı "cəhənnəmə göndərib".

O deyib ki, Amerika onun ölkəsinə müəyyən silahları satmaq istəməsə gedib Çin və ya Rusiyadan alacaq.

"Rusiya mənə söz verib ki, narahat olmayım. Nə istəsəm verəcəklər, - deyib Duterte, - Çin də deyib ki, istədiyin vaxt gəl, qol çək apar".

"The İndependent" yazır ki, son həftələrdə Filippin prezidenti ABŞ-a düşmənçilik hisslərini açıq nümayiş etdirir.

Fotonun müəllifi EPA
Image caption Prezident Duterte deyir ki, prezident seçiləndən bəri ABŞ ona düşmən kəsilib.

Məqalədə deyilir ki, Duterte Rusiya və Çinə ABŞ-dan şikayət edib.

Filippin prezidenti bir az da uzağa gedərək deyib ki, öz ölkəsi ilə ABŞ arasında 2014-cü ildə imzalanmış hərbi sazişə yenidən baxa bilər.

Bu sazişə əsasən Birləşmiş Ştatların silahlı qüvvələrinə Filippinin bir neçə hərbi bazasına giriş verilir.

Duterte deyib ki, Birləşmiş Ştatlar onu tənqid etmək əvəzinə Filippinin bəlası olan narkomaniyaya qarşı mübarizədə ona dəstək verməli idi.

"Onda rədd ol cəhənnəmə, cənab Obama! - deyib Filippin prezidenti, - Avropa İttifaqı da cəhənnəm odunda yansın. Cəhənnəm bunların əlindən dolub artıq".

Duterte gileylənib ki, o may ayında prezident seçiləndən bəri ABŞ ona düşmən kəsilib.

"The İndependent" yazır ki, Washington bundan əvvəl prezident Obamaya ana söyüşü söyən Dutertenin bəyənatlarını görməməzliyə vurmağa çalışır.

Erdoğanın təhqirinə dair araşdırmaya xitam verilib

"The Guardian" qəzetinin yazdığına görə, Almaniya prokurorları bildiriblər ki, mart ayında televiziya verilişində Türkiyə prezidenti Recep Tayyip Erdoğanı ələ salan satirik şair Böhmermann barəsində cinayət işini dayandırıblar.

Fotonun müəllifi Reuters
Image caption Jan Boehmermann Erdoğan barədə şeirini ZDF televiziya kanalında oxumuşdu.

Onlar bildiriblər ki, bu işin tərkibində cinayət yoxdur.

Türkiyə hökuməti cənab Erdoğan barədə təhqiramiz şeirin telekanalın saytından silinməsini tələb etmişdi.

Media kansler Angela Merkeli Böhmermann barəsində cinayət işinin qaldırılmasına yol verdiyinə görə kəskin tənqid etmişdi.

Almaniya qanunlarına görə xarici dövlət xadimləri barədə təhqirlərə görə 3 ilədək həbsxana cəzası nəzərdə tutulur.

Lakin buna baxmayaraq, Böhmermann üçün hüquq müstəvisində çəkişmə hələ başa çatmayıb, beləki Hamburq məhkəməsi noyabrın 2-də cənab Erdoğanın təhqiri barəsində şəxsi şikayət ərizəsinə baxmalıdır.

Erdoğan-ın vəkili Michael-Hubertus von Sprenger deyib ki, onun əsas məqsədi sözü gedən şeirin tamamilə qadağan olunmasıdır.

Vəkilin sözlərinə görə, bu şeirdə pornoqrafiya, heyvanlarla cinsi əlaqə, kürdlərin təpiklənməsi və xristianların şillələnməsi kimi böhtan xarakterli elementlər var.

Bu barədə daha geniş