Mətbuat icmalı: "ABŞ güclü və firavan Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

dollar Fotonun müəllifi Chung Sung-Jun

"Azadlıq": Azərbaycanda dollarlaşma dərəcəsi 82%-ə çatıb

Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il sentyabrın 1-nə 81,6% təşkil edib. Əvvəlki ay bu göstərici 80,8%, ilin əvvəlində 85%, 2015-ci ilin analoji dövründə isə 74,8% təşkil edib.

"Kreditlərin strukturunda sentyabrın 1-nə dollarlaşma dərəcəsi 48% təşkil edib. Avqustun 1-nə bu göstərici 48,2%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,12% olub," deyə məlumatda göstərilir.

"Xalq qəzeti": Bakıda Alman Birliyi Gününün 26 illiyi qeyd edilib

Oktyabrın 4-də Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı - Alman Birliyi Gününün 26 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab və Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxış ediblər.

"Azərbaycan": "Azərbaycanda elektron TAX FREE sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib

Fotonun müəllifi airportbaku.com
Image caption TAX FREE sistemi Bakı beynəlxalq hava limanında tətbiq edilməyə başlanıb

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarının birgə iştirakı ilə "Azərbaycanda elektron TAX FREE sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanda TAX FREE sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verilib.

"TAX FREE sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistem tədricən bütün sərhəd-buraxılış məntəqələrində tətbiq olunacaq," deyə təqdimatla çıxış edən nazirliyin baş idarə rəisi Samirə Musayeva qeyd edib.

Nazirliiyin rəsmisi bildirib ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixrac yönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına gətirib çıxarmalıdır.

Qeyd olunub ki, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində TAX FREE bölməsi istifadəyə verilib, rəsmi internet səhifəsində həmin bölməyə keçid yerləşdirilib. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məlumatlar nazirliyin rəsmi internet saytında və "Facebook" səhifəsində yerləşdirilib.

fins.az: BVF Azərbaycan üzrə proqnozlarını yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda Azərbaycanda ümumdaxili məhsul istehsalının (ÜDM) bu il 2,4% azalacağı bildirilir.

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.

Bundan əvvəl IMF bu il üzrə Azərbaycanda 3%-lik iqtisadi azalma, gələn il üzrə isə 1%-lik artım proqnozlaşdırıb.

"Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 12% və 9,5% olub.

2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir," deyə xəbərdə göstərilir.

Fotonun müəllifi Helene Wiesenhaan

"Yeni Müsavat": ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi: "ABŞ güclü və firavan Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Bayer "Amerikanın səsi" radiosuna və "Turan" İnformasiya Agentliyinə müsahibə verərək Azərbaycanda insan hüquqları və Qərbin demokratik institutları ilə münasibətlərdən danışıb. Səfirin sözlərinə görə, ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması Azərbaycan hökumətinin tələbi idi. Bu isə həm hökumət, həm də Azərbaycan xalqı üçün bir itkidir.

"Bildiyiniz kimi, ATƏT-in Azərbaycanla konstruktiv işini ATƏT-in tərkibindəki qurumların və onun Vyanadakı Daimi Şurasında iştirakı formasında davam etdiririk. Bununla yanaşı inanırıq ki, ATƏT-in Azərbaycandakı missiyası Azərbaycan hökuməti və xalqına, həmçinin regionun təhlükəsizliyinə müsbət töhfə verəcək. ATƏT-in Bakıdakı fəaliyyətinin bərpası üçün Azərbaycanın atacağı addım onun ATƏT ilə əməkdaşlığa hazır olmasını göstərməsi olardı. Əgər Azərbaycan tərəfi Vyanaya gəlsə və ATƏT-in Bakıda fəaliyyətinin bərpasına hazır olduğunu söyləsəydi, Amerika Birləşmiş Ştatları bunu güclü bir şəkildə müdafiə edərdi. Daimi Şuranın Azərbaycanın xahişi ilə bağlı böyük dəstəyi olardı", - deyə Bayer qeyd edib.

Bayerin sözlərinə görə, əsas məsələ odur ki, Azərbaycan hökuməti insan hüquqlarına və Azərbaycan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməli və siyasi məhbusları azadlığa buraxmalıdır:

"Ona görə yox ki, bunu Dan Bayer söyləyir, ona görə ki, bununla daha güclü, daha firavan Azərbaycan yaratmış olacaq. Amerika Birləşmiş Ştatlarının isə güclü və firavan Azərbaycanla əməkdaşlıqda uzunmüddətli marağı var".