Mətbuat icmalı: "Azərbaycanın neft gəlirləri 51 mln dollar azalıb"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Prezident tütün istehsalçılarına subsidiya verilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyevin "ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə" cərəncam imzalayıb.

Sərəncamda "emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi" nəzərdə tutulub.

"Azadlıq": Azərbaycanın neft gəlirləri 51 mln dollar azalıb

Fotonun müəllifi Bloomberg/ Getty

Bir ay ərzində Azərbaycan neftinin orta ixrac qiyməti cəmi 10 sent ucuzlaşsa da, gəlirlərə təsiri çox olub.

"SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi-nin açıqladığı məlumata görə, BTC FOB Ceyhan tipli xam neftin 2016-cı ilin sentyabr ayında orta satış qiyməti 47,30 dollar olub.

...Cari ilin avqust ayında BTC FOB Ceyhan tipli xam neftin avqust ayında orta satış qiyməti 47,40 dollar dəyərində idi.

...Avqust ayında SOCAR-ın Ceyhan və Supsa limanlarından ixrac etdyi neftdən əldə etdiyi gəlirlər (bura dövlətin mənfəət nefti də daxildir - hansılar ki, Dövlət Neft Fondunda toplanır) $477 milyon təşkil edib.

Sentyabr ayında isə SOCAR bu iki limandan $426 milyon dəyərində xam neft ixrac edib.

Cari ilin sentyabrında Ceyhan və Supsa limanlarından Azərbaycanın neft ixracı avqust ayı ilə müqayisədə 143,298 ton azalıb. Dəyər ifadəsində isə azalma $51 milyon təşkil edib," deyə məlumatda göstərilir.

"Azadlıq": "Ən böyük məsuliyyət Gömrük Komitəsinin üzərində olacaq"

İqtisadçı Qubad İbadoğlu deyib ki, "2017-ci ilin büdcəsində gömrük ödənişlərinin kəskin artımla proqnozlaşdırılması yalnız tariflərinin deyil, ƏDV-nin də dərəcəsinin qaldırılmasına hesablanıb. Bu da son nəticədə idxal mallarının bahalaşmasını şərtləndirəcək".

Mütəxəssisin sözlərinə görə, 2017-ci ilin büdcəsinin mədaxil hissəsinin artımının formalaşmasında ən böyük məsuliyyət Dövlət Gömrük Komitəsi (DGK) üzərində olacaq.

"Gələn il əsasən idxala əlavə dəyər vergisi və gömrük rüsumları hesabına formalaşacaq artıma görə DGK-dan daxilolmalar qeyri-neft büdcə gəlirlərinin 27,2 faizini, cəmi büdcə gəlirlərinin 13,8 faizini, ÜDM-in isə 3,5 faizini təşkil edəcək", iqtisadçı deyir.

"Bu halda DGK yalnız idxala ƏDV üzrə büdcəyə 1,64 milyard manat, gömrük rüsumlarına görə 454 milyon manat, aksizlərə görə 90 milyon manat və yol vergisinə görə 17 milyon manat ödəməlidir".

Əlaqəli mövzular