Mətbuat icmalı: "John Kerry-nin bəyanatı təəssüf doğurur"

Fotonun müəllifi Getty Images

"Azadlıq": "Növbəti Qarabağ əlili özünü yandırıb"

Oktyabrın 6-da Sumqayıt sakini, ikinci qrup əlil Cəmil Məmmədov polis idarəsinin qarşısında özünü yandırıb.

Anası Səlimə Məmmədova bildirib ki, oğlunun maşını cərimə meydançasına aparılıb və cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istənilib.

"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib," Səlimə Məmmədova deyib.

Həkimlər 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə alan yaralının barəsində danışmaq istəməyiblər.

"Cəmil Məmmədov 2014-cü ildə - hərbi xidməti bitirməsinə bir həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib.

Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var", xəbərdə deyilir.

Daxili İşlər Nazirliyi hələlik bu hadisə və yaralının anasının ittihamlarına münasibət bildirməyib.

"Azadlıq": "Qərar noyabrda qüvvəyə minəcək, bahalaşma artıq başlayıb"

Image caption Ekspertlər isə bildirirlər ki, indiki vaxtda yerli istehsalla ölkənin tələbatını ödəmək mümkün deyil

Nazirlər Kabinetinin qərarı ilə bəzi ərzaq məhsullarının idxal rüsumlarının artırılması ilə bağlı qərar noyabr ayında qüvvəyə minməlidir, ancaq həmin məhsulların qiyməti indidən qaldırılıb.

Nazirlər Kabinetinin məlum qərarı ictimailəşəndən dərhal sonra topdansatış məntəqələri mağazalara məhsulları yeni qiymətlərlə təqdim etməyə başlayıblar.

İdxal rüsumları artırılan ərzaqlara ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.

"Məlumata görə, yaxın günlərdə digər ərzaq məhsullarının, xüsusilə bitki yağlarının , ət və ət məhsullarınn, südün idxal rüsumları da artırılacaq...

Ekspertlər isə bildirirlər ki, indiki vaxtda yerli istehsalla ölkənin tələbatını ödəmək mümkün deyil. İdxal rüsumlarının artmasından sonra ərzaq məhsullarının bahalaşması da bu səbəbdəndir," yazıda deyilir.

Ekspertlər deyirlər ki, əgər bu məhsullar Azərbaycanda istehsal edilirsə bahalaşma baş verməməliydi.

"Azərbaycan": "ReTweet" kampaniyasına yekun vurulub

Oktyabrın 6-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referenduma dəstək məqsədilə Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə reallaşdırılan "ReTweet" kampaniyasının bağlanışı olub.

Tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının təmsilçiləri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ARGTMŞ-nin sədri Seymur Hüseynov çıxış edərək "Xətdə" proqramı çərçivəsində həyata keçirilən "ReTweet" kampaniyasının ilk təcrübə olmadığını bildirib.

O qeyd edib ki, gənclərin fəal şəkildə qoşulduğu "ReTweet" kampaniyası çərçivəsində referendumla bağlı #GoReferendum həştəqi ilə yayımlanan 8463 tvitə 44 min 541 profildə 1 milyon 257 min 115 dəfə baxılıb.

Milli.az: Novruz Məmmədov: "John Kerry-nin bəyanatı təəssüf doğurur"

Ötən gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, "ABŞ dövlət katibi John Kerry-nin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı Azərbaycanı təəccübləndirir və məyus edir".

Cənab Məmmədov qeyd edib ki, münaqişənin tənzimlənməsində iştirak edən superdövlətin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur.

"ABŞ da Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlarda qətnamələr və qərarlar qəbul edilib.

"ATƏT-in Minsk qrupuna üzv olan 3 dövlətin prezidentləri də status-kvonun dəyişməli olduğunu bəyan ediblər.

"Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi haqqında bir cümlə deyə, mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər.

"Ona görə də Azərbaycan John Kerry-nin bəyanatını qəbul etmir", deyə Novruz Məmmədov bildirib.

Əlaqəli mövzular