Rus alimləri deyirlər ki, Krım özü "Rusiyaya doğru hərəkət edir"

NASA şəkilləri Fotonun müəllifi NASA
Image caption Krım yarımadası şimal-şərqə doğru "sürüşür"

BBC Monitorinq yazır ki, rus alimlərin dediyinə görə Krım yarımadası şimal-şərqə doğru "sürüşür".

Rusiya alimləri deyirlər ki, siyasi mübahisə predmeti olan Krım yarımadası tədricən Rusiyaya yaxınlaşır və nəhayət 1, 5 milyon ildən sonra onun ərazisinə birləşəcək.

İnterfax agentliyi xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun başçısı Aleksandr İpatovun dediyinə görə 2014-cü ildə Ukraynadan Rusiya Federasiyası tərəfindən ilhaq edilmiş yarımada ildə 2, 9 mm sürətilə Rusiya ərazisinə tərəf hərəkət edir.

"Krım Rusiyaya birləşəndə biz özümüzə belə bir sual verdik ki, Krım hara gedir? Belə bir nəticəyə gəldik ki o Rusiyaya doğru hərəkət edir", - deyib İpatov. O əlavə edib ki, bu məlumat zarafata oxşasa da, ciddi elmi araşdırmaya əsaslanır.

İnterfax xəbər verir ki, yarımadanın tektonik hərəkəti Krımdakı Semeyz kəndində qurulmuş elmi cihazlar tərəfindən qeydə alınıb.

Belə bir məlumat Krımın Rusiya tərəfindən dəstəklənən lideri Sergey Aksyonovu həyəcanlandırıb. O kremlyönlü Life.ru saytına deyib: "Geoloji mənada bizim yarımada min illərdir ki, Rusiya torpağına doğru hərəkət edirmiş. Ukrayna ilə siyasi aralanma isə 23 ildir ki, davam edirdi. Krım baharı zamanı bizə bir neçə gün kifayət etdi ki, tarixi vətənimizlə birləşək".

BBC Monitorinq yazır ki, bir ovuc Rusiya müttəfiqindən başqa beynəlxalq icmadan heç kəs yarımadanın ilhaqını tanımayıb.

Bu kəşfə reaksiya olaraq Rusiya sosial media istifadəçiləri zarafat edirlər ki, Krımı Rusiya ilə birləşdirməli olan 19 kilometrlik Kerç körpüsünü tikməyə ehtiyac yox imiş, çünki yarımada özü Rusiyaya tərəf hərəkət edir.

Image caption Kerç körpüsü Rusiya ilə Krımı birləşdirməlidir

"Krım körpüsünə ehtiyac yoxdur: 300 milyon ildən sonra Krım Rusiyanın Krasnodar rayonu ilə birləşəcək" - yazır Rusiya XİN-in adından qondarma hesab.

"Qoy özü üzüb sahilə çatsın" - deyə zarafat edib başqa bir Tvitter istifadəçisi. "Komsomolskaya Pravda" isə yazır ki, bu həddən ziyadə uzun, 1, 5 milyon illik səyahət Rusiyanın körpü tikintisinə sərf edəcəyi 3, 5 milyard dollara qənaət olunmasına imkan verərdi.

Kremlyönlü "İzvestiya" qəzetinin yazdığına görə 2007-ci ildə geofizik Boris Levin demişdi ki, başqa bir mübahisəli ərazi - Kuril adaları, ildə 18 mm sürətlə Rusiyanın Saxalin adasına doğru hərəkət edir.

Bu barədə daha geniş