Sumqayıtda əmək haqqını ala bilməyən işçilər etiraz ediblər

Sumqayıt Fotonun müəllifi Wikipedia/ Electronic Arts

Sumqayıt bulvarında çalışmış işçilər əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər, işçilər bildirirlər.

Yay ayları boyunca tikintidə işləmiş və 700 manat alacağı olan Hüseyn Hüseynov BBC Azərbaycancaya deyib ki, 100 nəfərə yaxın işçi Sumqayıt Şəhər Prokurorluğu və Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında əmək haqlarının ödənilməsini tələb ediblər.

Hüseyn Hüseynovun sözlərinə görə, iş icraçısı onlara İcra Hakimiyyətinin pulu ödəmədiyini bildirsə də, İcra Hakimiyyəti bunun əksini, yəni pulu ödədiyini deyir.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Hüseyn Hüseynov artıq aksiyanın bitdiyini və onlara sabah əmək haqları ilə bağlı söz verildiyini deyib. O, əlavə edib ki, əgər əmək haqlarını ala bilməsələr Prezident Aparatının qarşısnda etiraz edəcəklər.

Onun bildirdiyinə görə, İcra Hakimiyyətinin qarşısında polis aksiyanı çəkmək istəyən bir neçə nəfərə təzyiq göstərib.

Lakin Sumqayıt şəhər polis idarəsindən BBC Azərbaycancaya deyiblər ki, aksiya barədə məlumatlı deyillər.