Erməni yazar: Xocalı abidəsinin önünə güllər qoymaq istəyirdim

Erməni yazıçı Vahe Avetian Azərbaycana "sülh üçün" gəldiyini deyir Fotonun müəllifi facebook/Vahe Avetian
Image caption Erməni yazıçı Vahe Avetian Azərbaycana "sülh üçün" gəldiyini deyir

Mən Azərbaycana gəlib Xocalı abidəsinin önünə güllər qoymaq, məscidə gedib müsəlmanlarla birlikdə dua etmək və sonra da dənizdə üzmək istəyirdim, Vahe Avetian BBC Azərbaycancaya müsahibəsində deyib.

"Mənim vizam olmadığına görə mənə girişə icazə verilmədi. Ümid edirəm növbəti səfərimdə viza şərtini aradan qaldırılar", cənab Avetian Azərbaycana sülh məqsədilə gəldiyini vurğulayır.

Hakim partiyadan olan millət vəkili erməni yazıçının "səmimiyyətinə" inanmır, siyasi şərhçilər isə incəsənət adamları "emosional olduğuna görə onların addımlarına bir qədər soyuqqanlı yanaşmanı" məqbul hesab edir.

Erməni yazar Vahe Avetian şənbə günü Kiyevdən Bakıya uçub. Hava limanına endikdən sonra sərhəd yoxlamasında o saxlanılaraq ölkəyə daxil olmasına icazə verilməyib.

Dövlət Sərhəd Xidməti isə BBC Azərbaycancaya bütün bunlardan "xəbərsiz olduğunu" deyib.

Ermənistan mediasında və sosial şəbəkələrində cənab Avetianın Bakıya səfəri barədə məlumat əksini çox tapmayıb, Yerevan müxbirimiz deyir.

"Ölsəm necə olacaq?"

Yazıçı Vahe Avetian deyir ki, Azərbaycana gəlməklə bağlı, bir neçə il əvvəl, Xocalı hadisəsinə görə üzr istəyəndən sonra düşünməyə başlayıb.

Dediyinə görə, həmin vaxt bu istəyinin sülh razılığı əldə olunana qədər mümkün olacağını heç düşünmürdü. Lakin bir həftə əvvəl "öz ölümü" barədə düşünməyə bir neçə "səbəb" yaranıb.

"Düşündüm ki, birdən mən ölsəm necə olacaq? Bəlkə bir də sabah olmayacaq" deyə öz-özünə sual edərək səfərini indi etməyi qərara alıb.

Heydər Əliyev adına hava limanına enəndə Vahe Avetian sosial şəbəkədəki səhifəsində yazıb:

"Budur, 25 ildən sonra ilk erməni öz qərarı ilə qonaq gəlir. Tarixi dəyişirik. O artıq dəyişib. Erməni Azərbaycana qonaq gəlib, azad olan digər ölkələrdə olduğu kimi, dəvətsiz və əvvəlcədən razılaşdırmadan. Sülh elə indi, bu gün başlayır!"

Dediyinə görə, vizası olmadığına görə onun ölkəyə girişinə icazə verilməyib və əlavə edir ki, hazırda İsveç vətəndaşıdır və ölkəyə giriş üçün viza lazım olmasından "xəbərsiz" olub.

"Biz isveçlilər dünyanın bütün ölkəsinə heç nəsiz [vizasız] gedə bilirik."

Cənab Avetianın dediyinə görə geri, Kiyevə qayıtmaq üçün bileti də özü əvvəlcədən alıb və uçuşa qədər hava limanında gözləyib.

O, Bakı hava limanının neytral zonasında qaldıqdan sonra bazar günü Bakını tərk edib və Borispol hava limanına çatdıqdan sonra sosial şəbəkə vasitəsilə çağırış edib.

"Son iki gündə yanımda olanlara təşəkkür edirəm. İki gündə minlərlə məktub aldım. Sülhü dəstəkləyən bütün azərbaycanlılara və ermənilərə təşəkkür edirəm. Əgər düşünürsünüz ki, bir nəfər tarixi sülhə tərəf az da olsa dəyişə bilər, onda tənbəllik etməyin, sadəcə Facebook istifadəçiləri olmayın. Sülh prosesinə özünüz də, az da olsa töhfə verin. Evlərimizdə sülh olsun!", o yazıb.

"Təqdir etmək"

"Daş yuxular" kitabına görə Azərbaycanda təzyiqlərə məruz qalan, Azərbaycan və Ermənistan arasında sülh tərəfdarı kimi tanınan yazıçı Əkrəm Əylisli erməni həmkarını tanımadığını deyir, amma "gəlişi özü dediyi kimi sülh məqsədi daşıyırsa niyyətinində sağlam məqam gördüyünü" əlavə edir.

Cənab Əylisli düşünür ki, Azərbaycanın "bəzi dairələrində bunu qəbul etməsələr də" bu addım xalq diplomatiyası üçün "əhəmiyyətlidir".

Aleksey Manvelyanın bloqu: Əkrəm Əylislinin Azərbaycanından heç bir xalq ayrılmaq istəməzdi.

Əkrəm Əylisli: "30-cu illərin ruhunda xalqdan xəbərlər gedir"Link

"Hər halda xoş niyyətlə gəlibsə, bunu mənim üçün pozitiv hərəkət hesab edə bilərdim. Ola bilsin bu, psixoloji cəhətdən müharibə vəziyyətindən bir qədər uzaqlaşdırsın. Siyasətə daxil olmayan tərəfdən ola bilsin bir az saflaşma prosesi getsin", yazıçı deyir.

Yazıçı Əkrəm Əylisli əlavə edir ki, əgər Vahe Avetian "həqiqətən də sülh niyyətiylə gəlimişdisə, bu addımı təqdir etmək olardı".

Gözlənilən effekt

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, erməni yazıçısı "elə bir böyük siyasi çəkisi olan insan olmadığına görə" onun səfəri ətrafında belə bir "ajiotaj yaratmağın tərəfdarı deyil".

"Yazıçılar bəzən kosmopolit düşüncəli insanlar olur və onlar üçün savaş, ziddiyyətlər olmur. Bu baxımdan istər Azərbaycan, istər Ermənistan yazıçıları içərisində savaşın bitməsini arzulayan, xalq diplomatiyasının genişlənməsini istəyən insanlar çox olur", deyə təhlilçi belə səfərlərin olmasını "təbii" adlandırır.

Erməni yazarın sülhə çağırışına toxunan cənab Rəşidoğlu düşünür ki, "yazıçı çağırışı gözlənilən effekti verə bilməz".

O əlavə edir ki, Qarabağ savaşı, o cümlədən Azərbaycan-Ermənistan münasibəti "beynəlxalq bir münaqişəyə çevrilib" və burada "super güclərin maraqları toqquşub".

"Buna görə də, iki ölkənin hansısa ziyalısının çağırışı effekt verə bilməz."

"Tələb etsinlər"

Millət vəkili Aydın Mirzəzadə deyir ki, erməni yazarın dəvətsiz Azərbaycana gəlişi "bir çox erməninin Azərbaycana gəlmək istəyində olmasından" xəbər verir.

Yazarın "sülh istəyi" ilə gəlməsi haqqında səsləndirdiyi fikrə münasibət bildirən cənab Mirzəzadə onun "səmiyyətinə inanmır".

"Sülh istəyən özünün rəhbərindən Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarılmasını istəyər. Qoy sülh istəyənlər öz hakimiyyətlərindən Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi tələb etsinlər. Onda biz onlara inanarıq ki, onlar həqiqətən də sülh istəyirlər", millət vəkili "torpaqları işğaldan azad etməyənə qədər onları Azərbaycana heç bir halda buraxa bilməyəcəyik" deyir.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni ordusunun nəzarətinə keçib.

BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

Həmin vaxtdan etibarən rəsmilərin razılaşdırılmış səfərlərindən başqa iki ölkə arasında gediş-gəliş olmayıb.

Səfər Ermənistan sosial şəbəkələrində az əks olunub

"Region" tədqiqatlar mərkəzinin rəhbəri Laura Bağdasaryan Vahe Avetianın şəxsi təşəbbüsü ilə "sülhməramlı missiya" ilə Bakıya səfər etmək cəhdini "qeyri-ciddi addım" kimi səciyyələndirir.

Laura Bağdasaryan deyir ki, Vahe Avetyanın Bakıya səfərini "sülhməramlı təşəbbüs addımı" hesab etmir.

"Bu bəlkə bir növ özünü xatırlatmaq, təbliğ etmək məqsədi daşıyan addımdır. Maraqlıdır, o Bakıda kimin adından və kimin qarşısında çıxış etməyə hazırlaşırdı. Bu, nə bir layihə, nə də hər hansı təşkilatlar arasında tədbir çərçivəsində gerçəkləşdirilən aksiyadır. Digər tərəfdən də, Azərbaycanda erməni tərəfi ilə birgə layihələrdə iştirak edən bütün təşkilatlar ləğv edilib", - BBC Azərbaycancaya Laura Bağdasaryan deyib.

Ermənistan mediasında Vahe Avetianın Bakıya səfəri barədə məlumat geniş şəkildə əks olunmayıb.

Yerevan müxbirimizin sözlərinə görə, sosial şəbəkələrin erməni seqmentində də Vahe Avetianın səfəri ilə bağlı azsaylı, əsasən mənfi məzmunlu, yazılara rast gəlmək olar.

Əlaqəli mövzular

Bu barədə daha geniş