Mətbuat icmalı: Cahangir Hacıyev: "Lap 117 il də iş versəniz, vecimə deyil"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Azərbaycan ilə İsveçrə arasında vizaların sadələşdirilməsi haqqında saziş imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb.

"...Görüşdən sonra nazir Elmar Məmmədyarov və federal müşavir Didye Burkhalter "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişlər imzalayıblar.

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq," deyə məlumatda bildirilir.

"Azərbaycan": Azərbaycan və Türkiyə prezidentləri "Space" televiziyasının müxbirinin sualını cavablandırıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra "Space" telekanalının müxbirinin sualını cavablandırıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: Çox xoş oldu. Qardaşımla bərabər bir arada olduq. Onun üçün də çox xoşbəxtəm.

Fotonun müəllifi PRESİDENT.AZ
Image caption Prezident Əliyev işgüzar səfərdə olduğu İstanbul şəhərində Türkiyə prezidenti Erdoğanla görüşüb

Prezident İlham Əliyevsə belə deyib: Biz hər zaman bir yerdəyik, bir yerdə olacağıq. Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər.

Prezident Rəcəb Tayyib Ərdoğan: Biz birik, bərabərik, qardaşıq.

"Azadlıq": Cahangir Hacıyev: "Lap 117 il də iş versəniz, vecimə deyil"

Məhkəmədə son sözünü deyən Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev çıxışında Bakıdan istintaq qrupunun Londona Zamirə Hacıyevanı həbs etməyə getməsi, onlara rədd cavabı verilməsi, Maliyyə naziri Samir Şərifovun 350 milyon mənimsəməsi və başqa məsələlərdən danışıb. "Azadlıq" C. Hacıyevin son sözünü dərc edib:

"...Bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Juranalistlər Bakıda oturub internet vasitəsi ilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər.

Fotonun müəllifi TREND.AZ
Image caption Prokuror Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

...Prokurorluğun, bir də "Bandotdel"in əməkdaşlarından ibarət bığı burma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu qiymətləndirdilər...

"Qarlı aşırım"da yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm. "Kişinin heyfini qadından almazlar". Apardığınız sənədləri özünüzə qaytarıblar. Nə "İnterpol"u, nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qayıtdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar. Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı...

...Britaniya vətəndaşı var, hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. "İnter"in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar?

"Xalq qəeti": İngjerd Sçou: AŞPA missiyası Azərbaycanda referendumun nəticələrini müsbət qiymətləndirib

"Oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında Ermənistan nümayəndə heyətinin üzvləri ölkəmizə qara yaxmağa, referendumla bağlı mənfi fikirlər söyləməyə çalışıblar," deyə məlumatda bildirilir.

Ermənistan nümayəndə heyətinin çıxışından sonra Norveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, məruzəçi İngjerd Sçou çıxış edib. Norveçli deputat AŞPA-nın missiyasının məruzəsində Azərbaycanda keçirilən referendumun nəticələrinin müsbət qiymətləndirildiyini bir daha diqqətə çatdırıb.

"Xalq qəzeti": AŞPA-nın Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının memorandumu təsdiqlənib

AŞPA-nın Bürosu oktyabrın 10-da Makedoniyanın assambleyadakı nümayəndə heyətinin və Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloskinin memorandumunu nəzərdən keçirib və yekdilliklə təsdiqləyib.

AŞPA missiyası belə qənaətə gəlib ki, Azərbaycanda keçirilmiş referendum ölkə qanunvericiliyinə və konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli, dinc keçib. Səslərin sayılmasında nəticələrə təsir edə biləcək pozuntular müşahidə edilməyib.

"AŞPA missiyası, eyni zamanda, bildirib ki, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir, demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib," deyə xəbərdə qeyd edilir.

"Xalq qəzeti: Səməd Seyidov: Azərbaycan qarşılıqlı hörmət əsasında bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Büro iclasında da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, ölkəmizin haqq işi ilə bağlı məsələlər qaldırılıb.

"S. Seyidov qeyd edib ki, Azərbaycan qarşılıqlı hörmət əsasında bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır.

Beynəlxalq təşkilatlar arasında Azərbaycanla münasibət, konstruktiv əlaqələr qurmaq artıq prioritet təşkil edir. Ancaq Azərbaycana qarşı mənfi cəhdlər də istisna deyil, belə cəhdlərin qarşısını almaq üçün dövlətimizin başçısının ətrafında möhkəm birləşərək mübarizə aparacağıq.

S. Seyidov bildirib ki, Azərbaycan regionda lider dövlətdir. Azərbaycanın mövqeyini hər kəs qəbul etməlidir. Bu gün Azərbaycan öz maraqlarını prioritet kimi ortaya qoyan bir dövlətdir. Ölkəmizin prioritet maraqları beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur," xəbərdə deyilir.

"Yeni Müsavat": Əli İnsanov üçün son kritik 9 gün

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun 11 illik həbs cəzasının başa çatmasına 9 gün qalır. Barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə əlavə ittihamlar elan olunan sabiq nazirin əsas cəzasının başa çatmasından sonra azadlığa çıxıb-çıxmayacağı ilə bağlı suallar davam edir.

Ehtimal olunur ki, sabiq nazir 11 illik cəzası başa çatandan dərhal sonra yenidən məhkəmə önünə çıxarılacaq. Yəni barəsində 3 maddə ilə məhkəmə prosesi başlayacaq. Bu proseslərdən sonra o, ya "ev dustaqlığı"na buraxıla, ya da şərti cəza ala bilər.

Fotonun müəllifi VOA
Image caption Barəsində 3 maddə ilə əlavə ittihamlar elan olunan sabiq nazir Əli İnsanov əsas cəzasının başa çatmasından sonra azadlığa çıxıb-çıxmayacağı ilə bağlı suallar davam edir.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sabiq nazirin azadlığa buraxılacağına inanmır: "Əgər oktyabrın 20-də İnsanovu azad etmək fikirləri olsaydı, o zaman barəsində yeni ittihamlar irəli sürülməzdi. Artıq hər kəs bilir ki, bu maddələr onu həbsdə saxlamaq üçündür. Mənə elə gəlir ki, Əli İnsanovu azad etməyəcəklər. Bununla da özləri sübut edəcəklər ki, o, siyasi məhbusdur. Amma ölkədə vəziyyət bu sarıdan dəyişə də bilər. Məhkəmə prosesində ola bilər ki, ona şərti iş versinlər, yaxud müəyyən instansiya mərhələsində onu azad edə də bilərlər. Bu insanın 70-ə yaxın yaşı var. O qədər də təhlükə törətmir. Amma İnsanovu azad etməsələr, belə fikirlər formalaşacaq ki, hakimiyyət ondan çəkinir. Oktyabrın 20-də onu birmənalı şəkildə azad etməyəcəkləri məlumdur. Cəzası başa çatan kimi, 1-2 məhkəmə prosesi ilə istintaq müddətini uzadacaqlar".

REAL sədri İlqar Məmmədovun da azadlığı gündəmdədir. "Noyabrın 18-də onun Ali Məhkəmədə kasasiya şikayətinə baxılacaq. Bu prosesdə REAL sədrinin azadlığa çıxma ehtimalları yüksək dəyərləndirilir. Artıq Avropa İnsan Haqları Məhkəməsi apreldə Şəki Apelyasiya Məhkəməsinin İ.Məmmədov barəsində çıxardığı qərardan verilən şikayət əsasında kommunikasiya mərhələsinə başlayıb. Bu amilin də Məmmədovun azad olunmasında mühüm rol oynayacağı güman edilir," yazıda deyilir.

"Azadlıq": Əliyevin anti-Qərb ritorikası maliyyə dəstəyini qeyri-mümkün edir

"Maliyyə naziri Samir Şərifovun başçılığı ilə Dövlət Neft Fondu və "Cənub Qaz Dəhlizi" QSC-nin nümayəndələrindən ibarət heyət oktyabrın 7-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında danışıqlar aparıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, danışıqların mövzusu sözügedən maliyyə qurumlarının "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsində iştirakının mümkünlüyü olub.

""Cənub" qaz dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyi qeyd olunub.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə beynəlxalq maliyyə təşkilatları çərçivəsində sıx əməkdaşlıq ətrafında müzakirələr aparılıb," deyə yazıda qeyd edilir.

"Maliyyə böhranı ilə üzləşən Azərbaycan vəziyyətdən çıxmaq üçün Qərbdən maliyyə cəlb etməyə çalışır. Amma bu maliyyənin əldə olunması üçün Azərbaycan gərək Qərbin bir sıra siyasi və iqtisadi tələblərini yerinə yetirsin. Bu tələblər əsasən iqtisadi və məhkəmə sektorunda islahatların aparılmasını, şəffaflığın təmin edilməsini özündə ehtiva edir. Digər tərəfdən İlham Əlieyvin son müşavirədə açıq mətnlə Qərbi hədəf seçməsi və bəyan etməsi ki, "biz niyə Avropaya inteqrasiya etməliyik" Qərbdən maliyyə alınmasını bir qədər qəlizləşdirir," deyə qəzet yazır.

Əlaqəli mövzular