Rusiya bankı ofisini Londondan çıxarmaq istəyir

Офис ВТБ Капитал в Лондоне Fotonun müəllifi Getty Images
Image caption VTB bildirir ki, London ofisi barədə qərar Brexit-in necə ssenari üzrə inkişafından asılı olacaq.

Rusiyanın VTB Bankı özünün VTB Capital investisiya bölməsinin Londondakı ofisini Avropa qitəsindəki ölkələrdən birinə keçirmək planlarını istisna etmir.

"Onun başqa yerə keçməsi və yaxud da Londonda qalması Brexit-in hansı ssenari üzrə inkişafından asılı olacaq", BBC Rusca Xidmətinə bankın mətbuat xidmətindən bildiriblər.

Bank həmçinin qeyd edir ki, söhbət onun məhz investisiya bölməsindən gedir.

Maliyyə qurumunun Vyanada mənzillənən Avropa üzrə baş ofisi fəaliyyətini olduğu kimi davam etdirəcək.

VTB-nin öz ofisini Londondan çıxarmaq istədiyi barədə məlumatı Financial Times qəzeti dərc edib. Məqalədə bankın idarə heyətinin sədri Gerbert Moosa istinad edilir.

Həmçinin oxu: Brexit: Aİ-ni tərk etməyin beş çətinliyi

"Londondakı ofisimizlə böyük planlarımız var idi, lakin Brexit-ə görə onlardan imtina etməli olduq", Rusiya bankının rəhbəri deyib.

Gerbert Moosun sözlərinə görə bankın direktorlar şurası yeni ofisin harda yerləşəcəyini ilin sonunadək müəyyən etməlidir.

Maliyyəçiyə əsasən hazırda bankın yeni mənzili üçün Frankfurt, Paris və Vyana şəhərləri nəzərdən keçirilir.

Mətbuata əsasən bir sıra beynəlxalq bank qərargahlarını Londondan çıxarmaq barədə düşünür.

Böyük Britaniya Aİ üzvü olduğu üçün burda yerləşən banklar ittifaqa daxil başqa ölkələrdə də sərbəst fəaliyyət göstərə bilər. Lakin Brexit qərarı bu sahədə qeyri-müəyyənlik yaradıb.

BBC mənbələrinə əsasən, ABŞ-ın Morgan Stanley Bankı Londonda mənzillənən investisiya bölməsinin 2 minədək əməkdaşını Dublin və yaxud da Frankfurta keçirməyi planlaşdırır.

Bənzər planların HSBC və Deutsche Bank-da da müzakirə olunduğu bildirilir.

İyun ayında keçirilən referendumda seçicilərin çoxu ölkənin Aİ-dən çıxmasına səs verib.

Bir çox bank üçün bu qərar gözlənilməz olub və narahatlıq doğurub.

İri beynəlxalq bankların eskpertləri Brexit nəticəsində Britaniya iqtisadiyyatının yavaşlaması və funtun zəifləməsini proqnoz edirlər.

Baş nazir Theresa May ölkənin Aİ-dən çıxmaq prosesinin gələn ilin mart ayında başlanacağını bildirib. Bu proses 2019-cu ildə tamamlanmalıdlır.

Əlaqəli mövzular

Bu barədə daha geniş