MSK referendumun yekununa dair qərar qəbul edib

Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən o qəbul edilmiş hesab edilir.
Image caption Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən o qəbul edilmiş hesab edilir

Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçirilən referendumla əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələrini tam, 1 məntəqədə isə qismən ləğv edib, MSK katibi Arifə Muxtarova deyib, APA yazır.

"11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı Sabirabad 2-ci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub", xanım Muxtarova bildirib.

Bu gün MSK-da keçirilən iclasda Konstitusiyada dəyişikliklər edilməsi üçün sentyabrın 26-da keçirilən referenduma yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi haqda qərar qəbul olunub.

Yekun qərara əsasən, səsvermədə iştirak edən 69,7 faiz seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə çıxarılan Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən o, qəbul edilmiş hesab edilir.

Geri qalmır

Ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov referedumun yekun nəticələrinin açıqlanması ilə bağlı bu gün keçirilən iclasda deyib.

"Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır", o əlavə edib.

Sədr bildirib ki, "rəvan" keçən referendumda Mərkəzi Seçki Komissiyası referendumla əlaqədar səsvermənin təşkili üçün "üzərinə düşən vəzifəni yerinə yetirib".

Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsinə əlavə və dəyişiliklər, daha 6 yeni maddənin isə əlavə olunması təklif olunur.

Konstitusiyaya edilən dəyişiliklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənədə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması da daxildir. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Bu barədə daha geniş