Mətbuat icmalı: Dövlət müstəqilliyi günü "təntənəli qeyd olunacaq"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Məhkəmə Əli İnsanov barəsində yeni həbs qərarı çıxarıb

Keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev bildirib ki, sabiq nazirə verilmiş 11 illik cəzanın müddətinin başa çatmasına bir neçə gün qalmış onun barəsində yenidən üç aylıq həbs-qətimkan tədbiri seçilib.

"Vəkil bildirib ki, oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsində rayon prokurorluğunun təqdimatına baxılıb.

Hazırda Qaradağ Rayon Prokurorluğunda Əli İnsanov barəsində avqust ayında başlanmış yeni cinayət işinin istintaqı gedir.

Prokurorluq istintaqın davam etdiyini, Əli İnsanov azadlığa çıxarsa, istintaqın gedişinə mane ola biləcəyi ehtimalını əsas gətirərək, keçmiş nazir barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə prokurorluğun təqdimatını təmin edib.

Müdafiəçinin sözlərinə görə, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib. Keçmiş nazir məhkəməyə bu barədə yazılı ərizə göndərib," məlumatda deyilir.

Əli İnsanov barəsindəki yeni həbs qərarına münasibət bildirib: "Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin qurtarmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır".

Toğrul Babayev qeyd edib ki, Əli İnsanov barəsində yeni həbs qərarından apellyasiya şikayəti veriləcək.

"Azadlıq": Faiq Əmirlinin xanımı prokurorluğu məhkəməyə verib

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin həbsindən iki aya yaxın vaxt keçir. Onun etibarnamə ilə idarə etdiyi avtomobil hələ də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin həyətində saxlanılır.

Avtomobilin sahibi, Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli əmlakının qaytarılması üçün dəfələrlə istintaq orqanına müraciət etsə də, nəticəsi olmayıb. Avtomobilin hansı səbəbdən prokurorluqda saxlanıldığı, istintaq üçün hansı əhəmiyyət kəsb etdiyi barədə də heç bir məlumat verilmir.

Üstəlik, Faiq Əmirli həbs olunan gün avtomaşını aparan polis və prokurorluq əməkdaşları onun qısa müddətdə geri qaytarılacağını bildiriblər.

"Lalə Əmirli mülkiyyət hüququnun pozulması, əmlakından istifadəyə qadağa qoyulması ilə əlaqədar məhkəməyə müraciət edib. Artıq məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsi Nəsimi Rayon Məhkəməsinə təqdim olunub," xəbərdə bildirilir.

"Azərbaycan": Dövlət müstəqilliyi günü təntənəli qeyd olunacaq

Bununla bağlı prezident İlham Əliyevin dünən, oktyabrın 11-də imzaladığı sərəncamda deyilir:

"1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.

2. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin".

"Azərbaycan": Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyası çərçivəsində qurumun plenar iclasında Azərbaycan üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə hakim seçkiləri keçirilib.

Assambleyanın üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə seçiblər. L.Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb.

Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35, Rövşən İsmayılov isə 9 səs toplayıb. Seçkilərdə 203 parlament üzvü iştirak edib. Parlamentarilərin 25-i bitərəf qalıb.

"Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəni 9 il müddətinə icra edəcək. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq," deyə məlumatda bildirilir.

Fins.az: İtirilmiş sənədlərinin vahid bazası yaradılacaq

Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib:

"Bu gün MDB vətəndaşlarının bu və ya digər ölkəyə getməsi rejimlərinin sistemləşdirilməsi üzrə qarşımızda ciddi problem dayanır.

Ona görə də bu gün Birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacağıq".

Əlaqəli mövzular