Mətbuat icmalı: ATƏT-in parlament seçkilərində iştirak etməməsi əməkdaşlığa "heç bir xələl gətirməyib"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": ATƏT-in parlament seçkilərində iştirak etməməsi əməkdaşlığa heç bir xələl gətirməyib

Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Mixael Link ilə görüşündə deyib ki, "Azərbaycan müasir çağırışların tələblərinə uyğun istənilən ciddi islahatlara getməyə hazırdır". Bahar Muradova həmçinin bildirib ki, Azərbaycan bir neçə gündən sonra müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. O qeyd edib ki, belə bir ərəfədə dost dövlətlərdən, eləcə də beynəlxalq təşkilatlardan nümayəndələrin Azərbaycana səfəri olduqca əhəmiyyətlidir. Sədr müavini ötən il Azərbaycanda keçirilən parlament seçkilərində ATƏT-in müşahidəçi qismində iştirak etmədiyini xatırladaraq bunun bizim sonrakı əməkdaşlığımıza heç bir mənfi təsirinin olmadığını bildirib.

"Xalq qəzeti": Ermənistandan axıdılan çirkab suları Kür çayında biogen maddələrin miqdarını artırıb

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib," deyə məlumatda bildirilir.

Nazirlik bildirib ki, Kür çayında su sərfi sentyabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 19 kubmetr artıb. "Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3,5, Ağstafaçayda 3,3, Ağstafaçay su anbarında isə 3,2 dəfə yol verilən qatılıq həddini keçib," məlumatda deyilir.

Fotonun müəllifi TOFIK BABAYEV/ GETTY
Image caption "Qəbələ" futbol klubunun hücumçusu Cavid Hüseynovun cəzası 1 il 2 aya endirilib və o, məhkəmə zalından azadlığa buraxılıb

Lent.az: Deputat Sevinc Fətəliyeva AŞPA-da alt komitədə sədr oldu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin bu gün keçirilmiş iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitənin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri vəzifəsinə seçilib.

Xəbərdə həmçinin deyilir ki, Azərbaycanlı millət vəkili bu vaxta qədər alt komitənin vitse-prezidenti vəzifəsini icra edib və eyni zamanda, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq hüquqları üzrə baş məruzəçisidir.

"Yeni Müsavat": Futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsi ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayətini təmin edib. Beləliklə futbolçu Cavid Hüseynov artıq azadlıqdadır.

Əlaqəli mövzular