Britaniya mətbuatı: Azərbaycanın futbol millisi "daha heç kimdən qorxmur"

Azərbaycan yığması - "sürpriz boxçası"

Şimali İrlandiyada çıxan "The Belfast Telegraph" qəzeti Azərbaycanın futbol millisinin baş məşqçisi Robert Prosinecki-dən yazıb.

Məqalədə bildirilir ki, baş məşqçi öz komandasını "sürpriz boxçası" adlandırıb.

Məşçqi Azərbaycan komandasının gələn ay Belfastda keçiriləcək oyunundan əvvəl deyib ki, onun komandası daha heç kimdən qorxub-çəkinmir.

Qəzet yazır ki, dünya reytinqində 133-cü yeri tutan Azərbaycan yığması özünün seçmə oyunlarına gözlənilməz uğurlarla başlayıb.

Məqalədə deyilir ki, Azərbaycanın San Marinonu məğlub etməsi müəyyən mənada gözlənilirdisə də, komandanın Norveçə qalib gəlməsi bir o qədər təəccüblü olub.

İndi isə Çexiya komandası ilə heç-heçə Azərbaycan komandasına C qrupunda ikinci pilləni inamla saxlamaq imkanı verib.

"The Belfast Telegraph" yazır ki, Şimali İrlandiya Almaniyaya 2-0 hesabı ilə məğlub olduqdan sonra Azərbaycandan 3 xal geridə qalır, lakin bu fərqi noyabrın 11-də Windsor Park stadionunda keçiriləcək matçda aradan qaldırmaq nityyətindədir. Həmin matçda Şimali İrlandiya elə Azərbaycan yığması ilə qaşılaşacaq.

Lakin Prosinecki deyib ki, onun komandası istənilən rəqibi məğlub etmək əzmindədir.

"Bəli mən bilirəm ki, biz Dünya Çempionatının seçmə oyunlarında hamını təəccübləndirmişik. Heç kəs belə bir nəticəni gözləmirdi. Lakin biz inanırdıq ki, istənilən komanda ilə layiqli oyun göstərə bilərik - deyib 47 yaşlı xorvatiyalı, - Biz komandada bir çox oyunçuları dəyişmişik və nə etdiyimiz bilirik. Ən vacib olanı da elə budur".

"Biz həqiqətən də çox işləyirik. Mən komandanı öz qüvvəsinə inandıra bilmişəm. İndi onlar da bilirlər ki, hamını təəccübləndirməyi bacarırlar" - deyib məşqçi.

Fotonun müəllifi Braastad, Audun/AFP/Getty Images
Image caption Robert Prosinecki deyir ki, onun komandası istənilən rəqibi məğlub etmək əzmindədir.

O qeyd edib ki. Indi Azərbaycanda böyük futbol eyforiyası var, çünki azarkeşlər indiyədək belə nəticə görməyiblər.

"Biz hər gün daha yaxşı oyun nümayiş etdiririk. Biz güclüyük və ciddi futbol oynayırıq. Bu nəticələr təsadüfi deyil - deyib Azərbaycan yığmasının məşqçisi, - Biz hələ 2016-cı il Avropa çempionatının seçmə oyunlarında Osloda Norveçi 0-0 hesabı ilə təəccübləndirmişdik, Xorvatiya ilə də heç-heçə oynamışdıq, italyanlara isə yalnız sonuncu dəqiqələrdə məğlub olmuşduq".

"Biz istəyirik ki, Azərbaycan futbol oynasın, təkcə müdafiə olunmasın" - deyib Prosinecki.

UNESCO "İsraili qəzəbləndirən" qətnamə qəbul edib

"The Guardian" yazır ki, UNESCO qədim Yerusəlimin müqəddəs yerləri - müsəlmanların əl-Həram əş-Şərif, yəhudilərin isə Məbəd dağı kimi tanıdıqları məkana münasibətlə bağlı İsrailin "artmaqda olan təcavüzünü" qətiyyətlə tənqid edib.

UNESCO-nun belə yanaşması bir çox İsrail siyasətçilərinin kəskin reaksiyasına səbəb olub.

UNESCO-nun qəbul etdiyi qətnamədə yəhudilərin inancı üçün böyük əhəmiyyət daşıyan tarixi abidələrin və əl-Əqsa məscidinin yalnız müsəlman adları çəkilir. İsrail siyasətçilərini də özlərindən çıxaran elə bu olub.

"The Guardian" yazır ki, sözü gedən tarixi abidə, ələlxüsus da son iki ildə müsəlmanlarla ifrat sağçı yəhudulər arasında çəkişmə obyektinə çevrilib.

Məqalədə deyilir ki, qətnamə 24 ölkə tərəfindən dəstəklənib və onun əleyhinə yalnız 6 ölkə səs verib.

Fotonun müəllifi Getty Images
Image caption "The Guardian" yazır ki, tarixi abidə, ələlxüsus da son iki ildə müsəlmanlarla ifrat sağçı yəhudulər arasında çəkişmə obyektinə çevrilib.

Qətnamənin əleyhinə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Hollandiya, Litva və Estoniya səs veriblər.

Rusiya və Çin qətnaməni dəstəkləyən ölkələrin sırasında olublar. 26 ölkə bitətərəf qalıb.

İsrail hökuməti bildirib ki, qətnamədə qədim Yerusəlimin bütün təkallahlı dinlər - Yəhudilik, Xristianlıq və İslam üçün mühümlüyü bildirilsə də, Məbəd dağının və ya əl-Həram əş-Şərifin yəhudilərə aid olduğundan heç nə deyilməyib.

"The Guardian" yazır ki, Məkkə və Mədinədən sonra İslamın üçüncü ən müqəddəs məkanı sayılan əl-Əqsa məscidi qədim şəhərin şərq hüdudunda yerləşir və hazırda Vəqf adlı müsəlman təşkilatının nəzarətindədir.

Qətnamədə Qərb divarı adlandırılan tarixi abidəni də yəhudilər özlərinin müqədəs ocağı bilirlər. Yəhudilər bu divara baş çəkə bilərlər, lakin onların orada ibadət etmələri qanunla qadağandır.

Qətnamədə deyilir ki, müsəlmanların ibadət azadlığı "artmaqda olan təcavüzkarlıqla məhdudlaşdırılır".

Sənəddə əl-Əqsa məscidinə və əl-Həram əş-Şərifə İsrailin sağ təmayüllü ekstremistlərinin aramsız hücumları pislənir. Bu müqəddəs ocaqlara İsrail rəsmi orqanlarının zorla müdaxiləsi tənqid olunur.

İsrailin sağ təmayüllü nazirlərindın Uri Ariel UNESCO-nun qətnaməsinə cavab olaraq adı çəkilən tarixi abidələrdə "fəallığın artırılmasına" çağırış edib.

O baş nazir Binyamin Netanyahu-ya məktubunda onu bu müqəddəs ocaqlara yəhudilərin haqlarını bərpa etməyə çağırıb.

Britaniyadakı bir çox yəhudi təşkilatları UNESCO-nun qətnaməsini "qızışdırıcı" adlandırıblar.

Qətnamənin qəbulu üçün fələstinlilərin müraciətini Misir, Mərakeş, Əlcəzair, Livan, Nigeriya, Qətər və Sudan dəstəkləyiblər.

Vərəm "qlobal qatil" olaraq qalır

"The İndependent" Ümumdünya Səhiyyə Təşkilatına istinadən yazır ki, qlobal vərəm epidemiyasının kökünün kəsilməsi istiqamətində əldə olunan tərəqqi cüzidir.

Xəstəliyin dünya boyunca hələ də geniş yayılmasına səbəb vərəm viruslarının dərmanlara qarşı müqavimətinin artmasıdır.

Məqalədə deyilir ki, hazırda bütün dünyada 10, 4 miyon vərəm xəstəsinin olduğu təxmin edilir.

ÜST-ün məlumatına görə təkcə ötən il bu xəstəlikdən 1. 8 milyon nəfər vəfat edib.

ÜST bildirir ki, vərəm xəstəliyinin əvvəllər düşünüldüyündən də geniş yayıdlığı məlum olur.

Fotonun müəllifi AFP
Image caption 2014-cü ildə vərəm xəstəliyi təximən 140,000 uşağın ölümünə səbəb olub, ÜST bilrir.

Təşkilat 2014-cü ildə dünya boyunca təxminən 9, 6 milyon adamın vərəmə yoluxduğunu təxmin etmişdi. O vaxt xəstəlik hallarına dair rəqəmlər bir qədər azaldılmışdı, çünki Hindistanda vərəmlə mübarizədə nəzərəçarpacaq irəliləyiş olmuşdu.

Bununla yanaşı ekspertlər bildirirlər ki, vərəmlə mübarizəyə əksər ölkələrdə diqqətlə yanaşılır və müalicə düzgün aparıldıqda xəstələrin sağalmasına nail olunur.

Buna baxmayaraq ən əhəmiyyətli problem budur ki, vərəm xəstəliyini törədən bakteriaynın ona qarşı hazırlanmış dərman preparatlarına müqaviməti artır. Hazırda bütün dünyada 480 min nəfər bir neçə dərmanının qarışığına müqavimətli olan vərəmə yoluxub.

Problemin faciəviliyini artıran isə budur ki, vərəm dünyada bir çox xəstəliklərdən daha çox insanın həyatına son qoyur.

ÜST bildirir ki, vərəmin öyrənilməsi və profilaktikası üçün ildə 2 milyard dollara ehtiyac var, lakin bu sahəyə ayrılan vəsaitlər heç vaxt 700 min dolları keçməyib.

Təşkilatın Qlobal Vərəm Proqramının direktoru, doktor Mario Raviglione deyib ki, vərəmlə mübarizədə tərəqqinin cüzi olması bu xəstəliyə yoluxmuş insanlar üçün əsl faciədir.

Həkimlər bildirirlər ki, vərəm bakteriyası vaxtilə xəstəliyi müalicə edən dərman preparatlarına müqavimət göstərdikcə daha çox müxtəlif preparatların qarışığından istifadə olunurdu. Lakin indi vərəm çöpləri artıq kombinə edilmiş preparatlara da müqavimət göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Margaret Chan deyib ki, hazırda xəstəliklə onun müalicəsi arasında amansız ötüş gedir.

BMT Baş Assambleyası 2030-cu ilədək vərəmdən ölüm hallarının 90 və vərəmə yoluxma hallarının 80 faiz azaldılmasını hədəf götürüb.

"The İndependent" yazır ki, ABŞ-ın USAİD humanitar yardım təşkilatı vərəmlə mübarizəyə nəhəng məbləğlərdə pul xəcləyir.

Lakin USAİD-in qlobal səhiyyə üzrə administrator müavini doktor Ariel Pablos-Méndez deyib ki, dünyanın aparıcı qatil xəstəliyi olan vərəmlə mübarizəyə xərclənən resurslar tükənməkdədir və hər bir kəs bu fonddakı boşluğu doldurmaq üçün əlindən gələni etməlidir.

Cənab Pablos-Mendez deyir ki, vərəmlə bəşəri mübarizənin təşkili zəruridir. Bütün vərəmə yoluxma hallarının 60 faizi cəmi 6 ölkənin payına düşür. Bunlar Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan və Cənubi Afrikadır. "The İndependent" yazır ki, vərəmdən ölüm halları 2000-2015-ci illər arasında 22 faiz azalıb, lakin bu xəstəlik hələ də HİV və malyariyadan daha çox insanın həyatına son qoyur.

Məqalədə deyilir ki, kombinə edilmiş preparatlara müqavimətli vərəm viruslarına ən çox yoluxma Hindistan, Çin və Rusiyada qeydə alınıb. Results antiyoxsulluq xeyriyyəsinin direktoru Aaron Oxley "The independent" qəzetinə deyib ki, vərəm xəstəliyinin hələ də meydan sulamasına səbəb siyasi marağın olmamasıdır. O deyib ki, hər il 1, 8 milyon insanın vərəmdən ölməsi şoka salan xəbərdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş