"Şekspir Xalçası": Şekspirin əsərlərindən ilhamlanan dizaynlardan ən yaxşısı seçilib

"Şekspir Xalçası" müsabiqəsinin qalibi

Uilyam Şekspirin (William Shakespeare) 450-ci ildönümü şərəfinə keçirilən və dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr edilmiş Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin qalibi Telman Şıxıyev seçilib.

O, Londonun Victoria və Albert muzeyinə və Şekspirin "Qlobus" teatrına səhayət mükafatına layiq görülüb.

Image caption Sosial şəbəkələrdə ən çox bəyənilən iş Rizvan Ələsgərə aid dizayn olub (ortada) və ona da xüsusi tamaşaçı simpatiyası mükafatı verilib

24 yaşlı Telman Şıxıyev Azərbaycan Dövlət rəssamlıq akademiyasını bitirdiyini və xalçaçı rəssam olduğunu deyir. O, hazırda Gənc Tamaşaçılar Teatrında dekorçu-rəssam kimi çalışır.

Image caption Müsabiqədə uşaqlar kateqoriyasında Fidan Kəbirlinskaya qalib gəlib

Müsabiqə British Council, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birlikdə təşkil edilib. 60-dan çox dizayn təqdim edilmiş layihəyə bu ilin mart ayında start verilib.

Image caption "Şekspir Xalçası" müsabiqəsinin qalibi Telman Şıxıyev

Qaliblərin mükafatlandırılması cümə günü Azərbaycan Xalça Muzeyində baş tutub. Tədbirdə ən bəyənilən 15 dizayn təqdim olunub.

Xalça dizaynlarında Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri ilə yanaşı Azərbaycan xalçaçılığına aid naxışlar, eskiz və simvollar təsvir edilib.

Müsabiqədə uşaqlar kateqoriyasında Fidan Kəbirlinskaya, eskiz kateqoriyasında Surayya Muğanlı qalib gəlib.

Münsiflər heyətinin xüsusi mükafatı Məmmədhüseyn Hüseynova təqdim edilib. Sosial şəbəkələrdə ən çox bəyənilən iş isə Rizvan Ələsgərə aid dizayn olub və ona da xüsusi tamaşaçı simpatiyası mükafatı verilib.

Mükafatları qaliblərə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Carole Crofts, British Council Azərbaycanın direktoru Elizabeth White, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digərləri təqdim edib.

Qalib gəlmiş üç dizaynda xalçalar toxunulacaq.

Müsabiqədə uşaqlar kateqoriyasında Fidan Kəbirlinskaya, eskiz kateqoriyasında Surayya Muğanlı qalib gəlib

Əlaqəli mövzular