Mətbuat icmalı: Cahangir Hacıyevə hökm oxunub - 15 il

Fotonun müəllifi TREND.AZ
Image caption Cahangir Hacıyev onu qarşı irəli sürülən ittihamları rədd edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı " ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və hökm oxunub, fin.az bildirir.

Məhkəmə kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az: Terrorçuları maliyyələşdirənlərlə bağlı yeni qaydalar müəyyənləşib

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinərək aşkarlanan aktivlərin dərhal dondurulması üçün yeni qaydalar müəyyənləşdirilib.

Bu, Milli Məclisin bu günkü plenar iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən yeni 40-4-cü fəsildə (Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat) əksini tapıb.

"Yeni fəsildə əks olunan maddələrdə müvafiq icra hakimiyyəti tərəfindən aparılan yoxlama zamanı terrorçuluğun maliyyələşdirilməsində aşkar olunan fiziki və hüquqi şəxslərə məxsus aktivlərin dərhal məhkəmə yolu ilə dondurulması və görüləcək tədbirlər təsbit olunub.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib," xəbərdə deyilir.

"Azadlıq": Milli Şura rəhbərliyi "Bandotdel"ə çağırılıb

"Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Oktay Gülalıyev, Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli oktyabrın 14-nə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb. BMCQMİ-nin İstintaq Şöbəsinin rəis müavini Canpolad Daanov adı çəkilən şəxsləri saat 10:30-dan yarım saat intervalla idarəyə dəvət edib. Məlumatı həmin şəxslər özləri feysbuk səhifələrində yayıb. Amma hansı səbəbdən çağrılmaları barədə onlara məlumat verilməyib," qəzet yazır.

Öz facebook səhifəsində məsələyə münasibət bildirəm AXCP sədri Əli Kərimli yazıb ki, "Gözəl Bayramlı mənim müavinimdir. Mənim tapşırıqlarımı yerinə yetirir. Onun siyasi fəaliyyətinə görə mən məsuliyyət daşıyıram. Suallarınız varsa, məni dəvət edin, cavablandırım. Azərbaycanın mübariz, fədakar, vətənsevər xanım siyasətçisindən - Gözəl Bayramlıdan isə əl çəkin!".

Gözəl Bayramlının özü də facebookda MCQMİ-yə çağırılmasına reaksiya verib: "Bir an belə mübarizəni dayandırmaq yox! Şəxsən öz adıma deyirəm, öldü var, döndü yoxdur. Azərbaycanın bu rejimdən xilas olacağı günə qədər mübarizənin ən ön sırasındayam. Mübarizə varsa, həbs daxil hər şeyi göz önünə almaq da var. Bu gün həbsdə olan mübarizə dostlarımın heç birindən artıq deyiləm Lütfən, narahat olmayın. 1988-ci il noyabr ayının 23-dən 24-ə keçən gecə ilk dəfə rus qoşunları Azadlıq meydanına yeridiləndə əl-ələ tutuşub meydanı tərk etməyənlərin sırasında olanlardanam", deyə o yazıb.

Azərbaycan": XİN: Rusiya Prezidentinin köməkçisinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması təəccüb doğurur

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur.

Image caption Hikmət Hacıyev Rusiya Prezidentinin köməkçisinin açıqlamasının təəccüb doğurduğunu deyib.

"H.Hacıyev qeyd edib ki, Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir. Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir.

...Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcəkdir," məlumatda deyilir.

"Yeni Müsavat": Dini ekstremizmlə bağlı cəzalar sərtləşdirilir: 20 il və ya ömürlük həbs!

Oktyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib.

Cinayət Məcəlləsinə yeni əlavə edilməsi təklif olunan 167-1.4 maddəsinə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək. Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə isə şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bundan başqa, Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunub. Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib," xəbərdə deyilir.

Əlaqəli mövzular