ABŞ prezident seçkiləri: mən Texas-dan olan gizli Trump tərəfdarıyam

Trump Fotonun müəllifi AFP
Image caption Londonun şimalında belə bir şey görə bilməzsiniz

Bu ilin martında 2003-cü il istehsalı olan "Cadillac DeVille"imin təcili təhlükəsizlik yoxlamasına çağırıldığı barədə email aldım. Mənə dedilər ki, maşınımı təmir üçün Texas-dakı yerli dilerə aparım.

Bu hekayədə qeyri-adi bir şey olmazdı. Ancaq mən Londonun şimalında yaşayıram, özümün də "Cadillac - DeVille"-filan sahibi olmaq fikrim yoxdur.

Bir az araşdırmadan sonra anladım ki, məni Reuben R adlı bir kişi ilə səhv salıblar. Necə olubsa mənim elektron ünvanım onun kimliyinə qoşulub.

Üç ay sonra mən yenə də Reuben R-ə ünvanlanmış daha bir ismarıc aldım. Bu dəfə Respublikaçı Senatorların Milli Komitəsindən. Məni Donald Trump üçün ad günü açıqcasını imzalamağa dəvət edirdilər.

Mənim bunu etmədiyimi görüb, daha bir məktub göndərdilər. Yazılmışdı ki, açıqcanı imzalamaq üçün son tarix uzadılıb.

Bu, Reuben R-ə ünvanlanmış Trump-la bağlı elektron məktublar silsiləsinin başlanğıcı idi. Görünür bu Reuben R Republikaçılar Partiyasının prezidentliyə namizədinin sadiq tərəfdarıdır. Ancaq bu məktublar mənə, Atlantikanın bu biri sahilində yaşayan sol meylli qadın yazara gəlirdi.

Mən öz ikili həyatımdan həzz almağa başladım. Növbəti dəfə mənim adımı Respublikaçıların rəsmi Qeyd Kitabına salınmağa layiq gördülər. Cəmi 25 dollara! "Biz sizə bir aparıcı mühafizəkar kimi Respublikaçılar Partiyasına çoxillik töhfənizə və xidmətinizə görə təşəkkür etmək istəyirik," deyə elektron məktubda yazılmışdı.

Mən qürur duymağa başladım. Ancaq bu qürur 25 dolları ödəyəcək qədər deyildi.

Bundan sonra mənə təklif olundu ki, həyətimə "Trump-a səs ver" nişanı taxım.

Fotonun müəllifi AFP

"Məhəllədə nişan taxmamış yeganə Trump tərəfdarı olmayın" - mesajda deyilirdi. Hərçənd yaşadığım yerdə kiminsə həyətində belə bir işarənin olması ehtimalı yoxdur.

"Görəsən "Trump-a səs ver" nişanını taxım?"- deyə düşündüm. Həyətimin girişində artıq iki işarə var idi. Biri uşaqlarımın məktəb yarmarkası barədə idi, digəri isə yerli sakinləri evsizlərə köməyə çağırırdı. Çətin ki, üçüncü işarəyə yer tapılardı.

"UNUTMAYIN," email-də deyilirdi, "bütün həyət nişanları qürurla ABŞ-da istehsal edilib! Bu, SİZİN SEÇİMİNİZDİR: həyətinizi yenidən böyük edin!" ("Amerikanı yenidən böyük edək!" bu seçkilərdə Donald Trump-ın mottosudur-tərc.)

Mən amerikan həyəti barədə düşünəndə ağlıma filmlərdə gördüyüm geniş, yaxşı biçilmiş otluq, eyvanda yelləncək, həyətdə balaca uşaqların oynaya biləcəyi suçiləyən gəlir.

Mənim yaşadığım terraslı evdə ön qapıya aparan qısa cığır, bir topa çınqıl və çoxlu alaq otu var. Mənim "həyətim" heç vaxt "böyük" olmayıb. Ona görə də onun "yenidən böyük" olmaq şansı çox azdır.

Ancaq, həyət nişanı istəməsəm də, Trumpı dəstəkləmək üçün başqa yollar da var idi. Məsələn, cəmi 3 dollara Donald Trump-ın xüsusi qonağı kimi onunla şam yeməyinə qatılmaq üçün lotereya oynaya bilərdim. Yaxud da, 12 dollara məhdud sayl Trump-Pens maşın maqnitlərindən birini ala bilərdim.

"Bax indi "Cadillac DeVille"im olsaydı maqniti ona yapışdırardım," deyə köks ötürdüm.

Fotonun müəllifi GM
Image caption Sahibi olmadığım Cadillac DeVille avtomobili

Seçkilər yaxınlaşdıqca pula tələbat get-gedə artır.

Belə çıxır ki, cənab Trump-la prezidentlik arasında yalnız və yalnız mənim ödədiyim ianə dayanır.

Məktublar "Trumpın ən yaxşı tərəfdarlarından biri kimi..." ifadəsi ilə başlayır və "məqsədimizə çatmaq üçün hər bir respublikaçı sizin köməyinizə güvənir" kimi emosional sonluqla bitir.

Cümlələrdə "Əziz həmvətən" kimi vətənpərvərliyə və "Allah sizi qorusun" kimi xristianlığa işarə edən ifadələr də var.

Elektron məktublar iri şriftlər və çoxlu rənglə format olunur - məni darıxmağa qoymurlar. Bir az da ibtidai məktəblər üçün onlayn resursa bənzəyir. Davamlı olaraq elə təəssürat yaratmaq istəyirlər ki, sanki Donald Trump təkcə mənə yazır: "Mən sənin mənimlə fəxr etməyini istəyirəm, Reuben."

Hər abzasın sonunda da qırmızı "Trump-ın qələbə fondunu dəstəkləyin!" düyməsi yerləşdirilib.

İyunda zəhlətökən Trump məktublarına yenidən seçilmək istəyən floridalı respublikaçı senator Marco Rubionun da məktubları qoşuldu.

"Mən işçilərimdən xahiş etmişəm aşağıda eksklüziv, təhlükəsiz düymələr düzəltsinlər ki, siz ianə verəndə mən şəxsən bundan xəbər tutum," senator mənə deyirdi. "Yalnız sizin bu gün DƏRHAL atacağınız addım sayəsində biz ABŞ Senatının Respublikaçıların nəzarətində qalmasını təmin edə bilərik."

Kampaniyanın uğuru mənim çiyinlərimdə olsa da, mən ianə vermədim. Bu zaman mən senator Rubio-nun özündən belə bir məktub aldım. "Bu məyusedicidir. İndicə kampaniya menecerim Klint mənə məlumat verdi. Bu yaxşı deyil. Rüblük son tarixdən əvvəl mənə səndən xəbər gəlmədi. Bu, məni çox çətin vəziyyətə salır."

"Ah Marco", deyə mən düşündüm. "Mən səni məyus etdim. Mən Klinti məyus etdim. Ən betəri, mən özümü məyus etdim."

Fotonun müəllifi AFP
Image caption Marco Rubio: Onu məyus etdim?

Birdən ağlıma gəldi ki, məni Reuben R-lə səhv salıblarsa, bəlkə onu da mənimlə səhv salıblar.

Görəsən o, özünün Texas-dakı evində oturub Londonun şimalında yerləşən ibtidai məktəbin valideyn iclaslarına dəvətlər alırmı? Görəsən düşünürmü ki, niyə Britaniyanın qadın geyimi dükanlarından ona endirim vauçerləri gəlir?

Bəs görəsən ölkənin ən öndə gedən mühafizəkarlarından biri kimi tanınmaq şansını əldən vermək nə dərəcədə kədərlidir?

Axı niyə heç kim ona adını Respublikaçıların rəsmi Qeyd Kitabına saldırmağı təklif etməyib? Niyə bütün küçələrində Trump işarəsi taxılmamış yeganə həyət onunkudur?

Ən kədərlisi isə, onun 2003-cü ilə aid "Cadillac DeVille"i niyə xarab olub?

Əlaqəli mövzular

Bu barədə daha geniş