Mətbuat icmalı: Milli Şura Müstəqillik Gününü qeyd edib

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Bakının daimi yağış ''mənzərələri''

Axşam saatlarından başlayan aramsız yağışlar yenə də Bakının müxtəlif qəsəbələrində, küçələrində hərəkəti iflic edib.

"Artıq hər dəfə yağışdan sonra Bakıda görməyə öyrəşdiyimiz bu mənzərəyə şərh yazmağa ehtiyac qalmır..." qəzet yazır.

Qəzet Bakının müxtəlif yerlərində yağışdan sonra yaranmış görüntüləri yayımlayıb.

"Azadlıq": Milli Şura Müstəqillik Gününü qeyd edib

Oktyabrın 16-da Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illliyi ilə əlaqədar Milli Şura üzvləri və AXCP fəalları Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri və mərhum prezident Əbülfəz Elçibəyi Fəxri Xiyabanda məzarı başında yad ediblər.

"Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və istiqlalçı deputat İbrahim İbrahimli müstəqillik günü ilə bağlı öz xatirələrini və Azərbaycanda demokratiyanın bərpa olunması üçün mübarizənin davam etdirilməsindən danışıblar.

Daha sonra 20 Yanvar və Qarabağ şəhidləri də tədbir iştirakçıları tərəfindən ziyarət edilib," xəbərdə deyilir.

"Xalq qəzeti": Dünya Azərbaycanlı İş Adamları Birliyi təsis ediləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti APA-ya bildirib ki, oktyabrın 28-29-da Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın soydaşımız iştirak edəcək.

Forumda Türkiyə, Almaniya, Ukrayna, Rusiya və Qazaxıstandan xeyli sayda iş adamının iştirakı gözənilir. Ən böyük nümayəndə heyəti ilə (40 nəfərdən çox) Rusiyadan olan azərbaycanlı iş adamları qatılacaqlar.

"Forumda kənd təsərrüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, toxuculuq, bank sektoru və başqa sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları iştirak edəcəklər.

Qida sektoru, tikinti və inşaat, informasiya kommunikasiya texnologiyaları, toxuculuq-tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir. Toplantıda ümumilikdə 300-dən çox nümayəndənin iştirakı planlaşdırılır.

Forum Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək," deyə məlumatda bildirilir.

Əlaqəli mövzular