İran hərbi gəmiləri Bakı dəniz limanındadır

Bu gündən İran hərbi gəmilərinin Azərbaycana dostluq səfərinin başlayacağı gözlənilir Fotonun müəllifi AFP
Image caption Bu gündən İran hərbi gəmilərinin Azərbaycana dostluq səfərinin başlayacağı gözlənilir

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmiləri Bakı limanındadır.

Bu İran hərbi dənizçilərinin Bakıya ilk səfəridir. Paytaxt buxtasında təşkil olunmuş rəsmi mərasimdə qonaqları Azərbaycanın hərbi orkestri qarşılayıb.

"Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq", Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bağırov bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.

Müdafiə Nazirliyinin sözçüsü, Vaqif Dərgahlı səfərlə bağlı əlavə məlumat üçün hərbi gəmilər Bakı limanına çatdıqdan sonra jurnalistlərin görüşə dəvət ediləcəyini deyir.

Oktyabrın 21-nə qədər davam edəcək səfərdə hərbi gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Fars xəbər agentliyi bu səfər haqqında yazanda vurğulamışdı ki, oktyabrın 16-da yola çəxan İranın hərbi gəmiləri "sülh mesajı ilə" Bakı limanına gəlir.

Hərbi dəniz donanmasının dördüncü dəniz qüvvələrinin kontr-admiralı Əfşin Reza bildirib ki, hərbi donanmanın gəmiləri ildə bir dəfə Xəzər dənizinin limanlarına bu cür səyahətlər edir.

Bu barədə daha geniş