1918-1991: Bir müstəqilliyin iki bəyanı

Bakı 1991 Fotonun müəllifi ANATOLY SAPRONENKO/ Getty
Image caption Moskvada çevrilişin iflasından iki ay sonra, 1991-ci il, oktyabrın 18-də Azərbaycan da öz müstəqillyiini elan edib

25 il əvvəl bu gün Azərbaycan çökməkdə olan Sovet İttifaqından özünün müstəqillyini bəyan edib. Bu Azərbaycan Respublikasının ikinci doğuluşu idi. Birinci istiqlal bəyannaməsi 27 may 1918-ci ildə elan olunmuşdu.

Bu iki bəyannamə arasında bəzi maraqlı bənzərliklər və fərqlər var. Bununla belə bir bənzərlik diqqəti xüsusilə cəlb edir. Hər iki müstəqillik mərkəzi Rusiya olan sistemlərin çökməsindən doğmuşdu.

Hər iki halda köhnə system keçid prosesinə məruz qalmışdı. Rusiya imperiyasına 1917-ci ilin fevral inqilabı ilə son qoyulmuş, Rusiya çoxpartiyalı parlament respublikasına çevrilmişdi. Yeni sistem elan edilsə də, sonadək qurulmamışdı.

Həmçinin bax:

O zaman yeni Rusiya Respulikasının rəhbərləri davam etməkdə olan Dünya Müharibəsindən sonra başqa xalqlara müəyyən hüquqlar veriləcəyini vəd etmişdilər.

Qeyri-ruslara hüquqlar

Onlar deyirdilər: "Elə ki, müharibədə qalib gəldik, qeyri-ruslara hüquqlar verəcəyik". Hərçənd kimə nə pay düşəcəyi aydın deyildi. Lakin Qafqazda bu regionun yeni demokratik ittifaqın tərkib hissəsi ola bilmək ümidləri qalırdı.

Buna baxmayaraq yeni sitemin quruculuğu başa çatmamışdı. Hakimiyyət öz rəqiblərilə vuruşmaq üçün çox kövrək idi. Rusiyanın yeni respublikasının ömrü səkkiz aydan da az olmuşdu. Yeni respublikanın düşmənlərindən biri olan bolşeviklər bu respublikaya inqilabla son qoymuşdular. Onlar 1917-ci ilin oktyabrında birpartiyalı respublika qurmuşdular.

Paytaxt Sankt Peterburqda baş vermiş bolşevik inqilabı və ya çevrilişi Qafqazdakı olub-qalan ümidlərə də son qoydu. Heç kəs yeni bolşevik Rusiyasının və başlanmaqda olan vətəndaş müharibəsinin içində olmaq istəmirdi. Regionun üç xalqı, Azərbaycan da daxil 1918-ci ilin mayında müstəqilliklərini elan etdilər.

Sistemin çöküşü

1991-ci ilin bəyannaməsi də mərkəzi rusiyada olan siyasi sistemin çökməsi ilə gəldi. Əvvəlcə bu sistem 1917-ci ildə olduğu kimi keçid dövrünü yaşadı. Sovet İttifaqı Kommunist Partiyasının sonuncu baş katibi Qorbaçov 1985-ci ilin martında hakimiyyətə gəlməsi ilə keçid prosesinə başlamışdı.

İslahatlar əvvəlcə iqtisadiyyat sahısində olsa da, sonradan çox tezliklə siyasi sahəyə genişləndi. Bu keçid mərhələsində hələ ümid vardı ki, islah edilmiş ittifaq davam edə bilər. 1991-ci il martın 17-də keçirilmiş referendumda Azərbaycan əhalisinin əksəriyyəti islah olunmuş Sovet ittifaqının saxlanmasına tərəfdar olmuşdu. Qafqazdakı ilk müstəqillik bəyannaməsi 1991-cin ilin aprelində Gürcüstandan səslənmişdi.

Fotonun müəllifi ATTILA KISBENEDEK/AFP/Getty Images
Image caption Qorbaçev SSRİ-nin ilk və sonuncu prezidenti olmuşdu.

Azərbaycan və Ermənistan Gürcüstandan nümunə götürməmişdilər, amma yeni sistem də artıq çökmüşdü. Bu sistem düşmənləri ilə döyüşəcək qədər güclü deyildi. Düşmənlərdən biri də dəyişiklik istəməyən mühafizəkar bolşeviklər idi. Onlar 1991-ci ilin avqustunda Moskvada çevrilişə və ya əks-inqilaba cəhd etmişdilər.

Çevriliş baş tutmasa da, keçid dövrünə son qoymuşdu. Bu cəhd Qafqazda yeni islah edilmış demokratik ittifaq arzularını da bitirmişdi. Heç kəs Rusiyadakı təlatümün içində qalmaq istəmirdi. Bir ay sonra, 21 sentyabrda Ermənistan ittifaqı tərk etmişdi.

Yeganə çıxış yolu - müstəqillik

Moskvada çevrilişin iflasından iki ay sonra, 1991-ci il, oktyabrın 18-də Azərbaycan da öz müstəqillyiini elan etmişdi. O vaxt İttifaqın tərkibində cəmi üç respublika qalmışdı: Rusiya, Türkmənistan və Qazaxıstan. Qalanları Sovet ittifaqı adlı kommunal mənzili tərk etmişdilər.

Azərbaycanda iki istiqlal bəyannaməsini bir-birindən əsrin dörddə üçü ayırırdı. Lakin istiqlala açılan yol bu iki bəyannaməni birləşdirir.

Birincisi köhnə sistemin mərkəzindəki mərkəzi dinamika bitmişdi. O zaman arada kövrək bir keçid mərhələsi vardı. Bu keçid dövründə regionda Azərbaycan da daxil islah olunmuş yeni itifaqa dəstək vardı. Bu ara və ya keçid dövrü mərkəzdəki daha bir hakimiyyət toqquşması ilə başa çatdı.

Bu ikinci, həlledici zərbə islah olunmuş ittifaqa olan ümidlərə son qoydu. Bircə çıxış yolu qalırdı: Müstəqilliyi bəyan etmək.

Əlaqəli mövzular

Bu barədə daha geniş