İlham Əliyev - Dağlıq Qarabağ, silahlar və referendum barədə

Dmitri Kiselyov və İlham Əliyev Fotonun müəllifi President.az
Image caption Prezident Əliyevlə müsahibəni "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyov edib

"Mən Azərbaycanda və ölkədən kənarda gedən söz-söhbətlərdən xəbərdaram. Bizim prezident seçkilərinin tarixini dəyişməklə bağlı planlarımız yoxdur, buna ehtiyac görmürəm", prezident Əliyev Sputnik agentliyinə müsahibəsində deyib.

"Mənim növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəlincə deyim ki, növbəti prezident seçkiləri iki ildən sonra baş tutacaq və bu haqda indi nə isə demək çox tezdir. Əgər məni xalq bu gün dəstəklədiyi kimi dəstəkləsə, əlbəttə mən bu etimadı doğrultmağa çalışacam!", İlham Əliyev müsahibəsində deyib.

26 sentyabrda keçirilən referendumda Konstitusiyaya olunan dəyişikliklərə əsasən prezidentlik müddəti 5 ildən 7 ilə qədər uzadılıb və prezidentliyə namizədliyin yaş həddi 18-ə endirilib, o cümlədən vitse-prezident vəzifələrinin yaradılması da yüksək səs faizi ilə qəbul edilib.

Silah alışı

İlham Əliyev Rusiya və Azərbaycan müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlığın inkişafından razı olduğunu bildirib.

"Bu sahədə bizim əsas tərəfdaşımız Rusiyadır. Əgər səhv etmirəmsə Rusiya ilə imzalanan müqavilələrin dəyəri 5 milyard dollar həcmindədir və bu müqavilənin çox hissəsi artıq reallaşıb. Azərbaycan hərbisində olan silahların əksəriyyəti Rusiyanındır. Biz əməkdaşlıqdan razıyıq və Rusiya silahlarının əsas alıcısıyıq", prezident Əliyev deyib.

Prezident müsahibəsində Türkiyə, İran, Belarus və İsraildən silah aldığını qeyd edərək əlavə edib ki, hazırda silah istehsalı ilə bağlı Pakistanla əməkdaşlığın əsası qoyulsa da, bu, Rusiya ilə əlaqələrə təsir etməyəcək.

2003-cü ildə rəsmi Moskva Bakı ilə müdafiə sənayesi sahəsində razılaşma imzalayıb.

Dağlıq Qarabağ

İlham Əliyev bildirib ki, Azərbaycanın ərazisinin bütövlüyü müzakirə mövzusu olmayıb və olmayacaq: "Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir".

"Amma ağıllı kompromis mümkündür: Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investəsiya layihələrinin həyata keçirilməsi.

Dağlıq Qarabağ muxtar vilayətinin hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır."

Onun sözlərinə görə, münaqişənin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan hər vəhclə 24 ildir ki, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik istənilən irəliləyişin də qarşısını alır."

Cənab Əliyev bildirib ki, bundan əlavə güzəştə gedilə bilməz.

"Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz, Dağlıq Qarabağın yerli özünüidarəetmə məsələləri üzrə kompromis ola bilər, ancaq gələcəkdə razılığa gəlsək, bu, muxtar respublika ola bilər.

Ermənistan rəhbərliyi bunu çox gözəl bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edirlər, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edirlər. Belə obraz yaradırlar ki, Azərbaycan az qala erməni əhalisini məhv etmək ya da qovmaq istəyir. Bu belə deyil."

Münaqişənin həllinin yaxın zamanlarda mümkün olub-olmayacağı barədə cənab Əliyev söyləyib ki, bu, bizdən asılı deyil.

"...danışıqların formatı var, danışıqlar gedir, Ermənistan hər vasitə ilə bloklayır. bağlayır. Müəyyən mərhələdə ortaya elə şərtlər atılır ki, əvvəlcədən də bilirlər ki, onlar bizim üçün qəbuledilməzdir."

"Və beləliklə danışıqlar yenə də "non-stop" olur. Niyə? Çünki həll etmək istəmirlər və ya hansısa daxili siyasi səbəblərə görə edə bilmirlər, ya cəsarətləri çatmır, ya da istəmirlər, bəlkə, hər ikisidir.

Vasitəçilər, dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının daimi üzvləri bizə deyirlər: Sülh yolu ilə həll etmək lazımdır", cənab Əliyev bildirib.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş