Azadlıq qəzetinin nəşri bir aydan artıqdır dayanıb

Bank əməliyyatının uzadılması səbəbindən Azadlıq qəzetinin nəşri uzadılır Fotonun müəllifi STRINGER/ Getty
Image caption Bank əməliyyatının uzadılması səbəbindən Azadlıq qəzetinin nəşri uzadılır

Bir ay gözləyəndən sonra bank bu gün zəng edib məndən əlavə sənəd istəyir və məsələ uzanır, Azadlıq qəzetinin baş redaktor müavini Rahim Hacıyev BBC Azərbaycancaya müsahibəsində deyib.

"Biz banklara sənəd təqdim edəndə o vaxtı dedilər ki, baş idarədə araşdıralacaq ondan sonra deyiləcək. Yalnız bir aydan sonra mənə zəng edib başqa şey istədilər. Təsəvvür edirsiniz, bir ay sonra", qəzet rəsmisi bir ay əvvəl təqdim olunan sənədlərlə bağlı hər hansı tələbin olmadığını vurğulayır.

Onun sözlərinə görə, bank indi tələb olunan sənədlər təqdim olunandan sonra "bir neçə günə cavab verəcək".

Bu ilin sentyabrın 6-dan Azadlıq qəzetinin çapı dayanıb. Buna səbəb qəzetin maliyyə direktoru Faiq Əmirli həbs olunduğuna görə qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun onu əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.

Azadlıq qəzetinin maliyyə direktoru və AXCP sədrinin müavini Faiq Əmirli, Baş Prokurorluqda "Fethullah Gülenin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın Azərbaycanda "fətullahçılığı" təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə" başlanılan cinayət işi ilə bağlı həbs olunub.

Cənab Hacıyevin sözlərinə görə, imza ilə bağlı problem həllini tapsa da indi hesablarının yerləşdiyi bankla bağlı "problem yaradılır və proses sadəcə uzadılır".

Onun sözlərinə görə qəzetin çapı ilə bağlı yaranan çətinliyi həll etməkdən dolayı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov sentyabr ayında onlara "imkanı daxilində kömək edəcəyini vəd edib".

"Bir neçə dəfə özü ilə əlaqə saxlanılıb və özü də əlaqə saxlayıb. Hətta bir dəfə sentyabrın sonlarında bildirdi ki, yaxın günlərdə həll olunacaq, amma hələ də bir şey həll olunmayıb", cənab Hacıyev əlavə edir.

Rahim Hacıyev əlavə edir ki, "Qasid" firması onlara olan 69 min manat borcu illərdir ödəmir və bu, qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunu qaytarmaqda çətinliklər yaradır.

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov şərh verməkdən yayınıb.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2013-cü ildən etibarən Azadlıq qəzeti ilə əməkdaşlığını kəsərək maliyyə yardımını dayandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş