Mətbuat icmalı: Siyasi məhbusların yenilənmiş siyahısı açıqlanıb

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 17-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.

"Hərbçilərimiz oktyabrın 20-dək İtaliyanın Brindizi şəhərində amfibiya qüvvələri üzrə ekspert görüşünə, ayın 21-dək isə Latina şəhərində maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursa qatılıblar. Bundan başqa, oktyabrın 21-dək Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşündə və oktyabrın 23-dək Slovakiyanın Zemyanske Kostolani şəhərində davam edəcək "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursunda da hərbi qulluqçularımız iştirak edirlər," deyə məlumatda bildirilir.

Silahlı Qüvvələrimizin təmsilçilərinin, oktyabrın 27-dək Litvanın Kaunas şəhərində qərargah tibb zabitləri üçün təməl kursuna və oktyabrın 28-dək Çexiyanın Vişkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursuna da qatıldığı bildirilir.

"Azadlıq": BMT-də Azərbaycanda insan haqlarının durumu müzakirə edilir

Oktyabrın 20-si və 21-i BMT-nin İnsan Haqları Komitəsi CenevrədəAzərbaycanda insan haqlarının vəziyyətini müzakirəyə çıxaracaq.

Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər.

"Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 dövlətdən biri kimi, Azərbaycandakı vəziyyətin nəzərdən keçirilməsi tələb olunur.

18 beynəlxalq müstəqil üzvdən ibarət olan Komitə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktıyla bağlı bir sıra məsələləri müzakirə edəcək. Üzvlər həmçinin QHT nümayəndələri ilə brifinq keçirəcəklər," deyə xəbərdə bildirilir.

Azərbaycan insan haqları üzrə öhdəliklərinin həyata keçirilməsi ilə bağlı Komitəyə hesabat təqdim edib. Bir sıra qeyri-hökumət təşkilatları da Komitəyə hesabat verib.

Azərbaycan və digər ölkələrlə (Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya və Mərakeş) bağlı nəticələr noyabrın 4-də nəşr olunacaq.

"Azadlıq": Siyasi məhbusların yenilənmiş siyahısı açıqlanıb. Siyahıda 94 nəfərin adı var

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupun oktyabrın 17-də açıqladığı hesabatda belə deyilir ki, Azərbaycanda siyasi məhbus olaraq tanınmış şəxslərin sayı 94-dür. "Onlardan 6-sı jurnalist, bloqçu, 2-si şair, yazar, 1-i hüquq müdafiəçisi, 5-i gənc fəal, 5-i siyasətçi, 61-ı inanclı fəal, 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş şəxslərdir. 11 şəxs isə digər kateqoriyalara aiddir".

"Hesabatda ümumilikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrup 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır.

...İşçi Qrup vurğulayır ki, ölkədə siyasi məhbusların sayının əslində qat-qat çox olduğu qənaətindədirlər," məlumatda deyilir.

"Lakin ölkədə hökm sürən repressiv mühit üzündən həbs olunan çox sayda insanlar işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda vəkillərin olmaması ucbatından müdafiənin təmin edilməməsidir", deyə İşçi Qrup vurğulayır.

Qrup qeyd edur ki, siyasi məhbusların vahid siyahısının hazırlanmasında əsas məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, onların azad edilməsindən ötrü ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.

Siyasi məhbusların təsnifatı apararkən İşçi Qrupun Avropa Şurası Parlament Assambleyasının 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslandığı bildirilir.

Daha sonra yazıda həmin meyarlar sadalanır.

"İşçi Qrupun fəaliyyətini hüquq müdafiəçiləri, keçmiş məhbuslar İntiqam Əliyev və Rəsul Cəfərov əlaqələndirib.

Siyahıya 20-dən artıq hüquq müdafiəçisi, QHT rəhbəri, hüquqşünas imza atıb," deyə məlumatda qeyd edilir.

fins.az: Rövnəq Abdullayev: "Növbəti istiqrazlarda indiki "cənnət şərtləri" olmayacaq"

Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images
Image caption SOCAR istiqrazlarının növbəti buraxılışı 2017-ci ildə ola bilər, Rövnəq Abdullayev bildirir.

SOCAR prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının satışının yekunlaşması və təkrar bazarda satışına başlanmasına həsr olunmuş mətbuat konfransında bildirib ki, SOCAR istiqrazlarının növbəti buraxılışı 2017-ci ildə ola bilər, amma həmin istiqrazların faizləri və şərtləri indiki kimi yüksək olmayacaq. O qeyd edib ki, hazırda buraxılan SOCAR-ın ilk istiqrazlarına yüksək əlavə təminatlar verilib. Bu istiqrazları market meyker nominal qiymətdən alacaq və istiqraza sahibləri heç bir itkiyə məruz qalmayacaqlar. "Növbəti buraxılışda isə belə «cənnət şərtləri» olmayacaq," Rövnəq Abdullayev deyib.

SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu qeyd edib ki, növbəti buraxılışların həcmi bazardakı likvidlikdən və tələbatdan asılı olacaq: "Amma növbəti istiqraz buraxılışının həcmi birincidən yüksək olacaq, təqribən 200-300 milyon dollar həcmində güman etmək olar."

"Azadlıq": Balıq göllərinin ləğvi oliqarxlardan yan keçəcək

Balıq yetişdirmək üçün yaradılan süni göllərin əksəriyyəti bağlanacaq. Məsələ bu günlərdə, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması siyasəti çərçivəsində gündəmə gəlib. Ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilərin əkin fonduna veriləcəyi gözlənilir. Buna səbəb kimi isə süni yaradılan balıqçılıq göllərinin torpağın münbit qatına ziyan verməsi göstərilir.

"Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, araşdırmalar nəticəsində indiyədək respublika üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlinir.

Belə süni göllər bəzən min hektarlarla əraziləri tutur və nəticədə, kəndlərdəki münbit torpaq sahələri sürətlə göllərdən sızan suların hesabına şoranlaşaraq məhv olur. Ona görə də, faktiki olaraq torpağını əkib becərə bilməyən ailələrin dolanışığı pisləşir.

Süni göllərin ləğvi artıq balıq satışına təsir edib. Bazarda satılan yerli istehsal olan balıqların qiymətində 50 qəpik 1 manat arası dəyişiklik var," deyə yazıda qeyd edilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, hökumət bu sahədə guya oliqarxların olduğunu iddia edir və balıq göllərini ləğv edir. Həmin rayonlarda oliqarxlar da balıqçılıqla məşğul olurlar. Onların da burada böyük həcmli sahələri var. Ancaq V.Məhərrəmovun sözlərinə görə, oliqarxların sahələri bu ləğv etmə qərarından çox uzaqdır: "Əksinə oliqarxların sahələri daha da genişlənəcək və onlar balıqçılıqla məşğul olmaqda davam edəcəklər. Əslində bununla oliqarxların fəaliyyəti qanunlaşdırılır. Söhbət nazir səviyyəsində olan məmurlardan gedir. Gölləri ləğv ediləınlər isə kimsəsiz, bu işlə çörək puluna görə məşğul olanlar ziyan çəkəcək. Bu da imkan verəcək ki, bu sahə tam çəkildə oliqarxların əlində cəmləşsin. Bundan sonra istehsalı, emalı, idxalı da oliqarxlar həyata keçirəcək. Nəticədə bazarda qiyməti məhz onlar diqqtə edəcək".