BMT: Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilib

BMT Fotonun müəllifi webtv.un.org

Cümə axşamı günü Cenevrədə BMT-nin insan haqları komitəsi Azərbaycanda insan haqlarının vəziyyətinə baxıb və bəzi məsələləri müzakirə edib.

Dövlətə ünvanlanan qeyd və sualların əksəriyyətində qeyd olunub ki, qanunvericiliyin özündə böyük problem olmasa da, onun necə yerinə yetirildiyi suallar doğurur.

Məruzəçilərin çoxu qadın haqlarını dilə gətirib, qadınlara qarşı zorakılıq hallarının artdığını qeyd ediblər.

Azərbaycan nümayəndə heyəti cavablarında qeyd edib ki, bəzi sual və qeydlər "reallıqdan uzaqdır", hətta "mifdən belə uzaqdır".

LGBT haqları və azyaşlıların cinsi əlaqəsi

"Polis bölmələrində və həbsxanalarda LGBT üzvlərinə qarşı zorakılıq halları barədə məlumatlar var", əsasən LGBT məsələləri barədə danışan cənab Rodriguez-Racea bildirib.

"Dövlətin cavabı formal olub. Sadəcə deyilib ki, Azərbaycan konstitusiyasına əsasən hamı bərabərdir. Əminəm ki, elədir, amma narahatlıq doğuran məsələ, LGBT-ə qarşı reallıqda baş verənlərdir".

"Azərbaycanda qurumlarda və cəmiyyətdə mövcud stereotiplər və patriarxal mövqelər mövcuddur", o deyib.

O qanunvericilikdə 16 yaşından aşağı olanlara cinsi əlaqədə olmağın qadağan olub-olmamasını sual edib.

"Bizim statistika göstərir ki, buna icazə verilir və bəzi evliliklər rəsmən qeydə alınmasalar da, baş verirlər".

Qadınların cəmiyyətdə yeri

Onun sözlərinə görə, Azərbaycanda ictimai sektorda işçi qüvvəsinin təxminən ¼ qadınlardır, və qadınlar kişilərə nisbətən maaşın 67 faizini alır.

Buna cavab olaraq Azərbaycan nümayəndə heyətindən Nicat Məmmədli qeyd edib ki, Azərbaycan dünyanın "ən inklüziv" ölkələrindən biri kimi tanınır. Ölkədə ikisi Bakıda, yeddisi isə rayonlarda olmaqla, bir sıra qadın sığınacaqları var.

Ailə və Qadınlar üzrə Dövlət Komitəsi isə erkən nikah məsələsilə məşğuldur, o deyib, və ölkədə təlim və maarifləndirmə tədbirləri keçirilir, dövlətin cavabında deyilir.

"Bu məsələ daha çox rayonlarda aktualdır", deyə cənab Məmmədli əlavə edib.

Dövlətin cavabına əsasən "2013-cü ildə cinsi selektiv abortların azaldılması üçün layihə həyata keçirilib, bu problemləri aradan qaldırmaq üçün mərkəzlər yaradılıb".

Digər BMT məruzəçisi ölkədə həbs olunan və ya saxlanılanların işgəncəyə məruz qalması barədə məlumatları dilə gətirib.

Hakimiyyət bu halları "qeydə almır", o deyib. Burada Bəhruz Əliyev, İlqar Məmmədov və Leyla Yunusun adları çəkilib.

Hakimiyyət isə işgəncə halları barədə məlumat almadığını deyir.

Referendum və məcburi köçkünlər

Çingiz Əsgərov referendum məsələsinə toxunaraq deyib ki, sentyabrın 26-da keçirilən səsvermədən sonra konstitusiya dəyişiklikləri ötən həftə qüvvəyə minib, bu dəyişikliklər isə xüsusilə də əlilliyi olan insanların haqlarını "gücləndirir".

Onun sözlərinə görə, dəyişikliklərin qüvvəyə minməsində Venesiya Kommisiyasının qeydləri də nəzərə alınacaq.

Məcburi köçkünlərə gəldikdə, məruzəçilər dövlət tərəfinə "detallı cavablara" görə minnətdarlıq bildlrib.

Bu məsələdə təkcə Dağlıq Qarabağ münaqişəsinə görə deyil, təbii fəlakətlərə görə də köçkün düşən adamların olduğu qeyd olunur, lakin həmin adamların əksəriyyətinə məcburi köçkün statusunun verilməməsi deyilir.

"1999-cu il qanununa görə məcburi köçkünlərin uşaqları da məcburi köçkün statusunu alır, buna görə də məcburi köçkünlərin sayı daim artmaqdadır".

Dövlət tərəfi məcburi köçkünlərə gəldikdə heç bir ayrı-seçkiliyin olmadığını deyir.

Müzakirələr cümə günü davam edəcək.

Əlaqəli mövzular