Mətbuat icmalı: 18 beynəlxalq təşkilat "Azərbaycan hökumətinə qarşı"

Fotonun müəllifi Getty Images

"Azadlıq": 18 beynəlxalq təşkilat Azərbaycan hökumətinə qarşı

18 beynəlxalq təşkilat Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinə birgə məktub yazaraq, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılmasına çağırış edib. Məktubda deyilir:

Məktubda qeyd edilir ki, 2015-ci ilin aprelində EİTİ Azərbaycanın statusunu əvvəlki tamhüquqlu üzvdən namizəd üzvə endirmiş və ölkənin statusunu bərpa edə bilməsi üçün tədbirlər planı hazırlamışdı. Prezident Əliyev vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulan məhdudiyyətləri etiraf edərək onları aradan qaldırmağa söz vermişdi.

"...Hökumət son aylar vətəndaş cəmiyyətinə qarşı yeni repressiyalar başladıb.

Hökumət Azərbaycanın EİTİ QHT Koalisiyası təmsilçilərinə təzyiqlər etməklə, onların EİTİ-nin qarşıya qoyduğu məqsədlərə effektiv töhfələr verməsinin qarşısını alır," deyə məktubda yazılıb.

Məktubda daha sonra EİTİ QHT Koalisiyasının üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlının saxta ittihamlarla həbs olunması, Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun "Ölkə adı: 22" romanının kitab mağazalarında satışına qadağa qoyulması, EİTİ Koalisiya Şurasının üzvü Oqtay Gülalıyevin səyahət qadağası ilə üzləşməsi barədə məlumat verirlir.

Qeyd edilir ki, koalisiyanın üzvləri Zöhrab İsmayıl, Elçin Abdullayev və Səbuhi Qafarov həbsə düşməmək üçün 2014-cü ildə QHT-lərə qarşı başlanan cinayət işinə görə ölkəni tərk etməyə məcbur olublar. "Rəsul Cəfərov və İntiqam Əliyev də daxil olmaqla, bir neçə QHT sədri o vaxtı bu cinayət işi ilə əlaqədar həbs edilmişdi.

Məhdudlaşdırıcı QHT qanunları da QHT-lərin fəaliyyətinə maneə törədir. Bakıdakı müstəqil üzvlərin fəaliyyət imkansızlığı Koalisiyada hökumət yönlü QHT-lərin sayının artmağına gətirib çıxarıb. Bu da hökumətə imkan verib ki, EİTİ çərçivəsinə QHT-lərin fəaliyyətini nəzarətdə saxlasın," məktubda deyilir.

Məktubu imzalayan beynəlxalq təşkilatlar EİTİ İdarə Heyəti üzvlərini aşağıdakı məsələlər həll edilənə qədər Azərbaycanın təşəbbüsə üzvlüyü dayandırmağa çağırırlar:

"QHT-lərin fəaliyyətini məhdudlaşdıran QHT qanunları ləğv edilsin və vətəndaş cəmiyyəti üçün normal iş mühiti yaradan qanunlar qəbul edilsin;

Xarici maliyyələşmə üçün QHT-lərə qoyulan lüzumsuz tələblər aradan qaldırılsın;

EİTİ üzvləri Fuad Qəhrəmanlı və Asif Yusifli də daxil olmaqla, dərhal və qeyd-şərtsiz Azərbaycandakı bütün siyasi məhbuslar azad edilsin;

Müstəqil QHT-lərə və hökumət tənqidçilərinə təzyiq məqsədilə cinayət işlərinin quraşdırılması ənənəsinə son qoyulsun, QHT və onların sədrlərinin bank hesabları açılsın, hökumət tənqidçilərinin kitablarının satışına və xaricə səyahətlərinə qoyulan qərəzli qadağalar aradan qaldırılsın.

Vətəndaş cəmiyyəti təşkilatlarının işinə maneə yaradan qeydiyyat prosedurları sadələşdirilsin.

Məktubu imzalamış beynəlxalq təşkilatlar arasında "ARTICLE 19", "Civil Rights Defenders", "Crude Accountability", "Freedom House", "Freedom Now", "Human Rights House Foundation", "Index on Censorship", Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi "PEN America", "PEN International" kimi qurumların adları var.

"Xalq qəzeti": Əli Həsənov: "1991-1993-cü illər Azərbaycanda "müstəqilliyin itirilmiş imkanlar dövrüdür"

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı APA və Trend agentliklərinə müsahibə verib.

O deyib ki, 1991-ci ildə Azərbaycan SSRİ-nin kommunist ideologiyasından imtina etsə də, xalqı səfərbərliyə alan, onun milli identikliyini, yaratdığı dövlətin xarakterini, mənəvi dəyərlərini qoruyub saxlayacaq yeni idarəçilik sistemi ortaya qoyulmadı. "Keçmişin qalıqları adı altında elmi, intellektual, mənəvi, ictimai dəyərlərdən kütləvi imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi bir ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən, 1991-ci ildən 1993-cü ilin ortalarına qədər Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin və xalqın siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Beləliklə, cənab Prezidentin ifadə etdiyi kimi, 1991-1993-cü illər Azərbaycanda "müstəqilliyin itirilmiş imkanlar dövrü" kimi tarixə qovuşdu," deyə o bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin alternativi olmayan siyasəti nəticəsində respublikamız 2003-2016-cı illər ərzində sosial-iqtisadi, mənəvi-mədəni və digər sahələrdə böyük nailiyyətlər əldə edib, regionun lider dövləti olaraq dünya birliyində böyük hörmət və nüfuz qazanıb. "Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə respublikamız öz inkişafının keçid dövrünü başa vurmuş, ictimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizmin getdikcə dərinləşməsi, iqtisadi həyatın liberallaşması, sahibkarlıq institutlarının yaradılması, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi və s. sahələrdə böyük nailiyyətlər əldə etmişdir.

...Ölkəmizdə həyata keçirilən düzgün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir dövrün tələblərinə uyğunlaşdırmışdır," Əli Həsənov deyib.

Prezidentin köməkçisi hesab edir ki, həm Avroatlantik, həm də regional təhlükəsizlik strukturları ilə tərəfdaşlıq kursu götürməsi Azərbaycanı dünyanın və regionun təhlükəsizlik maraqlarında "ciddi bir aktora" çevirib və transmilli hərbi-strateji maraqların mərkəzinə çıxarıb.

"Yeni Müsavat": Əsgər ölümündə ittiham olunan hərbçilərə hökm oxundu

Fövqəladə Hallar Nazirliyinin Bilәcəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun ölümü, həmçinin orada 50-yə qədər əsgərə işgəncə verilməsi iddiası ilə əlaqədar 10 aydır ki, davam edən məhkəmə prosesi ötən gün yekunlaşıb. Təqsirləndirilən şəxslərə hökm oxunub.

"Bakı Hərbi Məhkəməsində hərbi hissənin manqa komandiri olmuş üç nəfərә cәza kәsilib. Təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay azadlıqdan məhrum ediliblәr. ...İttihama görə, hökm oxunan manqa komandirləri əsgərləri, o cümlədən Tapdıq Babaşovu müxtəlif səbəblərə görə döyüblər.

İttiham aktında qeyd edilir ki, hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri Ruslan Cavadov onu elə ayaqyolunda döyüb. Sonra isə çəkməsinin ipi ilə boğub," yazıda deyilir.

Son sözündə Ruslan Cavadov əsgər Babaşovu döyməsi və bundan sonra onun intihar etməsi barədə ittihamda yazılanların yalan olduğunu deyib.

"Allaha and olsun ki, yalandır. Müstəntiq mənə dedi ki, boynuma götürməsəm, məni MTN-ə göndərəcək. Orada da başıma oyun açacaqlar. Məni "butılka" ilə hədələdi. Hərbi hissənin kamera görüntülərini gətirmədilər ki, əslində, orada nə olduğu görünsün. Buradakı ifadələrdən də məlum oldu ki, hadisə baş verəndə mən başqa yerdə olmuşam. ...Ona görə üzümü tutub Tapdığın anasına deyirəm, get, oğlunun qatilini axtar tap, amma bil ki, bu iş mənlik deyil," Ruslan Cavadov deyib.

Təqdirləndirilən Cavadovun vəkili Şəfiqə Nağıyeva isə müdafiə çıxışında hərbi hissənin dəhlizlərində olan kamera görüntülərinin araşdırılmadığını deyib. "Necə ola bilər ki, hərbi hissədə əsgərlərə mütəmadi işgəncə verilsin, amma bundan rəhbərliyin xəbəri olmasın? Burada dindirilən əsgərlərdən biri dedi ki, Tapdıq Babaşovun ölümündən əvvəl ayaqyolundan iki nəfər naməlum mülki şəxs çıxıb. Kim olub onlar, niyə araşdırılmadı? Niyə hərbi hissənin rəhbər şəxsləri çağrılıb dindirilmədi? Ana övladını hərbi xidmətə göndərəndə dövlətə əmanət verir, daha vermir ki, gedib ölsün. Burada təqsirləndirilən şəxslərin yanında mütləq hərbi hissənin rəhbər şəxsləri də oturmalı idi", deyə vəkil bildirib.

Əlaqəli mövzular