İlham Əliyev Minsk qrupu həmsədrləri ilə görüşüb

Minsk qrupu həmsədrləri ilə görüş Fotonun müəllifi President.az

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə edib, president.az saytı yazır.

Həmsədrlər - James Warlick, İqor Popov və Pierre Andrieu və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk ötən gün Bakıya gəlib.

Şənbə günü mətbuat konfransı keçirən ABŞ-dan olan həmsədr - James Warlick bildirib ki, Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "yaxşı imkan" yaranıb.

"Bakıda və Yerevanda bu istiqamətdə danışıqları davam etdirəcəyik", APA həmsədrin sözlərini yazır.

Münaqişənin sülh yolu ilə həlllini nəzərdə tutan cənab Warlick prezidentlərlə müzakirələrin mövzularını açıqlayıb.

"Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. "

Onun sözlərinə görə, prezidentlərlə görüşlərdə onların növbəti görüşünün yeri və vaxtının müəyyənləşdirilməsi barədə müzakirə aparılacaq.

"Prezident İlham Əliyevin görüşə razılıq verməsini alqışlayırıq", səfir Warlick qeyd edib.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.

Minsk qrupu 1992-ci ildən bu münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparır.

Əlaqəli mövzular